Həzrət Adəmin (ə) üstün olmasını bəyan edən ayənin verdiyi 6 dərs
Quran buyurur: “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi. (Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla, bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)»”. (“İsra” 61-62).
Quranın bir çox ayələrində bu hadisəyə işarə edilmişdir. Belə ki, mələklər Adəmin (ə) üstünlüyünü qəbul edib, Allahın əmri ilə səcdə etmişdilər, ancaq İblis (lən) boyun qaçırtmışdır. Səcdə etməməyinin səbəbini isə Adəmin gildən, özünün isə atəşdən xəlq olduğunda görür. Bu ayələrdən bir neçə dəyərli nəticələr çıxartmaq olar. O cümlədən: 1. İrqçilik İblisin qovulmasına və lənətlənməsinə səbəb olur. 2. İblis özü daxilində qəbul edir ki, Allah ondan üstün varlıq xəlq etmişdir. Ancaq təkəbbürü üzündən bunu dildə deyə bilmir. 3. İnsan həqiqətdə mələklərdən də üstün varlıqdır. 4. Şeytan (lən) Allahdan möhlət istəyir və Allah da ona müəyyən günə qədər möhlət verir. 5. Bu ayələr demək istəyir ki, şeytan (lən) sizin qatı düşməninizdir və onu yaxşı tanıyın. Çünki onun bu dünyada hədəfi vardır və o da insanları yolundan azdırıb zəlil etməkdir. 6. İnsan bilməlidir ki, şeytanın ardınca getsə, yeri ancaq onun kimi cəhənnəm olacaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|