Günahkarların dünya və axirətdəki halları
İlahi qanunlara itaətsizlik etmək və günah işlətmək insana dünya və axirətdə əzab gətirər. Bəzi əzablar elə bu dünyada günahkarı yaxalayar.
İmam Səccad (ə) buyurur: “İnsanı məhv etməyə tələsən günahlar: qohumluq rabitəsini kəsmək, yalan söz, zina, müsəlmanların yoluna səd çəkmək, haqsız yerə rəhbərlik və imamət iddiasında olmaq”. Qohumluq əlaqəsini kəsmək elə günahlardandır ki, insanın ömrünü qısaldar. O kəslər ki, qohumları ilə əlaqəsini kəsirlər, ömürlərini qısaldırlar. Halbuki sileyi-rəhm etmək - əksinə, ömrü uzadar və bərəkət gətirər. İmam Sadiqin (ə) səhabələrindən biri Həzrətə (ə) deyir: “Qardaşım və əmim uşaqları mənə evi dar ediblər. Bütün evdən mənə cəmi bir otaq veriblər. Mən əgər bu işi qaldırsam, evi onlardan ala bilərəm”. İmam (ə) buyurur: “Səbir et ki, Allah sənin üçün rahatlıq qərar verəcəkdir”. Həmin şəxs nəql edir ki, mən səbir etdim və gələn il vəba xəstəliyi gəldi və onların hamısını həlak etdi. Sonra İmamın (ə) yanına getdim və Həzrət (ə) məni görən kimi buyurdu: “İndi ev əhlinin halı necədir?”. Dedim: “Allaha and olsun ki, onların hamısı öldülər və bir nəfər də qalmadı”. Buyurdu: “Bu, səninlə etdikləri o rəftara görə idi. Sənə əziyyət verdilər və qohumluq rabitəsini kəsdilər. Ürəyin istəyərdimi ki, onlar sağ olsunlar?”. Dedim: “Bəli, Allaha and olsun ki”. Ömrü qısaldan başqa bir günah - yalandan and içməkdir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “O kəs ki, yalandan and içər və bilər ki, yalandır - Allahla döyüşə getmiş olar. Həmin yalan and, evləri sahibsiz qoyar və övladların yoxsul olmasına səbəb olar”. İmam Həsən Müctəbanın (ə) dövründə bir nəfər iddia edir ki, İmam Həsən (ə) mənə min dirhəm borcludur. İmam (ə) həmin kişi ilə bir yerdə qazini yanına gedirlər. Qazi üzünü İmama (ə) çevirib dedi: “Siz and içərsinizmi ki, borclu deyilsiniz?”. Həzrət (ə) buyurur: “Əgər bu kişi and içsə, mən o pulu ona verərəm”. Qazi üzünü kişiyə çevirib deyir: “De ki, yeganə Allahın adı ilə and içirəm”. Həzrət (ə) buyurdu: “Yox, bu cür and içməyini istəmirəm. Bəlkə belə desin: “Allaha and olsun ki, mən bu məbləği ona vermişəm””. Həmin kişi bu cür and içir və İmam (ə) həmin pulu ona verir. Lakin kişi elə ki, yerindən qalxır, yıxılıb ölür. Zinaya gəldikdə, bu, elə iyrənc günahlardandır ki, cəzasının bir hissəsi bu dünyada bu işi görənə nazil olar. Həzrət Peyğəmbər (s) buyurur: “Məndən sonra nə zaman zina yayılsa, ani ölümlərin sayı artacaqdır”. Yol kəsmək də böyük günahlardan sayılır. Allah Təala bu insanlara ağır cəza təyin etmişdir. “Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır”. (“Maidə” 33). Nahaq yerə imamətlik iddiası etmək. Allah Təala Quranda imaməti ali bir məqam kimi tanıtmışdır və Həzrət İbrahimə (ə) xitab edərək buyurmuşdu: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?». Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124). İmam elə bir insan olmalıdır ki, məsum olsun və Allah tərəfindən təyin edilsin. Zalım və fasiqin biri imamlıq edə bilməz. Əgər insan yəqinlik məqamına çatmasa və qeyblə əlaqəsi olmasa və mələkut aləmini müşahidə edə bilməsə, imam ola bilməz. İmam - bütün çətinliklərə səbir edən və İlahi imtahanları yaxşı verən şəxsdir. O, günah etməz və Allahın əmrlərini gözəl şəkildə yerinə yetirər. Yalandan imamətliyi iddia edənlər müsəlmanların arasına nifaq salar və onları bir-birindən uzaq salarlar. Axirətdə isə böyük bir əzaba düçar olarlar. Allah Təala bizləri xeyir aqibətlilərdən qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|