Məhərrəm ayında Əhli-beytin (ə) nicat gəmisinə minək
Qəməri ilinin ilk ayı olan Məhərrəm ayı haram aylardan sayılır. Quranın buyurduğuna görə, hər kim onun hörmətini aradan aparar, onu ağır əzab gözləyər. 61-ci qəməri ilində bu ayın hörməti aradan getdi və Peyğəmbər (s) nəvəsi qətl edildi.
Məhərrəm ayı Ali-Muhəmməd (ə) üçün əza ayıdır. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Məhərrəm ayı gəlib çatardı, heç kəs atamı gülərüz görməzdi. Aşura günü atam üçün ağlamaq, müsibət və qəm günü idi”. Məhərrəm ayı gəlib çatdı ki, bizi yenə də nicat gəmisinə mindirsin və İlahi nur vasitəsilə düzgün yola hidayət etsin. Həzrət Peyğəmbər (s) buyurur: “Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir”. Allah Təala müsəlmanlara əmr edir ki, bu ayda Ona daha çox yaxınlaşsınlar və doğru yolu Onun vasitəsilə tapsınlar. Belə ki, Quran buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. (“Maidə” 35). Tövbə və dualarımızın bu ayda qəbul olması üçün İmam Hüseyni (ə) vasitə qərar verib, Allaha yaxınlaşmağa çalışaq. Hər kim onun məzlumiyyətinə görə göz yaşı tökər, tövbələri qəbul olar. İmam Rza (ə) buyurur: “O kəs ki, bizim müsibətləri yada salaraq ağlayar və ya başqalarını ağladar – Qiyamət günü ağlar olmaz”. Əhli-Beyt (ə) hər birimiz üçün nicat gəmisidir. Necə ki, bir gün İmam Kazım (ə) bir evin yanından keçirmiş və orada ğina və müsiqi səsləri eşidir. Evin kənizindən soruşur ki, bu evin sahibi azaddır, yoxsa quldur. Kəniz cavab verir ki, azad insandır. İmam (ə) buyurur ki, əgər qul olsaydı, bu qədər itaətsizlik etməzdi. Kəniz İmamın (ə) bu sözlərini ev sahibinə deyəndə, həmin şəxs tövbə edir və əməllərindən peşman olur. Əhli-Beyt (ə) çox sayda insanı qəflətdən ayıldıb doğru yola hidayət etmişdir. Məhərrəm ayı da elə bir aydır ki, hər birimiz İmam Hüseynin (ə) ətəyindən yapışıb, Allaha daha bir addım yaxınalaşa bilər və doğru yolu tanıya bilərik. Qurani-Kərim buyurur: “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (”Nisa” 64). Əhli-Beyt (ə) üçün göz yaşı tökmək – peyğəmbərlərin sünnətlərindəndir. Yəqub (ə) peyğəmbər Yusif (ə) üçün o qədər göz yaşı tökür ki, gözünün nurunu itirir. “Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!». Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu”. (“Yusif” 84). İslam dininin əvvəllərində Həzrət Peyğəmbərə (s) ayə nazil olan zaman göz yaşlarını saxlaya bilmirdilər. Çünki onlar haqqı tanıyırdılar. Quran buyurur: “Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et!»”. (“Maidə” 83). Allah Təala bu insanlardan haqqı tanıdıqları üçün söz açmışdır. Hər kim Əhli-Beytə (ə) göz yaşı tökər, o deməkdir ki, haqqı tanıyır, Əhli-Beytin (ə) haqq olduğunu dərk edir. Əba Abdullahın (ə) əza məclislərində iştirak edərək özümüzü nicat gəmisinə çatdıraq və onun feyzindən bəhrələnməyə çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|