Təvəkkül hissini necə gücləndirək?
Təvəkkül - imanın bir hissəsidir, ona görə də onun imanla sıx rabitəsi vardır. Özümüzdə təvəkkül hissini gücləndirmək üçün ilk əvvəl Allaha olan imanımızı gücləndirməliyik. Əgər Allaha olan imanımızı gücləndirə bilsək, təvəkkül hissi də güclənər. Allah təvəkkülü mömin insanların sifətlərindən hesab edir və buyurur: “Əgər imanınız varsa, yalnız Allaha təvəkkül edin”. (“Maidə” 23). İmanlı insanlar gərək ancaq Allaha təvəkkül etsinlər. Təvəkkülün həqiqəti budur ki, insan bütün işlərini Allaha tapşırar. Hər şeyin həllini Allahda bilər və bacardığı qədər bu iş üçün səy göstərər. Lakin o şeyə ki, gücü çatmaz Allaha tapşırar. Təvəkkülün mərhələləri: 1. Dillə edilən təvəkkül. Yəni, bu təvəkkül ancaq dildə deyilər. Bu cür təvəkkülün mənəvi dəyəri olmaz. 2. Etiqad təvəkkülü. İnsan etiqad bəsləyər ki, hər şey Allahdandır və Ona bu etiqadla təvəkkül edər. Ona görə də nə zaman bir iş görsə, Allaha təvəkkül edər və bu cür təvəkkülün mənəvi dəyəri vardır. 3. Ürək təvəkkülü. Bu növ təvəkkül insan nəfsinin fəzilə mələkələrindəndir. İmam Musa (ə) “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 3) Ayəsinin təfsirində buyurur: “Allaha təvəkkülün dərəcələri vardır, o cümlədən bütün işlərində Allaha təvəkkül edəsən. Ona görə də Allahın səninlə etdiklərinə razı olasan. Elm və yəqinin olsun ki, O, heç bir xeyir və fəzli əzirgəməz. Həmçinin elm və yəqinin olsun ki, bu sahədə hökm və əmr vermək Onunladır. Ona görə də işini Ona tapşıraraq təvəkkül et. Ona həm öz işlərində və həm də özündən başqa işlərdə əminliyin olsun”. Bəs təvəkkül hissini necə gücləndirmək olar? Bunun bir neçə yolu vardır ki, onlara işarə edək: 1. İmanı gücləndirmək. Yuxarıda da qeyd etdiyimiz kimi, təvəkkül - imanın bir hissəsidir. Əgər təvəkkül hissini gücləndirmək istəyiriksə, ilk əvvəl Allaha olan imanımızı gücləndirməliyik. 2. Allahın haqq olduğuna yəqinlik əldə etmək. Təvəkkül hissini gücləndirə bilən amillərdən biri də odur ki, Allaha olan etiqadımızı yəqinlik dərəcəsinə çatdıraq. Yəni, imanımızda sabitqədəm olaq. İmam Əli (ə) buyurur: “Təvəkkül yəqinin nəticəsidir”. 3. Başqalarından əl üzmək. Əgər Allaha təvəkkül hissimizin artmasını istəyiriksə, gərək Allahdan qeyrisindən əlimizi üzək. Ümidimiz ancaq Allaha olsun. İnsan əgər Allahdan qeyrisinə ümid bəsləyərsə, o kəsdən asılı olar. Bu da insanın kəramətini alçaldar. O zaman ki, əziz Peyğəmbərimiz (s) təvəkkülün mənasını Cəbrayildən (ə) soruşur, o, deyir: “Təvəkkülün mənası budur ki, insan yəqin etsin ki, fayda və ziyan, əta və qadağa insanların əlində deyildir. İnsanlardan ümidsiz olmaq lazımdır. Əgər bəndə bu məqama çatsa, bu, həmin təvəkküldür”. 4. Allahdan başqa heç kəsdən qorxmamaq. Təvəkkül hissini gücləndirən başqa bir amil isə budur ki, Ondan başqasından qorxmayaq, çəkinməyək. Hədislərimiz də bu mövzuya işarə edir ki, əgər təvəkkül məqamına çatmaq istəyirsənsə, gərək Allahdan başqasından qorxmayasan. Bunun həqiqətini peyğəmbərlərin (ə), İmamların (ə) həyatında aydın şəkildə görmək olar. 5. Həyat vəziyyətindən razı olmaq. O kəs ki, təvəkkül məqamına çatmaq istəyir, gərək Allahın ona verdiklərindən razı olsun. Əgər İlahi təqdirdən narazı olarsa, təvəkkül hissini gücləndirə bilməz. Oxşar xəbərlər
|