İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
Mьəllif: admin1
Tarix: 14-05-2022, 23:21
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
Qasim ibni Əla Azərbaycan əhalisindən idi və Sahibi-Əmrin (ə) vəkaləti şərəfinə nail olmuşdu. Bu dahi insan 117 il ömür sürür. Ömrünün 80 ilində gözləri görürdü, ancaq ömrünün qalan hissəsində gözləri kor olmuşdu.

Çox təəccüblüdür ki, ölməzdən əvvəl gözləri yenə görməyə başlamışdı.

O, Həzrət Hadini (ə) və Həzrət Həsən Əsgərini (ə) ziyarət etmişdir. Ömrünün axırında isə İmam Zaman ağanın (ə.f) vəkili olmuşdur.

Qasim Azərbaycanın Ran adlı şəhərində (Zəncanın yanında yerləşir) yaşayırdı.

Səfvani nəql edir: “Bir gün mən onun evinə qonaq getdim və süfrə başında əyləşdim. Yemək yedim. Mən yemək yeyirdim ki, qapıçı gəlib İraqdan gələn elçinin müjdəsini verdi. Qasim çox sevindi. Çünki İmam (ə.f) ona hər ay yerinə yetirməli olacağı göstərişləri verirdi. Ancaq iki ay idi ki, heç bir xəbər yox idi. Ona görə də Qasim narahat olmuşdu. Bu xəbər onu sevindirdi. Üzü qibləyə dayanıb, şükür səcdəsi yerinə yetirdi.

Elçini Qasimin yanına gətirdilər. Orta boylu və orta yaşlı bir insan idi. Elçi olduğunu üzündən başa düşmək olurdu.

117 yaşlı qoca ayağa qalxdı və onu qucaqladı. Çiynindəki çantasını götürdü və əmr etdi ki, təşt gətirsinlər. Özü su tökərək onun üzünü və əllərini yudu, sonra da yanında əyləşdirdi. Hamımız yemək yeməklə məşğul olduq.

Yeməyi bitirəndən sonra elçi məktubu çıxartdı və qocanın əlinə verdi. Qasim məktubu alıb, öpdü. Məktubu öz köməkçisinə verdi ki, açıb oxusun.

Ancaq məclisdə olan Əbu Abdullah məktubu alıb, özü oxumağa başladı.

Səsi tutuldu və halı dəyişdi.

Qoca başa düşdü ki, yaxşı xəbər deyildir. Ondan soruşdu: “Xeyirdir?”.

O, dedi: “Bəli, xeyirdir”.

Soruşdu: “Mənim haqqımda xəbər vardırmı?”.

Əbu Abdullah dedi: “Kərahət bəsləyəcəyin xəbər yoxdur”.

Qoca soruşdu: “Bəs nə xəbərdir?”.

O, dedi: “Xəbər verilmişdir ki, bu məktub sizə çatandan 40 gün sonra dünyanızı dəyişəcəksiniz”.

Qasim dedi: “Dinim salamat olacaqdırmı?”.

O, dedi: “Bəli”.

Qasim dedi: “Uzun ömürdən sonra bundan başqasını arzu etmirdim”.

Elçi çantasından yeddi ədəd parça çıxartdı və Qasimə verdi.

Məktub ona çatandan yeddi gün sonra güclü hərarəti oldu. Yanında olanlar onun halına ağladılar.

Anidən Qasim səcdəyə gedib, münacat etməyə başladı: “Ya Muhəmməd (s), ya Əli (ə), ya Həsən (ə), ya Hüseyn (ə). Ey mənim sərvərlərim! Siz Allah yanında mənim üçün şəfaətçi olun”.

Bu münacatı iki dəfə təkrar etdi və üçüncü dəfə İmam Kazımın (ə) adını da çəkdi. Qəflətən qaralmış gözləri açıldı və onlardan sarı su axmağa başladı. 40 il korluqdan sonra görməyə başladı.

Üzünü oğlu Həsənə tutub dedi: “Mənə yaxınlaş”. Və orada olanların adlarını bir-bir dedi və hər birinə tərəf işarə etdi.

Bu xəbər şəhərə yayıldı və hamı onu görmək üçün gəlirdi. Qasim öz vəsiyyətnaməsini yazdı və 40-cı gündə dan yeri sökülən zaman dünyasını dəyişdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031