ALLAHIN BİZİM İBADƏTİMİZƏ EHTİYACI VARMI?
Allah-Taala Qurani-Kərimin “Zariyat” surəsinin 56-cı ayəsində insanın yaradılış fəlsəfəsi haqda belə buyurur:
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ “Mən cin və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” “Allah insanı ibadət üçün yaradıb” dedikdə, nə nəzərdə tutulur? İnsanların ibadətinə, səcdəsinə Allahın ehtiyacımı var? İnsan özünə qarşı ehtiram görəndə qəlbi açılır. Görən Allah da ehtirama möhtacdırmı? Bütün bu suallar Allahı tanıyan insan üçün öz qənaətbəxş cavabını tapmışdır. Allah mütləq kamal sahibi və mütləq ehtiyacsızdır. İnsanın yaradılması və ibadət edib-etməməsi Allaha bir şey artırıb-əskiltmir. Tənhalıqdan əziyyət çəkmək naqis vücuda xas sifət olduğundan, yaranışı Allahın tənhalığı ilə də əlaqələndirmək olmaz. İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allah məxluqu onun ibadətindən ehtiyacsız, itaətsizliyindən amanda olduğu halda yaratdı.” Allah insanın ibadətindən ləzzət almadığı kimi, onun üsyanından da əziyyət çəkmir. Allahıtanıma bəhslərində oxuyuruq ki, Allahın sifətləri özünəməxsusdur. Yəni əgər eyni bir sifət həm Allahda, həm də insanda varsa, bu sifətlər arasında fərq vardır. Məsələn, Allahın elmi insanın elmindən fərqlənir. İnsanın elmi “hüsuli”, yəni öyrənməklə əldə edilir, amma Allahın elmi “hüzuri”dir, yəni Allah zatən alimdir. İnsanın gücü inkişaf etmiş əzələlərdən ibarətdirsə, cisim olmayan Allahın qüdrəti tamam başqa məzmundadır. Allahın razılığı və qəzəbi də insanın razılıq və qəzəbindən fərqlənir. Əgər insan razı qalanda şadlanırsa, Allah şadlanmaq halından çox uzaqdır. “Ərəfə” duasında oxuyuruq: “Pərvərdigara, Sənin razılığın müqəddəsdir və heç bir səbəbə bağlı deyil. Belə deyil ki, əvvəl Sənin razılığın mövcud olmayıb, Sən onu sonradan xəlq etmisən, o ki qaldı mən Sənin razılığına səbəb olum.” Allahın qəzəbi də belədir. Bu qəzəb onun halını dəyişmir. Allah üçün hal dəyişməsi qeyri-mümkün olduğundan insan bu halı dəyişməkdə acizdir. (“Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.32-33.) Ustad Möhsin Qəraətinin bu mövzuda gözəl bir misalı var: Hamı öz evini günəşə doğru tiksə də, tikməsə də, günəşə nə bir şey artırılar, nə də ondan bir şey əskilər. Günəşin insanların ona doğru üz tutmasına ehtiyacı yoxdur. Əgər biz evimizi günəşə doğru tikiriksə, mənası budur ki, bizim həm özümüzün, həm də evimizin onun istiliyi və enerjisinə ehtiyacımız var. Allah-Taala “Mənə ibadət edin, namaz qılın“ deyirsə, bunun mənası bu deyil ki, Onun bizim ibadətimizə ehtiyacı var. Xeyr, bu bizik ki, Allah-Taalaya üz tutmaqla Onun xas lütfü və rəhmətindən bəhrələnirik. “İbrahim“ surəsinin 8-ci ayəsində buyurulur: إِن تَكْفُرُوا أَنتُمْ وَمَن فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ “Əgər siz və bütün yer üzündə olanlar küfr etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac deyildir və tərifə layiqdir.” “Fatir“ surəsinin 15-ci ayəsində də buyurulur: يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ“ Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) tərifə layiqdir!” Hazırladı: Maide.Az Oxşar xəbərlər
|