İMAM SADİQİN (Ə) KƏLAMINDA MÖMİNİN XÜSUSİYYƏTLƏRİ
Mьəllif: admin1
Tarix: 16-05-2023, 10:10
İMAM SADİQİN (Ə) KƏLAMINDA MÖMİNİN XÜSUSİYYƏTLƏRİ
İmam Sadiq (ə) möminin xüsusiyyətləri haqda belə buyurur:

یَنْبَغِی لِلْمُؤْمِنِ أَنْ یَکُونَ فِیهِ ثَمَانِی خِصَالٍ: وَقُوراً عِنْدَ الْهَزَاهِزِ، صَبُوراً عِنْدَ الْبَلَاءِ، شَکُوراً عِنْدَ الرَّخَاءِ، قَانِعاً بِمَا رَزَقَهُ اللَّهُ لَا یَظْلِمُ الْأَعْدَاءَ وَ لَا یَتَحَامَلُ لِلْأَصْدِقَاءِ، بَدَنُهُ مِنْهُ فِی تَعَبٍ وَ النَّاسُ مِنْهُ فِی رَاحَهٍ. اِنَّ العِلم خَلیلُ المؤمِنِ، وَ الحِلمَ وَزیرُهُ، وَ العقلَ اَمیرُ جُنُوِدِه، و الرِّفقَ اَخُوهٌ ، وَ البرَّ والِدُهُ.

“Möminə yaraşır ki, səkkiz xislətə sahib olsun: 1. ağır hadisələr müqabilində vüqarlı olsun; 2. bəla müqabilində səbirli olsun; 3. nemətə qərq olduqda şükür etsin; 4. Allahın verdiyi ruziyə qane olsun; 5. düşmənlərə zülm və haqsızlıq etməsin; 6. (öz vəzifə və gücündən artıq) dostların yükünü öhdəsinə götürməsin; 7. bədəni (Allah yolunda) əzab-əziyyətdə olsun; 8. insanlar onun əlindən rahatlıqda olsunlar. Həqiqətən, elm həqiqi möminin dostu, səbir onun vəziri, əql dəstəsinin əmiri, mülayim rəftar qardaşı, xeyirxahlıq isə atasıdır.” (“Biharul-ənvar”, 67-ci cild, səh.268.)

QISA ŞƏRH

1. Mömin ağır hadisələr müqabilində vüqarlıdır:

Hədisdə qeyd olunan “vəqur” “vüqar” sözündən götürülüb, təmkinli və səbirli olmaq, “həzahiz” sözü isə insanları qorxuya salan fitnələr, çətinliklər və müharibələr mənasını daşıyır. İnsanın (istər mömin olsun, istərsə də qeyri-mömin) həyatda bir sıra gözlənilməz çətinliklər və möhnətlərlə üzləşməsi qaçılmazdır.

Belə bir şəraitdə onun əl-ayağını itirərək tabsızlıq göstərməsi, sözsüz ki, dərdini sağaltmayacaq və çətinliyini aradan qaldırmayacaq. Əksinə, çətinliyini aradan qaldırmaq üçün təfəkkür qüvvəsini əldən verərək çətinlik üstə çətinlik artıracaqdır.

İmam Əli (ə) “Həmmam” xütbəsində təqvalıların səciyyələrini bəyan edərkən buyurur: “Təqvalı insan çətinliklərdə vüqarlı və dözümlü, acı anlarda səbirlidir.” (“Nəhcül-bəlağə”, xütbə 193.)

2. Mömin bəla müqabilində səbirlidir:

Səbirli olmaq möminin başlıca xüsusiyyətlərindən biridir. Səbrin əhəmiyyəti barəsində imam Sadiqdən (ə) nəql olunan bu qısa hədis kifayətdir: “Səbir imanın başıdır.”

İmam Səccad (ə) və imam Sadiqdən (ə) nəql olunan bir neçə hədisdə belə buyurulur: “Səbrin imana nisbəti başın bədənə nisbəti kimidir. Səbirsiz insanın imanı olmaz.” “Baş aradan getdikdə bədən də aradan gedir.” “Səbir aradan qalxdıqda iman da aradan qalxar.” (“Üsuli-kafi”, 2-ci cild, “səbir” bölümü.)

3. Mömin nemətə qərq olduqda şükür edir:

Rahatlıq və şadlıq zamanı dildə şükür etmək kifayət etməz, əksinə hər hansı bir nemətin şükrü həmin neməti Allah-Taalanın təyin etdiyi yerlərdə xərc etmək və işlətməkdir. Necə deyərlər, güclünün şükrü gücsüzün əlindən tutmaqdır.

İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Həqiqətən, Allah-Taalanın hər bir nemətdə şükür haqqı vardır ki, hər kim onu yerinə yetirsə, Allah həmin neməti onun üçün artırar. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, Allah həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar.”

O həzrət başqa bir hədisdə buyurur: “Alimin öz elminə şükrü ona əməl etməsi və elmini layiq olanlara öyrətməsidir.” (“Mizanul-hikmə”, 5-ci cild, səh.407.)

4. Mömin Allahın verdiyi ruziyə qanedir:

İmam Sadiq (ə) başqa bir hədisdə belə buyurur: “Hər kim Allahın ona verdiyi ruziyə qane olsa, insanların ehtiyacsızı və qənisi olar.” (“Üsuli-kafi”, 3-cü cild, səh.209.)

5. Mömin düşmənlərə zülm və haqsızlıq etməz:

Mömin, dostlarına zülm və haqsızlıq etmədiyi kimi, düşmənlərə də zülm və haqsızlıq etməz. İmam Baqirdən (ə) belə nəql olunur: “Dünyada zülm axirətin zülmətləridir.” (“Biharul-ənvar”, 75-ci cild, səh.312.)

Peyğəmbəri-Əkrəmdən (s) də belə nəql olunur: “Üç xislətə sahib olan şəxs imanın xüsusiyyətlərini kamilləşdirir: 1. razı olduğu halda batilə yönəlməyən; 2. qəzəb halında qəzəbi onu haqdan çıxarmayan; 3. qüdrətə çatdıqda, haqqı (layiq) olmadığını özünə götürməyən (qüdrətindən sui-istifadə etməyən).” (“Məhasini-Bərqi”, səh.6.)

6. Mömin (öz vəzifə və gücündən artıq) dostların yükünü öhdəsinə götürməz:

Mərhum Əllamə Məclisi bu cümlənin mənası ilə bağlı üç ehtimal irəli sürür:

1. Mömin dostlarına görə başqalarına zülm və haqsızlıq etməz;

2. Onların günah və xətasını öhdəsinə götürməz; buna yalandan şəhadət verməyi və yaxud haram işə qurşanmağı misal göstərmək olar.

3. Gücü çatmayan işi öhdəsinə götürməz.

Ümumiyyətlə, mömin dostluqda ifrata varmaz və orta mövqedən çıxmaz. Başqa sözlə, möminin dostluğunun təməli nəfsani istəklər yox, Allahın razılığıdır. Bəlkə də rəvayətlərdə qeyd olunan “Allaha xatir sevmək” və “Allaha xatir nifrət bəsləmək” ifadəsinin mənası elə budur!

İmam Sadiqdən (ə) nəql olunun bir hədisdə belə buyurulur: “Həqiqətən, imanın ən möhkəm (və qırılmaz) ipi Allaha xatir sevmək, Allaha xatir nifrət bəsləmək, Allaha xatir qəzəblənmək, Allaha xatir əta etmək və Allaha xatir (bir işin gerçəkləşməsinə) mane olmaqdır.” (“Biharul-ənvar”, c.69, səh.236 və 269.)

7. Möminin bədəni (Allah yolunda) əzab-əziyyətdə olar:

Bu cümlənin zahiri mənası odur ki, mömin fərdi baxımdan hər gün vacib və müstəhəb ibadətlər yerinə yetirdiyi, zəhmətə qatlaşdığı və bununla yanaşı qeyri-şəri ləzzətlərdən pəhriz edib nəfsi ilə mübarizə apardığı üçün bədəni əzab-əziyyətdədir.

İctimai baxımdan da başqalarına yardım etmək və dərdinə qatılmaq, kimsəsizlərin qayğısına qalmaq və onların çətinliklərini aradan qaldırmağa səy göstərməyi öz vəzifəsi bilir ki, bu da onun əzab-əziyyətinə səbəb olur və hətta başqalarının əziyyətdə olmasından əziyyət çəkir, onların möhnətini öz möhnəti hesab edir. Allah-Taala Qurani-Kərimdə Peyğəmbəri-Əkrəmi (s) vəsf edərkən buyurur:

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

“Həqiqətən, sizə (mələklər və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.” (“Yunus”/128.)

8. İnsanlar möminin əlindən rahatlıqda olarlar:

Mömin heç kimi incitməz və çətinliklərdə camaata yardım edər. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə də belə buyurulur: “Sizi möminin “mömin” adlanmasının səbəbindən agah edimmi? Səbəbi odur ki, insanların can və malları onun əlindən əmin-amanlıq və rahatlıqdadır.” (“Biharul-ənvar”, 67-ci cild, səh.60.)



(Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930