ƏSL ZƏNGİNLİK
İmam Əli (ə) buyurmuşdur:
لا غِنَى كَالْعَقْلِ وَ لا فَقْرَ كَالْجَهْلِ؛ “Ağıl kimi sərvət və nadanlıq kimi yoxsulluq yoxdur.”[1] Qeyd etməliyik ki, zənginlik iki qismə bölünür: 1. xarici-zati zənginlik; 2. daxili-zati zənginlik. 1. Xarici-zati zənginlikdə məqsəd budur ki, insan məqam, vəzifə, qüdrət, dost, pul və s. amillər kimi zatından xaric olan amillər vasitəsilə başqalarından ehtiyacsız olur. Bu növ zənginlik etibarsız olduğundan insanın ruhi-mənəvi susuzluğunu aparmır. Elə buna görə də sərvətlilər ən susuz insanlardır! Bəhluldan: “Bir şəxs insanların ən yoxsuluna maddi yardım etməyi nəzir etsə, kimə yardım etməlidir?” – deyə soruşduqda dedi: “Xəlifə Harunər-Rəşidə!” (Nəql olunur ki, bir gün Harunər-Rəşid, Bəhlula bir miqdar pul verdi ki, onu yoxsullara versin. Bəhlul pulu aldıqdan az sonra, yenə xəlifənin özünə qaytardı. Xəlifə Harun səbəbini soruşduqda, Bəhlul belə cavab verdi: “Çox fikirləşdim, amma xəlifədən yoxsul (möhtac) bir şəxs tapmadım!”) 2. Batini-zati zənginlik isə odur ki, insan xarici vasitələrə güvənmədən öz daxili istedad və bacarıqlarından istifadə edərək iman, özünəetimad, qənaət, Allaha təvəkkül və təqva kimi böyük nemətlər sayəsində batini-zati zənginliyə nail və başqalarından ehtiyacsız olsun. Bu məqamın mühüm səciyyəsi oğruların onu oğurlamaqda aciz qalmalarıdır. İmam Əli (ə) bu məqama ucalan şəxslərdən idi. Elə buna görə də iyirmi beş il sükut etdiyi müddətdə dağ kimi müqavimət göstərir və qüdrətə çatdıqda da, qüdrət əsiri olmur, əksinə qüdrəti özünə əsir edərək dünyaya arxa çevirir. Bəli, o həzrət qüdrət sahibi olduğu halda, dünyanı yamaqlı ayaqqabısından,[2] çəyirtkənin ağzında çeynənmiş yarpaqdan,[3] dişi keçinin asqırığından[4] və cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də dəyərsiz[5] hesab edir! Budur həqiqi və əbədi nemət! [1] “Nəhcül-bəlağə”, qısa kəlamlar 54. [2] “Nəhcül-bəlağə”, xütbə 33. [3] “Nəhcül-bəlağə”, xütbə 224. [4] “Nəhcül-bəlağə”, xütbə 3. [5] “Nəhcül-bəlağə”, qısa kəlamlar 236. (Maide.Az) Oxşar xəbərlər
|