Mübarək günlər və əməllərlə zəngin olan Zilhiccə ayı
Mьəllif: admin1
Tarix: 30-06-2022, 17:53
Mübarək günlər və əməllərlə zəngin olan Zilhiccə ayı
Artıq mübarək Zilhiccə ayına qədəm qoymaqdayıq. Müqəddəs dinimiz bildirir ki, bu, şərafətli bir aydır. Və iman daşıyıcıları tarixən bu ayda çox böyük şövqlə ibadətə doğru yürümüşlər.

Rəhim və Rəhman Allah insanın ruhi naqislikdən qurtulması, mənəvi kamilliyə çatması üçün xüsusi vasitələr qərar vermişdir. Bunların arasında xüsusi məkanlar, xüsusi zamanlar, şəraitlər də vardır.

Məsələn insan müəyyən zamanlarda namaz qılır, oruc tutur – nəticədə çox özünəməxsus bir ruhi tərəqqi əldə etmiş olur. Şəfaət diləmə, təvəssül etmə, ziyarət, həcc – bunların hamısının çox böyük bir hikməti vardır. Qarşıdan gələn zilhiccə ayı məhz belə məqamlarla kifayət qədər zəngindir.

Zilhiccə ayının ilk ongünlüyü fəzilət və bərəkətliliyin zirvəsi olan günlərdəndir. Əziz Allah Elçisindən (s) nəql edilir: «Heç bir əyyamda edilən xeyirli əməl və ibadət, Allah Təala dərgahında bu on gündə (zilhiccə ayının ilk ongünlüyü) ediləndən daha sevimli deyildir».

Bu ayın müxtəlif tövsiyə olunmuş əməl və ibadətləri vardır. Sözsüz ki, ilk növbədə qəza oruc və namazlarına diqqət yetirilsə, öz vəzifəmizi daha yaxşı yerinə yetirmiş olarıq. Ən əsası isə - əməllərimizin qürbət qəsdi ilə (Allaha yaxınlaşmaq niyyətilə) yerinə yetirilməsinə diqqət verməyimizdir.

Mübarəklik elə ayın ilk günü başlayır - zilhiccənin 1-i mübarək bir tarixdir – hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir. Hamımızın qədrini bilməli olduğu bir gündür bu. Niyə? Çünki, həmin gün - yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir-birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq islami modelidir.

Bu günü qeyd etmək, bu günün duyğuları ilə yaşamaq çox önəmlidir. Çünki, insan bu günə müəyyən münasibət təzahür etdirdikdə istər-istəməz özünü, həyat tərzini, ailə münasibətlərini, həyat yoldaşına, uşaqlara qayğını bu ideala uyğunlaşdırmağa çalışır.

Yəni, əgər insan üçün ailə, insanlara münasibət, yaşayış tərzi, ümumilikdə dəyər baxımından Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) simvoldursa, bir nümunədirsə, demək onların ailə qurduqları gün də bu insan üçün ələmətdar bir tarixdir. Özü də elə bir tarix ki, real tərəqqi üçün bir impuls rolunu oynamış olsun.

Bu gündə oruc tutmaq çox tövsiyə olunan əməllərdəndir. İslami mənbəyə görə, hətta ilk 9 günü tutulan oruca görə, insana bir ömür tutulan orucun savabını əta edir Mütəal Allah. Eləcə də bu 9 günün hər birinin özünəməxsus zikrləri vardır.

Təkcə onu qeyd etmək kifayətdir ki, «Tərviyə günü» adlanan 8-ci günün orucunun 60 illik kəffarəni aradan aparmaq qədər fəziləti vardır.

9-cu günə – Ərəfə gününə keçən gecə, 170 ilin ibadətinin savabını verən, tövbələrin qəbul olunduğu, duaların müstəcəb olduğu gecələrdəndir. Ərəfə gününün özünə gəldikdə isə, bu günün fəzilətləri o qədər böyükdür ki, hətta onu bayram kimi qeyd edirlər.

Ərəfə günü ibadətə, itaətə dəvət, ruhun pərvazı günüdür, Allahın ehsan günü, iblisin xar və həqir olan, qovulan günüdür.

Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət edə bilən insan, 1000 həcc, 1000 ümrə, 1000 cihadın savabını apara bilər. Həmin gün tövsiyə olunan əməllərdən biri də əsr namazından sonra, “Ərəfə” duasını oxumazdan öncə 2 rükət namaz qılmaqdır ki, bunu qılan və günahlarını etiraf edərək, məğfirət diləyən insan Ərəfat savabına malik olar və günahları bağışlanar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930