BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ
Qurani-Kərim nöqteyi-nəzərindən məad həm cismani, həm də ruhani-mənəvi yönə malikdir. İnsan Qiyamət səhnəsində həm cisim, həm də ruhu ilə birgə hazır olacağından, təbii ki, hər iki yöndə ilahi nemət və bərəkətlərdən bəhrələnəcəkdir.
Behiştin bütün nemətlərini ruhani-mənəvi güman edənlər və Qurani-Kərimin cismani nemətlərdən bəhs edən ayələrinin kinayə dilinə aid olduğunu düşünənlər, həqiqətdə bundan qafildirlər ki, Behişt nemətlərinin ruhani-mənəvi nemətlərinə inhisarı cismani məadın inkarı deməkdir və bu da Quran ayələrinə açıq-aşkar ziddir. Məlum olduğu kimi, “cisim” və “ruh” bir-birindən ayrılmaz iki həmzaddır. Bu dünyada bir-birindən ayrı təkamül yolunu keçə bilmədikləri kimi, o dünyada da ilahi nemətlərdən bir-birindən ayrı faydalana bilməzlər. Bir sözlə, Behiştin ruhani-mənəvi nemətləri kimi, cismani nemətləri də fərqli, çeşidli və könüloxşayandır. Qurani-Kərimdə bu məsələ təkrar-təkrar vurğulanır ki, insanların diqqəti həmin nemətlərin mənşəyi olan xeyir əməllər, gözəl xüsusiyyətlər və fəzilətlərə yönəlsin. (Aydındır ki, əksəriyyət ruhani-mənəvi nemətlərdən daha çox cismani nemətlər haqqında düşünür.) Bu işarə ilə Qurani-Kərim ayələrinə əsasən, Behiştin maddi-cismani nemətləri aşağıdakılardan ibadətdir: 1. Behişt bağları; 2. Ləzzətbəxş kölgələr; 3. Məskənlər və qəsrlər; 4. Xalçalar və taxtlar; 5. Yeməklər; 6. Pak şərablar; 7. Ləzzətbəxş şərablar; 8. Qablar və qədəhlər; 9. Libaslar və zinətlər; 10. Behişt yoldaşları (hurilər); 11. Xidmətçilər və saqilər; 12. Pişvazçılar (xüsusi xidmət); 13. Pişxidmətlik (xüsusi hazırlıq); 14. Təsəvvürə sığmayan nemətlər. Qurani-Kərim ayələrində bu mövzulara ayrı-ayrılıqda rast gəlinir. Allahın iznilə sonrakı qeydlərimizdə onların hər birinə toxunacağıq. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh. 86-87). Tərcümə etdi: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|