Salam verəndə yoxsulla zəngin arasında fərq qoyan – Allahın qəzəbinə gələr
Mьəllif: admin1
Tarix: 19-07-2020, 11:19
Salam verəndə yoxsulla zəngin arasında fərq qoyan – Allahın qəzəbinə gələr
Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətdə oxuyuruq ki, Həzrət (s) buyurub: “Üç şey günahların örtülməsinə səbəb olar: aşkar şəkildə salam vermək, yemək vermək, insanlar yatan zaman gecə namazı qılmaq”.

Salam – İslam dininin ən üstün sünnətlərindəndir ki, Məsumlar (ə) tərəfindən həmişə vurğulanmışdır. Hər bir müsəlmana vacibdir ki, bu İslami sünnəti ayaqda tutsun.

Salam verməyin də hər bir əməl kimi ədəb və qaydası vardır. Bu əməl din qardaşları və bacıları arasında ülfətin yaranmasına səbəb olar.

Allah Təalanın hər bir adı Onun Zatının sifət və həqiqətini açar. Salam da bu adlardan biridir ki, salamatlıq və dostluq mənasını verir.

Allah “Həşr” surəsində Özü haqqında buyurur: “O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir.

Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir.

Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır).

Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır”. (“Həşr” 23).

Allah Təala bəndələrinə icazə vermişdir ki, bir-birini görən zaman Onun mübarək adını bir-birinə hədiyyə etsinlər. Bu yolla onlara xeyir və bərəkət nəsib olar. Hər kim bu İlahi sünnətdə ilk addım atar, ən çox nemət və bərəkət də ona nəsib olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah və Rəsulu (s) yanında ən layiqli insan o kəsdir ki, salamı başlatsın”. (Yəni, ilk salam versin).

İmam Sadiq (ə) buyurur: “Salamı başladan Allah və Rəsuluna (s) daha yaxındır”.

Salamı yüksək səslə demək də bu əməlin qaydalarından biri sayılır. İmam Baqir (ə) buyurur: “Allah Təala yüksək səslə salam verməyi sevər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim 4 şeyi mənim üçün öhdəsinə götürər, mən behiştdə onun üçün 4 evi zəmanət verərəm. (Onlardan biri də) hər yerdə aşkarda salam verməkdir”.

Hər kim salam verməz, simic adlandırılar. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurub: “Simic o kəsdir ki, salam verməkdə simiclik edər””.

Məsumlar (ə) uşaqlara salam verməyi tövsiyə edirlər. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şeyi ömrümün axırına qədər buraxmayacağam. (Onlardan biri) uşaqlara salam verməkdir ki, məndən sonra sünnət olsun”.

Salam verən zaman insanların arasında fərq qoymaq olmaz. İmam Rza (ə) buyurur: “Hər kim yoxsul müsəlman ilə görüşər və ona elə salam verər ki, zənginə verdiyi salamdan fərqlənər, Qiyamət günü Allahla elə halda görüşər ki, Allah ona qəzəblənmiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Danışmazdan əvvəl salam verin və əgər kimsə salam verməzdən əvvəl danışarsa ona cavab verməyin”.

Salama cavab vermək vacib əməllərdəndir. İmam Sadiq (ə) buyurur: “Məktuba cavab yazmaq - salama cavab vermək kimi vacibdir. Salamı başladan Allah və Rəsulu (s) yanında daha layiqlidir”.

Ola bilsin ki, salam vermək hər birimiz üçün adi bir əməl kimi görünsün, lakin bu İlahi sünnət əgər ədəb və qaydası ilə yerinə yetirilərsə, insan üçün çox sayda maddi və mənəvi bərəkət gətirər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930