Toplumun inkişafını nə əngəlləyir? – İmam Əlinin (ə) buyurduğu 4 amil
Dövlətlərin ən mühüm xüsusiyyəti – xalqa xidmət etmək mübarizə-müdafiə ruhiyyəsinə malik olmaqdır. Çünki dövlət, xalqın nümayəndəsi kimi, insanların rifahını təmin etmək və dövləti inkişaf etdirmək vəzifəsini öhdəsinə götürmüşdür.
Amma nalayiq insanların hökumət işinə qarışmaqları həmin dövlətin süqut etməsinə gətirib çıxarda bilir. Necə ki, Həzrət Süleymanın (ə) hökuməti ona görə tez süqut etdi ki, alçaq və xəbis insanlar bu dövlətə dəxalət etdilər və onu məhv etdilər. Allah Təala bu barədə Qurani-Kərimdə buyurur: “(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki, o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!». Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”. (“Bəqərə” 102). İmam Əli (ə) dövlətlərin nə üçün inkişaf etmədiklərinin 4 səbəbini bəyan etmiş və buyurmuşdur: 1. Əsil məsələləri zay etmək. 2. İkinci dərəcəli məsələlər ilə məşğul olmaq. 3. Alçaq insanların qabağa atılması. 4. Fəzilətli insanların geridə saxlanması. Bəli, məhz bu dörd səbəb sayəsində dövlətlər geridə qalır və inkişaf edə bilmirlər. Qurani-Kərim Peyğəmbərə (s) xitab edərək buyurur: “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159). Bu ayə zahirdə Peyğəmbərə (s) edilən xitab kimi görünsə də, əslində dövlətin necə olmasını xülasə şəkildə bəyan etməyə çalışmışdır. Bu ayədə dörd qanun gözümüzdən qaçmır. Bu qanunlar ilə tanış olaq. 1. Güzəşt və əfv. Allah Təala bu ayədə Həzrət Peyğəmbərə (s) dörd göstəriş verir ki, onların yerinə yetirilməsində əsil amilin onun gözəl əxlaqa malik olmasını bəyan etmişdir. Allah buyurur ki, onların səhvlərini, büdrəmələrini bağışla və güzəşt et. Güzəşt etmək, mülayimlik göstərmək – İlahi əxlaqın nişanələrindəndir. 2. Bağışlanma istəmək. Allah Təala buyurur ki, bu insanlar ki, səhv ediblər və sən də onları bağışlamısan. Ola bilsin ki, tövbələri Mənə qədər gəlib çatmasın. Çünki maneələr çoxdur. Ancaq əgər sən onların yerinə bağışlanma istəsən, mənə daha tez çatar. 3. Qərar verən zaman məsləhət etmək. Allah Təala Peyğəmbərinə (s) buyurur ki, əgər bağlı qapı arxasında, insanların halından xəbərsiz halda qanun vermək istəyirsənsə, nəticə əldə edə bilməyəcəksən. Çünki onların halından xəbərdar deyilsən. Ona görə də Allah məsləhət görür ki, ilk olaraq insanların dərdi ilə tanış ol, onların rəylərini al, ondan sonra qanun və hökm ver. 4. Təvəkkül. Allah Təbarəkə və Təala buyurur ki, o zaman bir qanun verirsən, Məni özünə vəkil seç. Mənim iradəm və gücüm sayəsində həmin qanun xoş qarşılanacaq və həyata keçəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|