Sədəqəni batil etməmək üçün nə etməli?
İnfaqa aid nazil olan ayələrdən bəzilərinə diqqət edək: “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir.
(Deməli, Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir. Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların)Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar. Xoş bir söz və(dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir. Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir”. (“Bəqərə” 261-164). İnfaqın dərəcəsini, niyyətin xalisliyi təyin edər. O kəslər ki, ancaq Allah yolunda infaq edərlər, bir buğda dənəsinə bənzəyir ki, hər toxumundan yeddi yüz buğda çıxar. İnfaq gərək ancaq Allah yolunda olsun, Allah bunların hamısından xəbərdardır. Əgər infaq xalis niyyətlə olarsa, ancaq Allah üçün olarsa – o zaman həqiqi infaq sayılar. Ona görə də Allah yuxarıdakı ayələrdə infaq zamanı minnət qoymamağı və qarşı tərəfə əziyyət verməməyi tövsiyə edir. Sədəqə də infaqın bir qoludur. Əgər insan qarşı tərəfi rahatladacaq bir xoş söz deyərsə, minnətlə verdiyi sədəqədən qat-qat üstündür. Quran buyurur ki, sədəqə və ehsanlarınızı minnət və əziyyət verməklə batil etməyin. O kəslər kimi olmayın ki, riya üzündən infaq edərlər. İnfaqın riyakarlara və kafirlərə heç bir faydası olmaz. Külək aparan quma bənzəyər ki, hər nə qədər çox əssə, bir o qədər çox qumu aradan aparar. Ancaq sağlam niyyətlə edilən infaq bir bağa bənzəyir ki, yağış onun məhsulunu artırar. Hər nə qədər çox yağış yağarsa, bir o qədər çox məhsul əldə edər. Mömin insan infaqı kamala çatmaq və özünü tərbiyə etmək üçün yerinə yetirər. Çünki xeyir işlərin insanın axirətinə təsiri böyükdür. Beləliklə, deyə bilərik ki, Quranın ən çox təkid etdiyi infaq – elə xeyir əməllərdəndir ki, insana həm dünyada və həm də axirətdə fayda gətirər. Bir şərtlə ki, niyyəti xalis olsun və minnətsiz yerinə yetirilsin. /Deyerler.org/ Oxşar xəbərlər
|