İmam Mehdinin (ə) dünyamiqyaslı inqilabı zamanı baş verəcək hadisələr
Zühurdan söz düşdükdə, insana könül rahatlığı gəlir, sanki onun daxilində yaşıl bir yamac, axar bir çayın kənarında oturmuş və bülbüllərin gözəl səslərini dinləyirmiş kimi bir duyğu oyandırır. Bəli, gözəlliklərin zühuru və yaxşılıqların yayılması yorğun haqq yolçularına sevinc bəxş edir və ümid bəsləyənlərin gözlərindəki sevinc hərarətini işıqlandırır.
“İmam Mehdi (ə) nə vaxt qiyam edəcək? Görəsən, onun qıyamı üçün bir vaxt təyin olunubmu?” – kimi suallar, hələ də insanların zehnlərini məşğul etməkdədir. İmam Mehdinin (ə) haçan zühur edəcəyi insanlardan gizli, ilahi bir sirdir. İmam Sadiq (ə) bu haqda buyurmuşdur: “Biz nə keçmişdə zühur üçün bir vaxt təyin etdik, nə də gələcəkdə də bir vaxt təyin edəcəyik.” (“Əl-qeybət”, Şeyx Tusi, fəsil 7, hədis 412, səh.426.) Başqa sözlə, zühur üçün zaman təyin edənlər yanılmışlar. Bu isə rəvayətlərdə təkidlə vurğulanmışdır. Səhabələrdən biri imam Baqirdən (ə) zühurun nə vaxt baş verəcəyini soruşduqda, o həzrət belə buyurdu: “Vaxt təyin edənlər yalan danışırlar.” O həzrət bunu üç dəfə təkrarladı. (“Əl-qeybət”, Şeyx Tusi, fəsil 7, hədis 411, səh.425.) Bu hədislərdən tarix boyu bəzi insanların şeytani məqsədləri və şəxsi mənfəətləri üçün imam Mehdinin (ə) zühuru üçün vaxt təyin etdikləri başa düşülür. Belələri gələcəkdə də olacaqlar. Bunun üçün məsum rəhbərlər şiələrdən vaxt təyin edənlərin qarşısında laqeyd olmamalarını və onları təkzib etmələrini istəmişlər. İmam Sadiq (ə) bu haqda dostlarından birinə belə buyurmuşdur: “Zühur üçün vaxt təyin edəni təkzib etməkdən çəkinmə. Çünki biz bir şəxs üçün zühur vaxtı təyin etməmişik.” (“Əl-qeybət”, Şeyx Tusi, fəsil 7, hədis 414, səh.426.) QİYAM HADİSƏSİ İmam Mehdinin (ə) dünyamiqyaslı inqilabı zamanı baş verəcək hadisələr ümumbəşəri xarakter daşıyır, hamı onlara xüsusi maraq göstərir və aşağıdakı sualları irəli sürürlər: İmamın (ə) hərəkatı haradan və necə başlayacaq? İmam (ə) müxalif qruplarla necə davranacaq? İmam (ə) dünyaya necə hakim olacaq və işləri necə əlinə alacaq? Bu və bu kimi suallar zühur eşqilə alovlanan aşiqləri, doğrudan da maraqlandırır. Lakin bunu etiraf etmək lazımdır ki, bəşəriyyətin son ümidinin qıyamı ilə əlaqədar hadisələr haqqında danışmaq olduqca çətin bir məsələdir. Çünki hələ baş verməmiş və gələcəkdə baş verəcək ciddi və həssas hadisələr haqqında söz açmaq asan deyildir. Buna görə də, biz burada imam Mehdinin (ə) zühuru dönəmində baş verəcək hadisələri müxtəlif hədis kitablarına əsaslanmaqla araşdırmağa çalışacağıq. QİYAM NECƏ BAŞ VERƏSƏK? Zülm və fəsad yer üzünü aldıqda, insanlar arasında zalımların namərdcəsinə təzyiqləri artdıqda, məzlumlar əllərini kömək üçün Allahın dərgahına açdıqda, Allahın əmri ilə mübarək Ramazan ayında qəflətən göydən gələn nida bu qaranlığı yarıb, vəd edilmiş böyük xilaskarın zühuhunu müjdə verəcək. (“Əl-qeybət”, Nömani, fəsil 14, hədis 17.) Ürəklərin döyüntüsü sürətlənəcək, gözlər yerlərində donub qalacaq və imam Mehdinin (ə) intizarını çəkən aşiqlər bir-birindən məşuqlarının yerini soruşacaq, o həzrətlə görüşmək üçün bir-birilə yarışacaq və sevincdən nə edəcəklərini bilməyəcəklər. Bu zaman Suriya, İordaniya və Fələstin kimi böyük bir bölgəyə hakim olan Süfyani, İmamla (ə) müharibə aparmaq üçün böyük ordu hazırlayacaq. Onun ordusu İmamı (ə) izləmək məqsədilə Məkkə yolunu kəssələr də, Beyda adlanan bir məntəqədə yerə batacaq və həlak olacaqlar. (“Biharul-ənvar”, c.53, səh.10.) Nəfsi-Zəkiyyə adlı möhtərəm bir şəxs şəhadətə çatdıqdan az sonra imam Mehdi (ə) gənc bir simada Məscidül-Həramda zühur edəcək. Kəbə divarına söykənib “Rükn” və “Məqam” arasında öz zühurunu elan edəcək. Allaha həmd-sənə etdikdən, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salam göndərdikdən sonra belə buyuracaq: “Ey insanlar! Biz Allahdan kömək diləyirik. Həm də bizim çağırışımıza cavab verən kəsi köməyimizə çağırırıq.” (“Məqam” dedikdə, Kəbənin kənarında yerləşən həzrət İbrahimin məqamı nəzərdə tutulur. “Rükn”də məqsəd isə “Yəmani rükn”dür və bir çox peyğəmbərlərin dəfn olunduğu müqəddəs məkandır.) Sonra özünü və əhli-beytini tanıtdırdıqdan sonra belə səslənəcək: “Bizim haqqımıza riayət etməkdə Allahı nəzərinizdə saxlayın. Bizi (yer üzündə ədaləti yaymaq və zülmü kəsmək üçün) tək qoymayın və bizə kömək edin ki, Allah da sizə kömək etsin.” İmamın sözləri bitdikdən sonra səma əhli yer üzündə olanlardan önə keçəcək və dəstə-dəstə yer üzünə enərək İmamla (ə) beyət edəcəklər. Onların qarşısında vəhy mələyi həzrət Cəbrail (ə) gəlib, İmama (ə) kömək əlini uzadacaq. Daha sonra müxtəlif məntəqələrdən 313 nəfər mömin vəhy diyarına gəlib, İmamın (ə) ətrafına toplaşaraq o həzrətə beyət edəcək. Bu müqəddəs hadisə, canlarından keçmiş 10 min dostun Peyğəmbərin (s) övladının ordusuna qatılması və onunla beyət etməsi ilə sona çatacaq. (“Əl-qeybət”, Nömani, fəsil 14, hədis 67.) İmam (ə) dostlarından və əsgərlərindən ibarət ordusu ilə qiyam bayrağını dalğalandıracaq, qısa müddət ərzində Məkkə və ətraf məntəqələrə hakim olacaq və beləcə, Peyğəmbər (s) diyarı pis insanlardan təmizlənəcək. Ondan sonra ədalət və şəfqət kölgəsini genişləndirmək üçün Mədinəyə doğru hərəkət edəcək və əleyhinə qalxanları susdurduqdan sonra İraqa doğru üz tutacaq. Kufə şəhərini hökumətinin mərkəzi seçəcək və oradan qıyamı idarə edəcək. Kufədə insanları İslama dəvət edib, Quran təlimləri işığında zülmü yer üzündən qaldırmaq üçün ordusunu dünyanın müxtəlif yerlərinə göndərəcək. İmam (ə) dünyanın bütün həssas məntəqələrini bir-bir fəth edəcək. Bu işdə İmama (ə) vəfalı dostlar və möminlərlə birgə mələklər də kömək edəcəklər. İmam (ə) və ordusu, eynilə İslam Peyğəmbəri (ə) kimi düşmənlərinin ürəyinə qorxu salacaq, qüdrət sahibi Allah onun və dostlarının qorxusunu düşmənlərinin ürəyində yerləşdirəcək və heç bir qüdrət dairələri imam Mehdi (ə) ilə qarşı-qarşıya durma cəsarətini göstərə bilməyəcək. İmam Baqir (ə) bu haqda buyurur: “Qaimimizə (düşmənlərin ürəyinə) qorxu salmaqla yardım ediləcək.” (“Kəmalud-din”, c.1, fəsil 32, hədis 16, səh.603.) Qeyd etmək lazımdır ki, imam Mehdinin (ə) ordusunun fəth edəcəkləri yerlərdən biri də Beytül-Müqəddəsdir. (“Ruzigari-rəhayi”, c.1, səh.554.) Bundan sonra çox mübarək bir hadisə baş verməklə İmamın (ə) haqq cəphəsi gücləndiriləcək. Bu hadisə, həzrət Məsihin (ə) göydən yer üzünə enməsidir. Quranın buyruğuna görə, həzrət Məsih (ə) diridir və səmalarda yaşayır. Vaxtı çatdıqda, yer üzünə gələcək və imam Mehdinin (ə) arxasında namaz qılacaq. Beləliklə, həzrət İsa (ə) şiələrin on ikinci imamının (ə) özündən üstün olduğunu və hər kəsin ona itaətin vacib olduğunu elan edəcək. İslam Peyğəmbəri (s) buyurmuşdur: “İnsanları müjdələmək üçün məni haqq olaraq göndərən Allaha and olsun ki, dünyanın sonuna bir gün belə qalsa, mütəal Allah həmin günü övladım Mehdinin (ə) qiyam edəcəyi vaxta qədər uzadacaq. Sonra İsa ibn Məryəm (ə) yer üzünə enib, Mehdinin (ə) arxasında namaz qılacaq.” (“Biharul-ənvar”, c.51, səh.71.) Həzrət İsanın (ə) gəlişindən sonra dünyanın böyük bir hissəsini təşkil edən xristianlar şiələrin imamı və Allahın son höccəti imam Mehdiyə (ə) iman gətirəcəklər. Sanki Allah-Taala həzrət İsanı (ə) belə bir gün üçün saxlamışdır ki, haqq axtarışında olanların məşəlinə çevrilsin. Əlbəttə, son xilaskar imam Mehdinin (ə) əli ilə möcüzələrin göstərilməsi, bəşəriyyətə doğru yolu göstərmək üçün ideoloji mövzuların bəyan edilməsi insanların üzünə hidayət yolunun açılmasında böyük inqilabın proqramlarından sayılır. Bu istiqamətdə imam Mehdi (ə) dünyanın xüsusi yerində dəfn olunmuş və təhriflərdən uzaq qalmış yəhudilərin müqəddəs kitabı Tövratın səhifələrini çıxaracaq. Yəhudilər bu səhifələrdə imam Mehdinin (ə) nişanələrini gördükdə, ona iman gətirəcəklər. Digər dinlərin tərəfdarları da bu böyük hadisəni, eləcə də İmamın (ə) haqq ismarıclarını və möcüzələrini gördükdə, dəstə-dəstə İmama qoşulacaqlar və beləcə, Allahın vədi gerçəkləşəcək və bütün dünya İslam bayrağı altına yığılacaq. Qurani-Kərim insanları belə müjdələyir: هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ “Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.” (“Tövbə” surəsi, ayə 33.) İmam Mehdinin (ə) qıyamı ilə əlaqədar qeyd edilənlərə diqqət yetirdikdə, yalnız ürəkləri daşlaşmış qəddar zülmkarlar və quldurların haqq-həqiqətə təslim olmayacaqları aydın olur. Onlar da əksəriyyəti təşkil edən möminlərin qarşısında müqavimət göstərə bilməyəcək və imam Mehdinin (ə) ədalət qılıncı ilə layiq olduqları aqibətə düçar olacaq və cəzalanacaqlar. Yer üzü həmişəlik onların şərindən qurtulacaq. Qara buludlar çəkilib ədalət və ilahi günəş doğduqda, gözü yolda olanların gözləri işıqlanacaq. Fitnə-fəsad, pozğunluq və namərdliklə böyük mübarizədən sonra, növbə ədalətli hökumətin təməllərinin möhkəmlənməsinə çatır. Ədalət hökmranlıq kürsüsünə söykənib, hər şeyi və hər kəsi öz yerində yerləşdirəcək, hər varlığa layiq olduğu haqqını verəcək. Nəhayət, bütün dünya başdan-başa haqq-ədalətlə dolu hökumətə şahid olacaq, kimsə azacıq belə zülmə məruz qalmayacaq. İmam Mehdinin (ə) hökuməti sayəsində aləmlərin rəbbi olan Allahın camal və cəlal sifətləri təcəlla edəcək, bəşəriyyət unudulmuş dəyər və amallara çatacaqdır! İnşallah! (Negine-afərineş”, Ustad Məhəmmədmehdi Hairipur, səh.140-146.) Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|