Həzrət Yusifin (ə) yerində olsaydıq, nə edərdik?
Bir ağac cücərərək göyə qalxır, həmin o qədər də kökləri torpaqdan aşağı enir. Ağacın kökləri sərt torpağı yumşaldar və onu gilə çevirər. Bu zaman rahatlıqla daha dərinlərə gedə bilər.
İnsan da belədir. Əgər bu aləmdə kök salmaq istəyirsə, gərək əfv və güzəşt etməkdə mahir olsun. Əgər bağışlayan olmazsa, irəli gedə bilməz. Quranın nəzərinə görə, təqva infaqdan ayrı deyildir. “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-imran” 133-134). İmam Əli (ə) buyurur: “Bağışlamaq və şücaət iki dəyərli sifətdir ki, Sübhan Allah onları sevdiyi və imtahana çəkmək istədiyi kəsin varlığında qərar verər”. (Tebyan) Həzrət Yusif (ə) ona görə irəli gedə bildi ki, bağışlamağı və güzəşt etməyi bacarırdı. Qardaşlarından gördüyü o qədər əziyyət və zülmə baxmayaraq, onları bağışlayır və əfv edir. “Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır»”. (“Yusif” 92). Hədislərin bəzisində oxuyuruq ki, Yusifin (ə) qardaşları bu macəradan sonra xəcalət çəkirlər və onlardan biri deyir: “Sən hər səhər və axşam bizi süfrəndə əyləşdirirsən və biz sənə görə xəcalət çəkirik. Çünki sənə o qədər şeyi cəsarət etmişdik”. Yusif (ə) deyir: “Misir xalqı indiyə qədər mənə satın alınmış qul kimi nəzər salırlar və bir-birinə deyirlər: “Allah hər şeydən pakdır ki, 20 dirhəmə satın alınmış qulu bu məqama çatdırmışdır”. Amma indi ki, siz gəlmisiniz, mənim həyat dəftərim bu insanlar üçün açılmışdır. Başa düşürlər ki, mən qul olmamışam. Mən nübuvvət nəslindən və İbrahim Xəlilin (ə) övladlarındanam. Bu da mənim üçün iftixar mənbəyidir”. Həzrət Yusif (ə) bu sözləri ilə onların xəcalət çəkməsinin qarşısını almaq istəyir və onlara ürək-dirək verir. Görəsən biz onun yerinə olsaydıq, nə edərdik? Əgər biz də ətrafımızda olanlara Həzrət Yusif (ə) kimi nəzər salsaq və əfv əhli olsaq, həyatdan daha çox şey əldə etmiş olarıq. /Deyerler.org/ Oxşar xəbərlər
|