Müsəlmanların ilk qibləsi – Qiblənin dəyişilmə səbəbi
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! (Bəqərə-115)
İslaminSesi – Qiblə, yaxud bir istiqamətə üz tutmaq! Qiblə anlayışı səmavi, tohid dinlərinə məxsus olan xüsusi bir anlayışdır. Bu məsələ İslam dinində özünü daha qabarıq şəkildə göstərir. Çünki digər səmavi dinlərdən fərqli olaraq İslam dini gündəlik ibadtlərə daha çox önəm verir və bu ibadətlərin kompleks şəkil alması üçün qiblə anlayışı çox önəmlidir. Bu baxımdan qiblə vəhdətin və bir əqidəyə etiqadın ən bariz göstəricisidir. Çünki İslam dini təkcə fərdi hökümlərdən ibarət deyil, həmçinin ictimai məsələləri də özündə ehtiva edir. Qiblə məsələsi də bu növ işlərdəndir ki, vəhdətə və bir mərkəzə diqqətə xidmət edir. Bu bir mərkəzə diqqət istər zahiri formada yönəlməkdən ibarət olsun, istərsə də batini formada ağıl və qəlblərin yönəlməsi kimi olsun. Ayətullah Məkari Şirazi qəbləyə yönəlmənin həqiqəti və əhəmiyyətinə toxunaraq buyurur: “Hazırda qiblə olaraq təyin edilən Kəbə evi ən qədim tohid məkanlarındandır. Ona tərəf yönəlmək insana tohidi (səmavi dinləri, Allahı) xatırladır. Qibləyə tərəf yönəlmək heç də Allahın müqəddəs zatına tərəf yönəlmək mənasında deyil. Dində göstəriş verilib ki, hamılıqla bir səmtə namaz qılınsın. Bununla da müsəlmanların vəhdət və həmahəngliyi qorunsun və əməl zamanı həc-mərclik və pərakəndəlik aradan qaldırılsın. Təsəvvür edin hərə bir istiqamətə namaz qılsa və ya namaz cərgələri dağınıq olsa hansı vəziyyət yaranar?” (Təfsir-nümunə 1/115) Tarixi mənbələrdə qeyd olunur ki, İslamın ilkin çağlarında müsəlmanlar Beytul-Müqəddəsə tərəf namaz qılırdılar. Hz.Adəmdən (ə) bəri bəşərin qibləsi Kəbə olub, lakin ulul-əzm peyğəmbər Hz.Musa (ə) ın vaxtında qiblə dəyişdirilib Məscidul-Əqsaya tərəf olub (Tarixi ibn Xaldun). Hər bir tohid dinində qiblənin təyin edilməsi AllahTəalanın vəhy və əmrinə əsaslanır. Bu səbəbdən müsəlmanlar hicrətdən sonrakı 18 ay müddətinə qədər bütün ibadətlərində qiblə olaraq “Məscidul-Əqsaya” tərəf yönəlirdilər. Müsəlmanların Beytul-Müqəddəsə tərəf namaz qılmasına yəhudilər istehza edirdilər və deyirdilər ki, necə dindir ki, öz qibləsi yoxdur. Onların bu kimi istehza və tənələri müsəlmanları narahat edirdi. Bu da Peyğəmbərin (s) ürəyini sixırdı. Halbu ki istər onların olsun, istərsə də müsəlmanların olsun qibləsi Allah tərəfindən peyğəmbərlərə vəhylə bildirilir. Bu səbəbdən Peyğəmbər (s) qəmli halda səmaya baxar, sanki bu vəhyi gözləyərdi. Müsəlmanların qibləsi Bəqərə surəsinin 144- cü ayəsi ilə Beytul-Müqəddəsdən Məscidul-Həramə tərəf dəyişdirilir. Hədisdə buyurulur ki, Peyğəmbər (s) Mədinədə Bəni Səlimə məscidində Zöhr namazı əsnasında ikən Cəbrail (ə) nazil olur və qiblənin Kəbə evinə tərəf nazil olmasını çatdırır: “(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.” Tarixi mənbələrə əsasən hicrətin 2-ci ilində rəcəb ayının 15-də Kəbə evi İslamın qibləsi təyin edilir. Bu elə bir qiblədir ki, Həzrət Adəmdən (ə) Həzrət Musaya (ə) qədər təkallahlı dinlərin qibləsi olub. Qiblə anlayışı həm etiqadı, həm də idoloji vəhdət baxımından çox mühüm əhəmiyyətə malikdir. Oxşar xəbərlər
|