Qurbanlıq haqda
Qurban-İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Qurban kəsilib kasıblara paylanılır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən hadisədən sonra yaranmışdır. Belə ki, yuxuda ALLAH-təala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların ALLAHA inamını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi ALLAHIN əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. ALLAHA qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca ALLAH bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.Çox sevdiyi balasını ALLAH yolunda qurban verməyə hazır olması peyğəmbərin ALLAH qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə ALLAHA inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar ALLAHI sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda ALLAHI da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil! Qurani Kərimdə müqəddəs Qurban bayramı barədə:"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi - ALLAH üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər" kimi münasibətlər göstərilir. Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda buyrulur: "ALLAHA nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". İnsan ALLAHIN yaratdığı ən şərəfli və ən üstün məxluqdur. ALLAH özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir. Şərtləri: İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Bu bayramın əsas mahiyyəti ALLAH yolunda kəsilmiş qurbanlıq heyvanın ətini ALLAHIN imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və ALLAHA inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Ə lbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.Qurban və onun hökmləri 1. Qurban kəsmənin ibadət olduğuna dair dəlillər: "Rəbbin üçün namaz qıl və qurban kəs!" ("əl-Kövsər" surəsi, 2-ci ayə)"De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi ALLAH üçündür". ("əl-Ən'am" surəsi, 162-ci ayə)"Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər ("bismilləh" desinlər) " ( "əl-Həcc" surəsi, 34-cü ayə) 2. Qurbanın tərifi: Qurban bayramı münasibətilə qurban günlərində (zi-l-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan. 3. Qurbanın hökmü: Təkid olunmuş (vacibə yaxın olan) sünnədir. 4. Qurban kəsilməsinin icra vaxtı: Ay təqvimi ilə zilhiccə ayının 10-u bayram namazından sonra başlayıb zi-l-hiccənin 13-ü gün batana qədərdir. Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaxtı da kəsmək olar. 5. Qurbanlıq mal-qara: Dəvə, öküz, keçi, qoç və ya qoyun. Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir. 6. Qurbanın qəbul olunmasının iki şərti: a) İxlas: yəni, bu ibadət yalnız ALLAH üçün olmalı; b) Mutəbəa: yəni, Peyğəmbərin (Ona və ailəsinə ALLAHIN xeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır. 7. Kəsilən qurbanlıq üçün qoyulan şərtlər: a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır; b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. Xoruz, dovşan və s.olmamalıdır; c) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni: - dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərdən də, çox yaşı olan heyvanı qurban kəsmək olar. d)kəsilən heyvanlarda təkgözlük, axsaqlıq, xəstəlik, zəiflik və arıqlıq kimi eyiblər olmamalıdır. 8. Qurban kəsilərkən riayət olunan şərtlər: - qurban həddi-büluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir; - qurban kəsən şəxs müsəlman olmalıdır; - qurbanı kəsmək üçün niyyət olmalıdır; - qurban yalnız ALLAH üçün kəsilməlidir; - qurban kəsdikdə ALLAHIN adı çəkilməli, yəni "bismilləh" deyilməlidir; - qurban ALLAHDAN qeyrisinin adı ilə kəsilməməlidir; - qurban, kəsici iti alətlə kəsilməlidir; - qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır; - qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır; Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur. 9. Qurban kəsildikdə müstəhəb (bəyənilən) əməllər: - qurbanı qibləyə tərəf döndərmək; - qurbanı səliqəli və rahat şəkildə kəsmək; - dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək; - bıçağı kəsilən heyvana göstərməmək; - "bismilləh" dedikdən sonra "ALLAHU Əkbər" demək; - qurbanın qəbul olunması üçün dua etmək; - qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək; Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir. 10. Qurban kəsildikdə məkruh (bəyənilməyən) əməllər: - bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək; - bir heyvanın gözünün qabağında o birisini kəsmək; - kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək; Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı Qurban bayramının namazı batil etmir. (Islamazeri.com) Oxşar xəbərlər
|