İMAM ZAMAN AĞANIN (Ə) TƏRBİYƏ ÜSULLARI
İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) insanların tərbiyəsində irəli sürdüyü üsullar fikri və əxlaqi təmizliyə əvəzsiz təsir qoyur. Onların həqiqətə inamı üçün zəminə yaradır.
Həzrətin tərbiyə üsullarına qısa nəzər salaq. Burada məqsəd ümumi tərbiyə üsulları deyildir. Burada əsas məqsəd Həzrətin (ə.f.) insanların İslam dininə inamını gücləndirmək üçün istifadə etdiyi xüsusi tərbiyə üsullarıdır. Zühurdan əvvəl insanların batil və təhrif edilmiş məktəblərə meyllərinin artması üçün çox sayda amillər mövcuddur. O cümlədən: 1. Mərkəzləşdirilmiş surətdə yanlış bilgilərin verilməsi. Bu yolla yanlış məktəblərin batil fikirlərinin insanlara ötürülməsi baş verir. 2. İnsanlara nicat bəxş edən İslam dini ilə onların tanışlığının qarşısını ala bilən aşkar və gizli manelərin yaradılması. 3. Yolunu azmış insanlar tərəfindən yanlış mədəniyyəti yaymaq üçün təzyiqlərin göstərilməsi. Bütün bunlar batil məktəblərə etiqad bəsləməyə səbəb olan amillərdir. Həzrətin (ə.f.) və onun dostlarının səyləri nəticəsində dünya insanları əxlaqi və əqli cəhətdən çox inkişaf edəcəklər. Bu əxlaqi və əqli inkişaf dünya insanlarının İslam dininə və İmam Məhdiyə (ə.f.) bağlanmalarına səbəb olacaqdır. Həzrətin (ə.f.) zühur zamanına işarə edən hədislərə nəzər salanda bunları görmək olar. Zülmün aradan getməsi. Gücdən və hədələyici əməllərdən heç kim qorxmayacaqdır. Çünki hər yerdə ədalət bərqərar olacaqdır. Ədalət qalıcı olacaq və kök atacaqdır. Ədalətin qalıcı olması üçün mühüm amillərdən biri də fikri və əqli zəminənin yaradılmasıdır. Əxlaqi inkişafa aid hədislər: 1. İmam Əli (ə) buyurur: “Bizim Qaimimiz qiyam edəndə göylər yağış yağdırar, yer bitkilərini göyərdər. Bəndələrin qəlblərindən kinlər gedər”. 2. İmam Cəfər Sadiq (ə) buyurur: “Allah ayrı düşmüş qəlblərin arasında dostluq qərar verər. Onlar yer üzündə günah işlətməzlər”. Bu hədislər zühur zamanı əxlaqi inkişafa işarə edən hədislərdir. Onları tədqiq edən zaman görmək olar ki, bu təlimlər müəyyən insanlara verilmir. Bütün insanlar üçün nəzərdə tutulmuşdur. Əqli inkişafa işarə edən hədislər: 1. İmam Muhəmməd Baqir (ə) buyurur: “Bizim Qaimimiz qiyam edəndə əlini bəndələrin başına qoyacaq ki, ağılları kamil olsun”. Bu hədisdən görmək olar ki, zühur bütün bəndələrə aid olacaqdır. Beləliklə İmamın (ə.f.) tərbiyəsi və ondan hasil olacaq tərəqqi və inkişaf bütün bəşəri bürüyəcəkdir. 2. İmam Baqir (ə) buyurur: “Məhdinin zamanında sizə hikmət öyrədəcəklər”. Bütün bu hədislərdən görmək olar ki, Həzrətin (ə.f.) təlim və tərbiyə üsulu insanların əxlaqi və əqli inkişafına səbəb olacaq təlimlərdir. Zühur həyata keçəndən sonra isə hədislərdə oxuduğumuz kimi, ədalət bütün Yer üzündə bərqərar olacaqdır. Heç kim başqası tərəfindən hədələnməyəcək və heç kim başqasının gücündən qorxmayacaqdır. Çünki bu ədalət qalıcı bir ədalət olacaqdır. Həmin günün intizarında əxlaqi və əqli inkişafımıza çalışaq və zühur üçün zəminə hazırlayaq. İnşaallah! “Dəyərlər” Oxşar xəbərlər
|