Ölümü arzulamağa dinimiz necə baxır?
“De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız)». Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir”. (“Cümə” 6-7).
Ölümü arzu etməyin nə qədər mühüm bir mövzu olduğunu biz insanlar yaxşı dərk edirik. Bəs dinimiz bu mövzuya necə baxır? Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kimə bir ziyan yetişsə, giriftarlığa düçar olsa Allah eləməsin ki, ölümü arzulasın”. Məsumlarımız (ə) ölümlə bağlı belə dualar edərdilər: “Allahım, madam ki, sağ olmaq mənim faydamadır, məni sağ saxla. Madam ki, xeyirim ölməyimdədir, məni öldür”. Yəni, Məsumlarımız (ə) bizə tövsiyə edir ki, ölümü birbaşa arzu etmək yaxşı əməl sayılmır. Əgər ölümlə bağlı dua etmək istəyiriksə, gərək Məsumların (ə) tövsiyə etdikləri kimi dua edək. Həzrət Peyğəmbər (s) buyurur: “Ölümü arzu etməyin, bəlkə həyatı arzu edin. Çünki bilmirsiniz ki, göndərdikləriniz nədir”. Həqiqətən də biz dəqiq bilmirik ki, behişt əhliyik, yoxsa cəhənnəm. Bir nəfər İmam Sadiqin (ə) yanında ölümü arzu edir və Həzrət (ə) ona buyurur: “Həyatı arzu et ki, itaət edəsən, günah etməyəsən. Əgər sağ olsan və itaət etsən, sənin üçün ölməkdən daha yaxşıdır”. Yəni, insanın sağ olub itaət etməsi ölümü arzu etməsindən daha yaxşı və daha üstün əməldir. Əgər insan sağ olsa və saleh əməllər yerinə yetirsə, ölüb heç bir iş görə bilməməkdən təbii ki, daha yaxşıdır. Həzrət Peyğəmbər (s) əmisi Abbasın yanına gəlir və o, xəstə idi. Ağrısı o qədər çox idi ki, şikayət edir və ölümü arzulayırdı. Peyğəmbər (s) ona buyurdu: “Ölümü arzulama. Əgər yaxşı əməl sahibisənsə, əvvəlki yaxşılıqlarına yaxşılıq əlavə etmək daha yaxşıdır. Əgər günah əhlisənsə, sənin üçün tövbə etmək daha yaxşıdır”. Hər bir halda Həzrət (s) buyurur ki, ölümü arzulamayın. Çalışın ki, yaxşı əməllərinizin sayını artırasınız. Əgər günah əhlisinizsə, tövbə edəsiniz. Ona görə də deyə bilərik ki, müqəddəs İslam dininin nəzərinə görə, ölümü arzulamaq yaxşı əməl hesab olunmur. İnsan gərək qalan ömründən istifadə edərək, yaxşı əməllərinin sayını artırsın və səhvlərini aradan aparmağa çalışsın. /Deyerler.org/ Oxşar xəbərlər
|