Təyəmmümün şərtləri
Təyəmmümün yeddi şərti var:
1. Təyəmmüm edilən şey pak olmalıdır. 2. Təyəmmüm edilən şey mübah olmalıdır (yəni qəsbi olmamalıdır). Amma qəsbi olduğunu bilmədən ya unutmaq üzündən ona təyəmmüm edərsə, təyəmmüm səhihdir. 3. Təyəmmüm üzvlərində maneə olmamalıdır. Buna əsasən üzük və bu kimi şeyləri əlindən çıxarmalıdır. Həmçinin alnına və digər təyəm-müm üzvlərinə bir şey yapışdıqda qabaqcadan onu aradan qaldır-malıdır. Əllərin və alnın üstündə bitən tüklər təyəmmümün səhih olmasına maneə sayılmır, amma başın tükü alına tökülərsə təyəmmüm zamanı onu qaldırmaq lazımdır. Yara və bu kimi səbəbdən təyəmmüm üzvündən biri bağlıdırsa və onu açmaq zərər ya çətindirsə, bağlı əllə ya bağlı əlin üzərinə məsh edəcəkdir (əlini çəkəcəkdir). 4. Alın və əllər yuxarıdan aşağıya olan istiqamətdə məsh edilməlidir. 5. Təyəmmümü qabaqca dediyimiz tərtiblə etmək lazımdır və əks halda təyəmmüm batildir. 6. Təyəmmümün əməlləri ardıcıl olaraq yerinə yetirilməlidir. Əgər onların arasında fasilə salına və bu fasilə o qədər ola ki, təyəmmüm edir deyilməyə, təyəmmüm batildir. 7. Təyəmmümü ixtiyarlı halda (imkan daxilində) özü etməlidir və başqasından kömək ala bilməz. Amma iflic və digər xəstəlik səbəbinə özü təyəmmüm edə bilmirsə, naib (köməkçi) tutmalıdır. Bu zaman naib onun öz əlləri ilə onu təyəmmüm etdirməlidir, amma bu mümkün olmazsa, gərək naib öz əllərini yerə vursun və onun alnı və əllərinə çəksin. Təyəmmüm üzvlərinin (alın və əllərin üstünün) pak olması lazım deyil, baxmayaraq ki, ehtiyata uyğundur. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|