HƏR GÜN ORUC TUTMAQ, GECƏLƏRİ EHYA SAXLAMAQ VƏ BİR QURAN XƏTMİNİN SAVABINI İSTƏYİRSƏNSƏ...
Mьəllif: admin1
Tarix: 7-11-2018, 21:32
HƏR GÜN ORUC TUTMAQ, GECƏLƏRİ EHYA SAXLAMAQ VƏ BİR QURAN XƏTMİNİN SAVABINI İSTƏYİRSƏNSƏ...
Bir gün Peyğəmbəri-Əkrəm (s) bir qrup səhabəsindən soruşdu:

–Aranızda elə bir şəxs varmı ki, ömrünün hər gününü oruc tutsun?

Salman Farsi dedi:

–Bəli, ey Allahın Rəsulu, mən!

Peyğəmbəri-Əkrəm (s) soruşdu:

–Kim gecəni sübhə qədər oyaq qalıb ehya saxlayaraq ibadətlə məşğul olur?

Salman Farsi dedi:

–Ey Allahın Rəsulu, mən!

Peyğəmbəri-Əkrəm (s) soruşdu:

–Aranızda gün ərzində Qurani-Kərimi bir dəfə xətm edə bilən varmı?

Yenə də Salman Farsi cavab verdi:

–Mən, ey Allahın Rəsulu!

Səhabələrdən biri etiraz edib dedi:

–Ey Allahın Rəsulu! O, özünü biz Qüreyşlilərdən üstün tutmaq istəyir, yalan danışır. Mən onun gecələr yatdığını, gündüzlər isə oruc tutmadığını və yemək yediyini dəfələrlə görmüşəm.

Peyğəmbəri-Əkrəm (s) buyurdu:

–Sakit! Ümmətimin Loğmanına töhmət vurma, həqiqəti onun özündən soruş.

O, həqiqəti Salmandan soruşduqda, Salman belə cavab verdi:

–Sənin güman etdiyin kimi deyil! Hər gün oruc tuturam deməyimin səbəbi odur ki, Allah-Taala Qurani-Kərimdə buyurur: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.“ (“Ənam“/160.) Mən də hər ay üç gün oruc tuturam. Üç günü on günə vursaq, otuz gün edir. Bundan əlavə, Şəban ayının orucunu da mübarək Ramazan ayına birləşdirirəm.

Hər gecəni ehya saxlayıb ibadətlə məşğul olmağıma gəldikdə, Peyğəmbəri-Əkrəm (s) bu barədə belə buyurmuşdur: “Hər kim gecəni dəstəmaz alıb yatsa, sanki bütün gecəni ehya saxlamış, ibadətlə məşğul olmuşdur.“ Mən də hər gecə dəstəmaz alıb yatıram.

“Hər gün bir Quran xətm edirəm“ deməkdə məqsədim isə Peyğəmbəri-Əkrəmin (s) buyurduğu bu hədisdir: “Ya Əli, sən mənim ümmətim arasında Qurani-Kərimin “Qul huvəllahu əhəd“ (“Tövhid“) surəsi kimisən: Hər kim bu surəni gündə bir dəfə oxusa, sanki Qurani-Kərimin üçdə birini oxuyub, hər kim iki dəfə oxusa, sanki üçdə ikisini, hər kim də üç dəfə oxusa, sanki Qurani-Kərimi xətm edib. Ya Əli, hər kim səni qəlbən sevsə, imanın üçdə birini, hər kim həm qəlbən, həm də dili ilə sevsə, imanın üçdə ikisini qazanar, hər kim də həm qəlbən, həm dili ilə, həm də əməli ilə sevsə, imanı kamilləşər.“

Sonra Peyğəmbər-Əkərm (s) buyurdu:

–Ya Əli, səni səma əhli sevdiyi kimi, yer əhli də sevsəydi, Allah-Taala cəhənnəmi yaratmazdı.

Peyğəmbər-Əkərmin (s) bu kəlamından sonra Salman dedi:

–Peyğəmbərin (s) bu kəlamına əsasən, mən hər gün bir Quran xətmini əvəz edən (onun savabına malik olan) “Tövhid“ surəsini üç dəfə tilavət edirəm. (Əl-əmali, Şeyx Səduq, səh.33.)

Maide.az – Maarif bölümü, tərcümə qrupu.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031