Mömin gərək hər şeyə tez inanmasın
Mömin insan tədqiq və araşdırma əhli olmalıdır və hər eşitdiyinə inanmamalıdır.
“Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. (“Hucurat” 6). Nəql edilir ki, bu ayə Vəlid ibni Əqəbə haqqında nazil olmuşdur. Həzrət Peyğəmbər (s) onu Bəni-Müstəliq qəbiləsindən zəkat toplamaq üçün vəzifələndirir. Cahiliyyət dövründə bu insanla həmin qəbilə arasında düşmənçilik olduğu üçün onu qarşılmağa gələn zaman elə bildilər ki, hücum etmək üçün gəlmişdir. Vəlid də bu mənzərəni görüb geri qayıdır və Peyğəmbərə (s) xəbər verir ki, zəkatı vermək istəmirlər. Peyğəmbər (s) də bu xəbərdən narahat olur. Yuxarıdakı ayə nazil olur və xəbərin araşdırılmasına əmr edir. Ona görə də hər bir mömin ona yetişən xəbəri tədqiq etməmiş qəbul etməməlidir. O kəslər ki, fitnə yaradıb, onların işinin üstünü açmağın maneəsi yoxdur. Fitnənin iki zəminəsi olar: fasiqin səyi və möminin tez inanması. İslamın əsl meyarı - insanlara etimad etməkdir. Lakin insanların arasında fitnə yaratmaq istəyənlərin hesabı tamamilə başqadır. Fasiq insanlar yalan xəbər yayar və şayiə üçün zəminə hazırlayar. Ona görə də mömin tədqiq etməyi yüngül hesab etməsin. Bəzən fasiq düz söz də deyir və onu araşdırmadan ortaya çıxartmaq mümkün deyildir. Fasiqin əsl niyyəti insanların arasında münaqişə toxumu səpməkdir. Əgər bir yanlış xəbəri araşdırmadan cəmiyyətdə yayarlarsa, həmin cəmiyyəti məhvə apara bilər. Hər kim bu işdə tələsər, cahildir. İlahi əmrlərə əməl etmək lazımdır. Əgər peşman olmaq istəmiriksə, gərək bizə çatan xəbəri tədqiq edək.. /Deyerler.org/ Oxşar xəbərlər
|