HƏZRƏT ADƏMİN (Ə) SAKİN OLDUĞU CƏNNƏTLƏ VƏD EDİLMİŞ CƏNNƏTİN FƏRQİ
Allah-Taala “Bəqərə” surəsinin 35-ci ayəsində buyurur:
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ “Dedik: Ey Adəm! Sən öz zövcənlə bu cənnətdə (bağda) sakin ol və hər ikiniz istədiyiniz kimi onun meyvələrindən bol-bol yeyin. Yalnız bu ağaca yaxınlaşmayın ki, özünüzə zülm edənlərdən olacaqsınız.” Allah-Taala bəşəri torpaqdan yaradıb, onu yer üzündə xəlifə təyin etdi. Onun yer üzündə yaşayışı üçün öz cinsindən bir zövcə yaratdı ki, ona munis və həmdəm olsun, həm də bu vasitə ilə insan nəsli çoxalsın. Bu məqsədlə onları yer üzündə behiştə bənzər bir bağda məskunlaşdırdı. Beləcə, Allah-Taala Öz nemətini Adəmə (ə) tamamladı, onun rifahını və rahat həyat tərzini nəzərə alaraq zövcə, məskən və yeməklə təmin etdi. Lakin Allah-Taala Adəmlə Həvvaya müəyyən bir ağacdan istifadəni qadağan etdi. Onlar bu ağaca yaxınlaşacaqları, onun meyvəsindən istifadə edəcəkləri təqdirdə özlərinə zülm etmiş olacaq və nəticədə, məskunlaşdıqları behiştdən qovulacaqlar. Belə də oldu... Qeyd edilənlərdən anlaşılır ki, həzrət Adəmin (ə) sakin olduğu cənnət vəd olunmuş cənnət olmamışdır. Çünki: 1. Vəd olunmuş cənnət mükafatdır. Həzrət Adəm (ə) nəsə bir iş görməmişdi ki, ona mükafat verilsin. (“Ali-İmran” surəsi, ayə 142.) 2. Vəd olunmuş behiştə daxil olan kəs bir daha oradan çıxmır. (“Hicr” surəsi, ayə 48.) 3. Vəd ounmuş behiştdə qadağa və vəzifə yoxdur. Halbuki həzrət Adəmə (ə) hansısa ağacdan istifadə etmək qadağan edilmişdi. Axirət behiştində hər bir şey halal və mübahdır. Bundan əlavə, dünya bağlarına da “cənnət” deyilir və bu ifadə yalnız axirət behiştinə aid deyildir. Necə ki, “Qələm” surəsinin 17-ci ayəsində oxuyuruq: اِنّا بَلَوْناهُمْ كَما بَلَوْنا اَصْحابَ الْجَنَّة “Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik...” Əhli-beyt (ə) rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt vəd olunmuş behişt olmamışdır. Bir də əlavə olaraq qeyd etməliyik ki, həzrət Adəmə (ə) edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də, bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağa tövsiyə və yolgöstərmə xarakteri daşıyırdı. Sözügedən ayə bizə öyrədir ki: 1. Həyat yoldaşı, məskən və qida bəşərin rifah və rahatlığı üçün Allahın ona bəxş etdiyi böyük nemətdir. 2. Bir şəxsi pis işdən çəkindirmək istədikdə, tərbiyə şivəsində əvvəlcə doğru yola çağırın, sonra qadağa qoyun. Bu ayədə də əvvəlcə cənnətdə qalmaq çağırışı, sonra isə qadağa bəyan olunur. Allah-Taala öncə bütün halal nemətləri Adəmlə Həvvanın ixtiyarında qoyur, sonra isə müəyyən ağacdan istifadəyə qadağa qoyur. 3. Günaha yaxınlaşmaq günahın qucağına düşməklə nəticələnir. Elə buna görə də, Allah-Taala ayədə “lə tə`kula” (bu ağacdan yeməyin) yox, “lə təqrəba” (bu ağaca yaxınlaşmayın) ibarəsini işlədir. 4. İlahi qadağalara mürtəkib olmaq Allah-Taalaya deyil, insanın özünə zərər və zülmdür, çünki insanı ilahi nemətlərdən məhrum edir. (Peyğəmbərlərin ismət sahibi və günahsız olması bunu göstərir ki, bu məqamda zikr olunan zülm “günah” yox, “tərki-övla”, yəni yaxşı bir işin tərki idi.) 5. İnsan qidalanmaqda heyvan kimi qarnına təslim olmamalı, qarşısına nə qoyuldusa yeməməlidir; əksinə bu məsələdə də Allaha müti olmalı, Onun məsləhət və halal bildiyindən istifadə etməli, qadağan və haram etdiklərindən uzaq durmalıdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 35-ci ayənin təfsiri.) Maide.Az Oxşar xəbərlər
|