Məhərrəm ayını yaşatmağı İmam Kazımdan (ə) öyrənək
Mьəllif: admin1
Tarix: 3-08-2022, 10:42
Məhərrəm ayını yaşatmağı İmam Kazımdan (ə) öyrənək
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İmam Hüseynin (ə) şəhadəti möminlərin qəlbinə elə atəş salmışdır ki, heç bir zaman sönməyəcəkdir”.

Bu səbəbdən hər dəfə məhərrəm-səfər dönəmi gələn zaman möminlərin qəlbi alovlanır və bu alov daha da artır və heç bir zaman sönmək istəmir.

İmam Rza (ə) atası İmam Kazımın (ə) Məhərrəm ayı gələn zaman keçirtdiyi hissləri bizimlə bölüşmüş və buyurmuşdur: “Atamın üslubu belə idi ki, nə zaman Məhərrəm ayına daxil olsaydıq, heç bir zaman gülməzdi. Qəm ona qələbə çalardı, o zamana qədər ki, Məhərrəm ayından on gün keçərdi.

O zaman ki, onuncu gün gəlib çatardı, həmin gün atam üçün qəm və ağlamaq günü olardı. Bu, həmin gündür ki, Hüseyn (ə) – Allahın salamı olsun ona! – həmin gündə qətl edilmişdir”.

İnşəallah ki, biz də Məhərrəm ayını bu cür yaşadarıq.

Yeri gəlmişkən, İmam Musa Kazımın (ə) həyat yolu ilə tanış olaq.

Həzrət İmam Kazım (ə) 128-ci hicri ilinin səfər ayının 7-də Hicaz diyarında olan Əbva adlı yerdə dünyaya gəlmişdir. İmamın (ə) atası – İmam Sadiq (ə), anası isə Həmideyi-Bərirə olmuşdur.

İmam Kazım (ə) 35 il imamətlik etmiş və 20 yaşında imamət kürsüsündə əyləşmişdir.

Həzrətin (ə) adı: Musa ibni Cəfərdir. Künyəsi Əbul-Həsən, Əbu İbrahim, Əbul-Həsəni Əvvəl, Əbu Əli, Əbu İsmayil olmuşdur.

Ləqəbləri: Kazım, Sabir, Saleh, Əmin və Əbdulsalehdir.

İmam Kazım (ə) Mənsur Abbasinin dövründə imamətliyə çatmışdır. O zamandan 183-cü ilə qədər bir neçə Abbasi xəlifəsi tərəfindən həbs edilib, zindana salınmışdır. İmam (ə), Harun Rəşidin dövründə dörd il ərzində zindana salınmış və o xain tərəfindən zindanda şəhadətə çatmışdır.

İmamın (ə) həyatının çox hissəsi zindanda keçmişdir və o Həzrət (ə) çoxlu əzab-əziyyətlər çəkmişdir.

Şeyx Müfid İmamın (ə) Harun tərəfindən zindana salınmasını belə bəyan edir: “İmamın (ə) zindana salınmasının əsil səbəbkarı Yəhya ibni Xalid olmuşdur. Harun oğullarından biri olan Əmini, Xorasanın valisi olan İbni Əşəsə tapşırmışdı ki, bu şəxs İmamın (ə) yaxın dostlarından idi.

Yəhya qorxurdu ki, əgər hökumət Əminin əlinə keçərsə, İmamı (ə) hökumət başına gətirəcəkdir. İbni Əşəs Əhli-Beyt (ə) davamçısı idi və İmam Kazımın (ə) davamçılarından hesab olunurdu.

Yəhya bunu Haruna xəbər verir. Yəhya öz sözünü möhkəmləndirmək üçün İmamın (ə) bir qardaşı oğlundan istəyir ki, İmam (ə) barəsində pis sözlər desin.

Deyilənə görə, İmam Kazım (ə) bu hadisədən xəbər tutan zaman, qardaşı oğlundan istəyir ki, bu səfərdən əl çəksin və Yəhyanın təklifini rədd etsin. Ancaq Əli ibni İsmayıl qəbul etmədi. Əli gəlir və əmisinin əleyhinə xəbər verir ki, ona şərqdən və qərbdən maddi yardım edirlər və nəticədə böyük bir sərvətə malik olmuşdur.

Harun həmin ili həccə gedir və Mədinədə İmam (ə) və şəhər zadəganları onu görmək üçün gəlirlər. Harun Peyğəmbərin (s) qəbrinə tərəf gedir və deyir: “Ey Rəsulallah! Səndən üzr istəyirəm ki, Musanı zindana salmaq istəyirəm. Çünki o, sənin ümmətini bir-birinə vurmaq istəyir (nəuzubillah!)”.

Bu zaman əmr edir ki, İmamı (ə) məsciddən çıxartsınlar. Onu Bəsrə valisi İsa ibni Cəfərin yanına aparırlar.

İsa bir müddət sonra Haruna məktub yazır və xəbər verir ki, İmam Kazım (ə) zindanda ancaq ibadətlə məşğul olur. Ya kimisə göndərsin ki, onu azad etsin, ya da mən özüm onu azad edəcəyəm.

Harun bundan sonra İmamı (ə) Bağdada gətirir və onu Fəzl ibni Rəbihə tapşırır. Bir müddət sonra ona əmr edir ki, İmama (ə) işgəncə versin, ancaq Fəzl qəbul etmir.

Ona görə də Harun İmamı (ə) Fəzl ibni Yəhyaya tapşırır. İmam (ə), Fəzlin evində də ancaq ibadətlə məşğul olur və Harun bu xəbəri eşidən zaman qəzəblənir. Nəhayət Yəhya İmamı (ə) Səndi ibni Şahəkə tapşırır.

Səndi də İmamı (ə) zindanda zəhərləyir. Səndi İmamı (ə) şəhid etdikdən sonra, mübarək cənazəsini şəhər fəqihlərinə göstərib deyir ki, baxın, o, özü ölübdür. Heç bir yara izi yoxdur.

Sonra İmamı (ə) Qureyş qəbiristanlığında dəfn edirlər.

Beləliklə, Həzrət (ə) 183-cü ildə Rəcəb ayının 25-də şəhadətə çatır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031