Allahın bəndələrindən gözləntisi
“Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir Kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar”. (“Muminun” 62)
Allah Təala insanlara elə vəzifələr və təkliflər təyin etmişdir ki, onların gücü çatan səviyyədədir. İstər etiqadi təklif olsun, istərsə də əməli. Allahın təyin etdiyi namaz, oruc, zəkat və bu kimi başqa ibadətlər – insanların gücü çatan ibadətlərdir. Əlbəttə o kəslərin ki, üzrləri vardır və müvəqqəti və ya daimi olaraq bu ibadətləri kamil şəkildə yerinə yetirə bilmirlər, Allah onlar üçün də çıxış yollarını bəyan etmişdir. Misal üçün, oruc tuta bilməyən qocalara və ya xəstə insanların namaz qılmaq üslubuna aid də hökmlər vermişdir. Yəni, dini hökmlər elə deyildir ki, insan onu yerinə yetirə bilməsin – hətta xəstə olduğu və ya üzrü olduğu zamanlarda belə. Allah insanlara ağıl və dərk qüvvəsi vermişdir ki, bütün bu həqiqətləri öz ağıl və dərki ilə qəbul edə bilsin. Əlbəttə, hər kəsin ağıl səviyyəsi eyni deyildir. Ona görə də Allah Təala bu mövzulara da diqqət etmiş və hər bir insandan ağıl səviyyəsinə görə təkliflər istəmişdir. Misal üçün avam insanların boynuna qoyduğu vəzifə, böyük biliyə malik olan alimlərin vəzifələrindən fərqlidir, eyni deyildir. “Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49). Qiyamət günü bəndələrin əməl dəftəri açılan zaman günahkarlar deyəcəklər: “Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu, necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!»”. Bəli, bu əməl dəftəri adi dəftərlərə bənzəməz. Orada yazılan hər bir əməl doğru və düzgündür. Çünki Allah hər bir şeyə dəqiq və agah şəkildə yanaşır. Əgər Allahın bizim üzərimizə qoyduğu vəzifələri yerinə yetirsək və kamala çatmağa səy göstərsək, Qiyamət günü əməl dəftərində yazılanlara görə Allah yanında xəcalətli olmarıq. Allah bizləri Qiyamət günü sevinənlərdən qərar versin! Amin! /Deyerler.org/ Oxşar xəbərlər
|