Sədəqə kimlərə verilməlidir?
Quran edə biləcəyimiz ən yaxşı infaq haqqında buyurmuşdur: “(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür.
Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir. Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 272-273). Ayətullah Məkarim Şirazi bu ayələrin təfsirində buyurmuşdur: “Bu ayədə kimlərə infaq etmək haqqında məlumat verilmişdir. Yəni, üç sifətə malik olan insanlara. Birinci o kəslərdir ki, Allah yolunda bəlaya düçar olanlardır. Yəni, o kəslərdir ki, Allah yolunda cihad etmək və müharibələrdə iştirak etdikləri üçün heç bir peşə sahibi olmamış və qazanc əldə edə bilməmişdilər. Buna misal olaraq Peyğəmbərin (s) zamanında yaşayan Suffə səhabələrini göstərmək olar. İkinci dəstə o kəslərdir ki, çox həyalı olan yoxsul insanlardır ki, başqaları onları zəngin hesab edərlər. Lakin bu, o demək deyildir ki, onları tanımaq mümkün deyildir, bəlkə onları üzlərindən tanımaq olur. Onların dili deməsə də, qiyafələri və üzləri çəkdikləri maddi əziyyətdən xəbər verir. Üçüncü dəstə isə o kəslərdir ki, insanlardan heç bir zaman təkidlə bir şey istəməzlər. Onlar adi yoxsullar deyildirlər. Ayənin sonunda Allah buyurur ki, Allah yolunda infaq etdiyiniz hər şeydən Allah xəbərdardır. Allah bu nurani kəlamı ilə insanları infaq etməyə təşviq edir və bu əməlin nə qədər izzətli olduğunu vurğulayır. Allah Təala həmişə insanların öz qazancı ilə yaşamasının tərəfdarıdır. O kəslər ki, üzrsüz yerə sədəqə alır, onları bu əməllərinə görə məzəmmət edir və bəyənmir. Hədislərdə də eyni əqidəyə rast gəlirik. Belə ki, Peyğəmbər (s) buyurur: “Sədəqə, ehtiyacı olmayanlar üçün haramdır”. Başqa hədisdə Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O kəs ki, kifayət qədər ruzisi olduğu halda insanlardan (sədəqə) istəyərsə, cəhənnəm atəşini özü üçün çoxaltmış olar””. Allah Təala bizləri infaq edənlərdən qərar versin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|