Ayın gəlişi yaxud gedişini xəbər verənə Cənnət vacib olur? – Saxta hədisin araşdırılması
Mьəllif: admin1
Tarix: 14-11-2018, 10:56
Ayın gəlişi yaxud gedişini xəbər verənə Cənnət vacib olur? – Saxta hədisin araşdırılması
Sosial şəbəkələrdə hər ayın sonu yeni-yeni mesajlarla rastlaşırıq. Guya Peyğəmbər (s) buyurub: “Kim Ramazan ayının yaxud “Rəbiul-Əvvəl” ayının (yaxud digər aylar) gəlişini başqalarına xəbər verərsə Cənnət ona vacibdir”. (yaxud günahları əfv olunar və sair).

Görəsən həqiqətən belə bir hədis mövcuddurmu?

Hədisin araşdırılması.

Yuxarıda qeyd olunan məzmunda “hədis”, heç bir hədis və rəvayət kitablarında mövcud deyil.

Böyük İslam filosofu Mirdamad deyir: Bu hədisin zəif olmasına bəzi işarələr vardır. (Mirdamad “Ər-rəvaşihus-səmaviyyə fi şərhil-əhdisil-imamiyyə” səh. 200)

“Mustədrəku səfinətul bihar” əsərində bu hədis ravi olmadan, “rəvayət edilir ki” sözləri ilə başlanılır. (Ayətullah, şeyx Əli ən-Nəmazi, əş-Şahrudi, “Mustədrəku səfinətul bihar”, c. 6, səh. 293)

Hədis Mirzə Ağa Cəvadi Təbrizinin “Muraqebət” kitabında (səh. 37) bu hədis sənədsiz olaraq gəlmişdir.

Mərhum Əllamə Muhəmmədtəqi Cəfəri Cəlaləddin Ruminin “Məsnəviye Mənəvi” əsərinin şərhində, mövlananın bu məzmuna işarə etdiyi yerdə yazır: “Bu rəvayət mötəbər deyildir. Bir ayın sona çatması, bir günün sona çatması kimi hamıya gün kimi məlumdur. Bir ayın sona çatdığını deyənə Cənnətin vacib edilməsi ağla uzaq olan şeydir. (“Təfsir, tənqid və təhlil Məsnəviye Cəlaləddin Muhəmməd Movləvi, Muhəmmədtəqi Cəfəri, c. 10, səh. 455-457)

Əhli sünnət alimlərindən olan Molla Əli Qari deyir: “Bu hədis uydurmadır.” (“Əl-Əsrarəl-Mərfuə fil Əxbarəl-Məvzuə” səh. 324)

“Ruhul-Bəyan” təfsirində də hədis sənədsiz olaraq gəlmişdir. (“Təfsirul-Ruhul-Bəyan”, Darəl-Fikr, Beyrut, c. 4, 325)

Əbuzərlə bağlı deyilən hədisdə məqsəd ayın gəlişi deyil, Əbuzərin məqamıdır.

Buna bənzər bir hədis isə Peyğəmbərin (s) hörmətli səhabələrindən biri olan Əbuzər Ğəffari ilə əlaqədardır. Həmin hədisə nəzər salaq:

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ‏ کَانَ النَّبِیُّ ص ذَاتَ یَوْمٍ فِی مَسْجِدِ قُبَا وَ عِنْدَهُ نَفَرٌ مِنْ أَصْحَابِهِ، فَقَالَ أَوَّلُ مَنْ یَدْخُلُ عَلَیْکُمُ السَّاعَهَ رَجُلٌ مِنْ أَهْلِ الْجَنَّهِ، فَلَمَّا سَمِعُوا ذَلِکَ قَامَ نَفَرٌ مِنْهُمْ فَخَرَجُوا وَ کُلُّ وَاحِدٍ مِنْهُمْ یُحِبُّ أَنْ یَعُودَ لِیَکُونَ أَوَّلَ دَاخِلٍ فَیَسْتَوْجِبَ الْجَنَّهَ، فَعَلِمَ النَّبِیُّ ص ذَلِکَ مِنْهُمْ فَقَالَ لِمَنْ بَقِیَ عِنْدَهُ مِنْ أَصْحَابِهِ: إِنَّهُ سَیَدْخُلُ عَلَیْکُمْ جَمَاعَهٌ یَسْتَبِقُونَ. فَمَنْ بَشَّرَنِی بِخُرُوجِ آذَارَ فَلَهُ الْجَنَّهُ، فَعَادَ الْقَوْمُ وَ دَخَلُوا وَ مَعَهُمْ أَبُوذَرٍّ رَضِیَ اللَّهُ عَنْهُ، فَقَالَ لَهُمْ فِی أَیِّ شَهْرٍ نَحْنُ مِنَ الشُّهُورِ الرُّومِیَّهِ؟ فَقَالَ أَبُوذَرٍّ قَدْ خَرَجَ آذَارُ یَا رَسُولَ اللَّهِ.

فَقَالَ(ص): قَدْ عَلِمْتُ ذَلِکَ یَا أَبَاذَرٍّ وَ لَکِنِّی أَحْبَبْتُ أَنْ یَعْلَمَ قُومِی أَنَّکَ رَجُلٌ مِنْ أَهْلِ الْجَنَّهِ وَ کَیْفَ لَا یَکُونُ ذَلِکَ وَ أَنْتَ الْمَطْرُودُ عَنْ حَرَمِی بَعْدِی لِمَحَبَّتِکَ لِأَهْلِ بَیْتِی فَتَعِیشُ وَحْدَکَ وَ تَمُوتُ وَحْدَکَ وَ یَسْعَدُ بِکَ قَوْمٌ یَتَوَلَّوْنَ تَجْهِیزَکَ وَ دَفْنَکَ أُولَئِکَ رُفَقَائِی فِی الْجَنَّهِ الْخُلْدِ الَّتِی وُعِدَ الْمُتَّقُون


İbn Abbas nəql edir: “Bir gün Peyğəmbər (s) öz bəzi səhabələri ilə Quba məscidində əyləşmişdi. O, ətrafdakılara buyurdu: Məscidə daxil olan ilk şəxs behişt əhlindəndir. Bu sözü eşidən səhabələrdən bəziləri cəld ayağa qalxıb məsciddən çıxdılar və yenidən məscidə daxil olmaqla behişt əhlindən sayılmaq istədilər.

Peyğəmbər (s) onların bu işini anlayıb yanında qalanlara buyurdu: İndi (bayaqkı sözümün onlara aid olması üçün) bəzi şəxslər içəri daxil olacaq. Amma onların içindən “Azər” ayının (roma aylarından bir ay) bitməsini mənə xəbər verən şəxs, behişt əhlindəndir.

Həmin şəxslər məscidə daxil olan zaman Əbuzər də onların arasında idi. Peyğəmbər (s) onlara dedi: Hal-hazırda romalıların hansı ayıdır? Əbuzər dedi: Ya Rəsuləllah (s), Azər ayı bitib.

Peyğəmbər (s) buyurdu: Ey Əbuzər! Bu məsələni bilirdim, amma istəyirdim ümmətim bilsin ki, sən behişt əhlindənsən. Necə behişt əhlindən olmayasan ki, sən məndən sonra, Əhli Beytimə məhəbbətinə görə, mənim hərəmimdən (Mədinədən) sürgün olunacaqsan. Tənha yaşayacaqsan və tənha öləcəksən. Sənin kəfən və dəfn işlərini yerinə yetirən qövm, sənin vasitənlə xoşbəxt olacaqlar. Onlar, pəhrizkarlara vədə verilmiş behiştdə mənim dostlarımdır. (Əllamə Məclisi “Rovzətul muttəqin fi şərhi mən la yəhzəruhul fəqih” c. 3, səh. 13; “Məanil əxbar” səh. 205.)

Rəvayət kitablarında səfər ayının bitməsi və Rəbiul -əvvəl ayının başlanmasına işarə edən yeganə hədis, bu hədisdir.

İzah: Hədisdən məlum olduğu kimi hədisin məqsədi ayın gəlişi yaxud gedişini öyrənmək deyil, Əbuzərin məqamını oradakılara və Qiyamətəcən olan insanlara çatdırmaqdır. Əks halda bu hədisin heç bir mənası olmayacaqdır. Çünki, Cənnət belə ucuz deyil. Bir ayın sona çatmasını digərlərinə çatdırmaq heç də xüsusi bir məharət yaxud fövqəladə iş deyil ki, buna görə insana Cənnət vacib ola. Bu hadisədə Peyğəmbər (s) sadəcə bir nişanə olaraq bu sözü söyləyir. Hətta Allah Rəsulu (s) bəlkə də elə bu günləri və bu kimi saxta rəvayətlərin uydurulacağını bilirmiş kimi deyir: “Ey Əbuzər! Bu məsələni bilirdim, amma istəyirdim ümmətim bilsin ki, sən behişt əhlindənsən”.

Peyğəmbərin (s) o sözü sadəcə həmin zamana və sadəcə Əbuzər barədə keçərlidir. Bu hadisəni bütün zamanlara tətbiq etmək doğru deyildir.

Hədisin orijinal mətnində söhbət heç də hicri aylardan və ələlxüsus Rəbiul-Əvvəl, ya Ramazan ayından getmir. Hədisdə deyilir: فَمَنْ بَشَّرَنِی بِخُرُوجِ آذَارَ

“Amma onların içindən “Azər” ayının (roma aylarından bir ay) bitməsini mənə bəşarət verən şəxs, behişt əhlindəndir.”

Gördüyünüz kimi söhbət Rəbiul-Əvvəl ayından deyil, Roma aylarında olan “Azər”dən gedir. Hicri ayların heç birinin adı hədisdə gəmədiyi halda, niyə bəziləri canpəşanlıq edərək özündən hədis uydurur? Digər yöndən həmin aylar da hicri və qəməri təqvimindəki aylarla fərq edir. Ola bilər hansısa zamanda bu aylar üst-üstə düşə, amma bu hədisin o zamana aid olması demək deyildir.

Buna bənzər heç bir hədis və rəvayət mövcud deyil ki, kimsə hansısa ayın sona çatmasını yaxud gəlişini xəbər verməklə Cənnət əhli ola.



Mahir Şəkərov – İlahiyyatçı-araşdırmaçı.

"İslaminSesi"

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031