DİLƏNÇİLİK – BƏYƏNİLMƏYƏN XİSLƏT
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 273-cü ayəsində buyurur:
لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ “(İnfaq və sədəqə) Allah yolunda məhrumiyyətə düşüb (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət və səfər edə bilməyən yoxsullar üçündür. Onlar iffətli və həyalı olduqlarından (dilənçilikdən çəkindiklərindən) nadan şəxs onları varlı hesab edir. (Ya Rəsulum!) Sən isə onları simalarından tanıyarsan – onlar heç vaxt insanlardan israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir!” Bir çox təfsir kitablarında, o cümlədən, Fəxr Razinin təfsirində, “Məcməul-bəyan” kitabında və Qurtubinin təfsirində nəql olunur ki, bu ayə “Süffə səhabələri” haqqında nazil olmuşdur. Süffə səhabələri, təqribən, dörd yüz nəfər idi və Məkkədən Mədinəyə hicrət etmişdilər. Onların Mədinədə evi, daldalanacağı olmadığından, Peyğəmbər məscidinin kənarında “süffə” (böyük səki) üstündə yaşayır və daim cihada hazırlıqlarını bildirirdilər. Bu ayə bizə öyrədir ki: 1. Varlıların var-dövlətində fəqirlərin haqqı var. 2. Mücahid və mübarizlərə, tağutla mübarizədə siyasi fəaliyyətlərinə görə həbsə düşənlərə, sığınacaqsız mühacirlərə, Allah yolunda məhrumiyyətə düçar olan bütün insanlara və öz maddi ehtiyacını təmin etmək üçün çalışmaq fürsətindən məhrum edilənlərə diqqət yetirilməlidir. 3. Köç və səfər etməklə başqa bir məntəqədə yaşayıb maddi ehtiyacını təmin edə bilənlər infaq intizarında olmamalıdırlar. 4. İffətli, pak, abırlı və həyalı yoxsullar Allah tərəfindən xoş sözlərlə yad edilir. 5. Tanınmayan və möhtərəm fəqirlər öndə gəlir. 6. Sizin üçün zərurət yaransa da, yenə kimdənsə israrla bir şey istəməyin. Dilənçilik bəyənilməmiş sifətdir. 7. İnsafdan deyil ki, bir dəstə insan bütün varlığını fəda edib mühasirədə qalsın, digər bir qrup onlara da infaq etmək istəməsin. Əllamə Təbatəbainin əxlaq ustadı Ayətullah Mirzə Əliağa Qazi ilə bağlı bir əhvalat nəql olunur. Nəcəfdə onun bir tərəvəz satandan təravətini itirmiş göy-göyərti aldığını görüb soruşurlar ki, nə üçün belə şeylər alır? O, belə cavab verir: “Bu dükançı yoxsul bir şəxsdir. Ona kömək etmək istəyirəm. Amma istəmirəm ki, abrını itirsin və kimdənsə nəsə almağa vərdiş etsin. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 273-cü ayənin təfsiri.) Maide.Az Oxşar xəbərlər
|