Həqiqi namazqılan necə olmalıdır?
Mьəllif: admin1
Tarix: 10-11-2024, 13:15
Həqiqi namazqılan necə olmalıdır?
Həqiqi namazqılanın sifətlərini iki hissəyəbölmək olar: biri namazqılan insanın namazdan xaricdə malik olduğu sifət və xüsusiyyətləridir. İkinci isə namazda riayət etməli olduğu ədəb və qaydalardır.

Birinci hissə haqqında demək olar ki:

1. Təqva və günahı tərk etmək – namazqılanın ən bariz sifətləri olmalıdır. O, öz rəftar və əməllərini kontrol etməyi bacarmalıdır. O şeyləri ki, Allah haram buyurmuş və onları bəyənmir, onlardan uzaq olmalıdır.

2. İnfaq, zəkat və sədəqə vermək. Qurani-Kərim buyurur: “İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər”. (“İbrahim” 31).

Başqa yerdə namazqılanları belə təsvir edir: “O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi). Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün”. (“Məaric” 24-25).

Yəni, namazqılan insan heç bir zaman dilənən və məhrum olan kəs olmamalıdır. Əksinə, ruzi və qazanc əldə etmək yolunda səy göstərən və halal ruzi qazanan, başqaları üçün örnək olan insan olmalıdır. Öz ruzisindən infaq etməli və vacib xüms-zəkatını verməlidir.

3. Həzrət Peyğəmbərə (s) və Əhli-Beytə (ə) itaət. Allah Təala Quranda buyurur: “Namaz qılın, zəkat verin və bu Peyğəmbərə itaət edin ki, bəlkə rəhm olundunuz (Allah sizə rəhm etdi)”. (“Nur” 56).

O, ibadətdə ki, Peyğəmbərin (s) razılığı olmaz – qəbul olması çətin məsələdir. Ona görə də həqiqi namazqılan insan Məsumların (ə) hamısına itaət edən olmalıdır.

4. Əmr-be-məruf və nəhy-əz-munkər. Namazqılanın riayət etməli olduğu əməllərdən biri də əmr-be-məruf və nəhy-əz-munkərdir. Öz əməllərini kontrol etməklə yanaşı, başqalarının səhvlərini də görüb onları doğru yola hidayət etməyə çalışmalıdır.

Möminin namazda riayət etməli olduğu qayda və ədəblər:

1. Namazı əvvəl vaxtda qılmaq.

2. Namazı qəlb hüzuru ilə yerinə yetirmək.

3. Namazını şeytanın (lən) vəsvəsələrindən qorumaq. “Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar”. (“Muminun” 9).

4. Namazda xüsusi şadlığa malik olmaq. Yəni, namazı yorğun və süst halda qılmaq məsləhət deyildir. Əksinə, gümrah və həvəslə yerinə yetirmək lazımdır.

5. Niyyət. Yaxşıdır ki, insan namazını savab qazanmaq və ya cəhənnəm qorxusu üzündən deyil, Allaha sevgisi üzündən qılsın.

İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurur: “Həqiqətən o kəsin namazını qəbul edirəm ki:

1. Əzəmətim qarşısında təvazö edər və Mənim üçün torpağa düşər.

2. Mənim rizam üçün şəhvətdən uzaq olar.

3. Gündüzlərini Mənim zikrimlə gecə edər.

4. Bəndələrimə lovğalanmaz.

5. Acları doyuzdurar.

6. Paltarsızları geyindirər.

7. Başqalarının müsibətinə rəhm edər.

8. Pənahsızlara pənah verər””.

Allah Təala bizləri həqiqi namazqılanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930