İMAM KAZİMİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Mьəllif: admin1
Tarix: 20-07-2022, 12:27
İMAM KAZİMİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İMAM KAZİMİN (Ə) ŞƏXSİYYƏTİ

Adi: Musa;

Ləqəbi: Kazim;

Künyəsi: Əbülhəsən;

Atası: İmam Sadiq (ə);

Anası: Həmidə;

Övladlarının sayı: 36 (19 oğlan, 17 qız);

Təvəllüdü: 128-ci hicri-qəməri ili, Zilhiccə ayının 20-si (Bir rəvayətə görə Səfər ayının 7-si);

İmamlıq müddəti: 35 il;

Ömrü: 54 il;

Şəhadəti: 182-ci hicri-qəməri ili, Rəcəb ayının 25-i Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi;

Məzarı: İraq, Kazimeyn şəhəri.

İMAM KAZİMİN (Ə) HƏYATI

Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər.

İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir.

İmam Kazim (ə) hicrətin 182-ci və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələrdə o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı qeyd edilmişdir.

İmam Kazim (ə) əziz atası imam Sadiqin (ə) şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir.

O həzrət imam olduğu müddətdə adları çəkilmiş xəlifələrlə müasir olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd Mehdi Abbasi (158-169); Musa Hadi (169-170) və Harunər-Rəşid (170-193).

O həzrətin dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri onunla müqayisə edilə bilməzdi və o həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.)

Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi... Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.)

İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dindarlıq, təqva və səbir – bütünlükdə o həzrətdə toplanmışdı.” (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.)

“Əş-şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbirli və uca məqama sahib idi.” (c. 1, s. 304.)

Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.” (“Təhzibut-təhzib”, c. 1, s. 339.)

Bu ifadələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dediklərindən yalnız bir neçə nümunədir.

İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin səxavətli və kəramət sahibi olmasıdır. Hətta onun bu xüsusiyyəti zərbi-məsəl belə olmuşdu.

İbn Ənbə bu barədə yazır: “O həzrət özü ilə daim qızıl kisələr gəzdirər və onları qarşılaşdığı fəqirlərə və ya onun ehsanına göz dikənlərə bağışlayırdı, hətta o həzrətin qızıl kisələri dillər əzbəri olmuşdu.” (“Umdətut-talib”, s. 196.)

Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər (ə) hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin ən təqvalısı idi.” (“Mizanul-etidal”, c. 4, s. 201.)

Zahidlik və ibadət də o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadətlə məşğul olmuşdu.

İMAM KAZİMİN (Ə) ŞƏHADƏTİ

Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də dönür. İmam Kazim (ə) Mədinədə yaşayırdı. Harun, o həzrətin gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələrkən Rəsulullahın (s) qəbrinə xitab olaraq belə deyir: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm.

Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.)

Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurur. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verir.

Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verilir. O, İmamı bu karvanların biri ilə yola salır. Bunu görməkdə məqsədi o olur ki, camaat İmamın harada həbs olunduğunu bilməsin.

Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərir. İmam bir müddət onun zindanında qalır, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazır və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söyləyir. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmir.”

Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.)

Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edilir. İmam (ə) uzun müddət onun zindanında qalır. Fəzldən İmamı (ə) öldürməsini istəyirlər, ancaq o, bu işdən boyun qaçırır. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim edirlər. İmam (ə) bir müddət də onun zindanında qalır. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı.

İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verilir. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşir və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr edir. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vurulur. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verilir.

Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına gedir. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid edir və beləcə, Harunun istəyini yerinə yetirir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)


/ Maide.Az /
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031