İmam Rzaya (ə) kömək edən dövrünün möminləri
Həzrət İmam Rza (ə) dövrünün ən bilikli və ən agah insanı kimi çox sayda şagird yetişdirmiş və özündən sonra yolunu davam etdirən varislər qoymuşdur. Bu şagirdlərin bəzisi ilə tanış olaq.
1. İbrahim ibni Abbas Suli. O, İmamın (ə) yanında xüsusi hörmətə malik olan alim və şairlərdən idi. Eyni zamanda Məmunun (lən) sarayında xidmət edirdi. Ancaq hədəfi İmamın (ə) işlərini həll etmək və ona yardım etmək olmuşdur. İbrahim güclü təbliğatçı və şair idi. O, İmam Hüseyn (ə) və Aşura müsibəti haqqında şeir yazır. İmam (ə) da onun bu gözəl əməlləri qarşılığında ona mükafat verir. 2. Həsən ibni Cəhəm. O, İmam Rza (ə) tərəfindən tərbiyə almış hədis nəql edənlərdən olmuşdur. İmam Rza (ə) ona etimad edirdi. Həsən özündən sonra İmam Rza (ə) və İmam Kazım (ə) haqqında çox sayda hədis yadigar qoyub getmişdir. 3. Səfvan ibni Yəhya. Onun peşəsi parça satmaq idi. O, İmam Kazım (ə), İmam Rza (ə) və İmam Cavadın (ə) yanında elə məqama malik olmuşdur ki, İmam Rza (ə) onu öz vəkili etmişdir. O, elm və ibadət əhlindən idi. Onun 30 cildə yaxın kitabları vardır. İmam Cavad (ə) onun haqqında dua edərək, buyurmuşdur: “Allah ondan razı olsun, necə ki, biz ondan razıyıq. Ona yaxşı mükafat inayət etsin. O, heç bir zaman mənimlə və atamla müxalifətlik etməmişdir”. İmam Rza (ə) onun haqqında buyurmuşdur: “İki həris vəhşi canavarın, çobanı olmayan qoyunlara vurduğu ziyan, müsəlmanlara rəhbərlik sevgisinin ziyanından çox deyildir. Ancaq Səfvan rəhbərliyi sevmirdi”. 4. Yunis ibni Əbdürrəhman. Yunis İmam Rzanın (ə) ən görkəmli şagirdlərindən olmuşdur. O, daima Əhli-Beyt (ə) hərəminin sərhədlərini qoruyardı. O, öz dövrünün çox sayda fitnə və çətinliyi ilə mübarizə aparır və adını Əhli-Beytin (ə) muxlis dostları siyahısına qeyd edir. O yerə qədər ki, İmam Rza (ə) ona behiştə gedəcəyini üç dəfə xəbər vermişdir. Yunis Əhli-Beyt (ə) məktəbinin şagirdi kimi öz xatirələrini belə bölüşür: “Mən 20 il sükut etdim, 20 il sual verdim və 20 il başqalarının suallarını cavablandırdım”. O, üç İmam (ə) tərəfindən tərbiyə almışdır: İmam Sadiq (ə), İmam Kazım (ə) və İmam Rza (ə) tərəfindən. Onu fiqh elmi sahəsində nəzər sahibi hesab edirdilər. İmam Rza (ə) ona sual verməyə imkanları çatmayan insanlara buyurardı ki, əgər sualınız olsa, onu Yunisə verin. İmam Rza (ə) onun haqqında buyurmuşdur: “Yunis ibni Əbdürrəhman, öz dövrünün Salmanı idi”. Allahım, bizlərə o əziz şəxsiyyətlərə uyğun həyat və ixlas inayət et! /Deyerler.org/ Oxşar xəbərlər
|