Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi? - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 22-11-2018, 10:47
Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi? - ARAŞDIRMA
Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi (865 - 925, Rey şəhəri, İran) əlkimyaçı, kimyaçı, həkim və filosof olub. Gənclik illərində ədəbiyyat və musiqi ilə maraqlanıb və dolanışığını zərgərliklə təmin edib. Razi doğulduğu şəhər olan Reydə fəlsəfə, riyaziyyat, təbiət elmləri və astronomiya təhsili aldıqdan sonra Bağdad və başqa İslam paytaxtlarında təhsilini tamamlayıb.

Daha sonra da tibb təhsili alıb. Rey və Bağdad xəstəxanalarında həkim kimi çalışan Razinin əsərlərinin demək olar ki, hamısı Latın dilinə tərcümə edilib. "Havi" adlı ensiklopediya 17-ci əsrə qədər tibb sahəsində ən mühüm müraciət mənbəyi olub. Razinin tibb elminə verdiyi ən mühüm töhfələrdən biri də ilk dəfə kimyanı tibbin xidmətinə təqdim etməsidir.

Qərbi Qərb edən İslam alimləri

Razi əczaçılıq, simya, musiqi və fəlsəfə sahələrində də son dərəcə mühüm töhfələr verib. Müxtəlif sahələrlə bağlı təxminən 200 kitab və məqaləsi var. Pediatriyanın atası kimi tanınır. Həmçinin göz elmləri mövzusunda da kifayət qədər böyük nüfuzu olub. Spirt və ağ nefti tapan və çiçək xəstəliyini qızılcadan fərqli olduğunu ilk kəşf edən alimdir.

Əl-Razi çiçək və qızılca xəstəlikləri haqqında məlum olan ən qədim kitabı təxminən 1100 il əvvəl yazıb. O, çiçək və qızılca xəstəliklərinin bir-birindən fərqli xəstəliklər olduğunu "Əl-Cudari və əl-Hasbah" adlı kitabında açıqlayıb.

Bu kitab daha sonra 12 dəfə Latın dilinə çevrilib və avropalı həkimlər tərəfindən istifadə edilib. Əl-Razinin çiçək xəstəliyi haqqında verdiyi ətraflı məlumat və müalicə üsulu sayəsində Avropada çiçək viruslarının təsiri azaldılıb. "Encyclopedia Britannica"nın 1911-ci ildə çap edilən nüsxəsində Əl-Razinin kitabı "çiçək xəstəliyi haqqında o dövrdə ən dəyərli məlumatların verildiyi kitab" kimi təqdim olunub.

Tibb elmində cərrahi sapı də ilk kəşf edən məhz Fəxrəddin Razi olub. O, insan anatomiyasını da dəqiq formada özünün "Əl-ədvuyyatul-mufərrədəh" kitabında qeyd edib. Razi həmin kitabda həmçinin qeyd edirdi ki, əgər bitki və qidalarla xəstəni müalicə etmək mümkündürsə, narkotikdən imtina edilməlidir.

İngilis şərqşünas Edvard Qranvill Brauna görə bütün zamanların ən kamil alimlərindən biridir. Daha çox tibb-əczaçılıq sahəsindəki uğurları ilə tanınıb.

Bundan əlavə, tibb elminə verdiyi töhfələrinə görə Qərbdə onu "Allahın Qərbi işıqlandıran Günəşi" də adlandırırdılar.

İbn Sinanın tibb kitabını ispanlar niyə yandırdılar? - ARAŞDIRMA

750-ci ildən sonra İslam mədəniyyəti hər bir sahədə irəliləməyə başladı. Bu dövrdə bir çox İslam şəhərində böyük kitabxanalar yaradıldı. Bunlar eyni zamanda araşdırma mərkəzləri idi. Antik dövrə aid bir çox kitabın tərcümələri həyata keçirilmişdi.

Antik dövrdə yunan filosofu Miletli Faleslə başlayıb inkişaf edən təbiət fəlsəfəsinin İskəndəriyyə kitabxanasının yandırılması ilə qırıldıqdan sonra İslam mədəniyyəti daxilində yenidən doğması Əbu Bəkr Razinin adı ilə bağlıdır.

Bununla yanaşı, idealizm fəlsəfəsinin davamçısı Fərabini, həmçinin idealizm və təbiət fəlsəfəsini birləşdirməyə çalışan İbn Sinanı da əhəmiyyətli şəxslər sırasında saya bilərik. Əbu Bəkr Razi İslam daxilindəki əhəmiyyətli cərəyanlarla münaqişəyə girib, amma İslam mədəniyyəti daxilində Falesə bənzər bir ənənə yarada bilməyib. Daha sonralar Monqol istilası və Səlib yürüşlərinin nəticəsi olaraq bu inkişaf dayanıb.

Xüsusilə Monqol istilası bu yöndə əldə edilən inkişaflara böyük zərbə vurub. Təkcə indiki Türkiyə ərazisində yerləşən Sivas kitabxanasının Köşədağ müharibəsi zamanı monqollar tərəfindən yandırılması zamanı 250.000 kitab yoxa çıxıb.

Dünyada ilk kağız fabriki Bağdadda qurulub

Raziyə aid edilən bir çox fikir və sitat onun günümüzə çatmış əsərlərindən deyil və əslən Əbu Hatim əl-Razi tərəfindən yazılan "Aləm əl-nubuvvə" adlı kitabdan götürülüb.

Əbu Hatim isə İsmaili missioneri idi və Razi ilə elmi mübahisələri olub. Ancaq araşdırmalar göstərir ki, bu missioner Zəkəriyyə Razinin fikirlərini dəqiq şəkildə çatdırmayıb.

Orta əsrlərin məşhur İslam tarixçisi Əbul-Fəth Tacuddin Məhəmməd bin Əbdulkərim bin Əhməd əş-Şəhristani (1086 - 1153) qeyd edir ki, Məhəmməd ibn Zəkəriyyə Razi İsmaililəri sərt şəkildə tənqid etdiyi üçün onun adından İsmaililər saxta fikirlər yayımlayıb.

Qayğıkeş, cəsur, çalışqan insan olan Razi tələbələri və xəstələri ilə məşğul olmadığı vaxtlarını mütaliə və yazaraq keçirib. Ehtimal edilir ki, parkinson xəstəliyinə tutulması və gözünə katarakta gəlməsi bu qədər çox işləməsinin nəticəsidir. onun ölümü də məhz bu xəstəliklərdən olub.

Zəkəriyyə Razi gözlərinə düşən kataraktaya görə tələbələrinin əməliyyatla müalicə təklifini, "artıq çox gecdir, onsuz da dünyanı kifayət qədər gördüm", - deyərək qəbul etməyib.

Razinin özünün də bildirdiyi kimi qələmə aldığı 200-dən çox əsəri var. Ancaq bunlardan günümüzə yalnız 59-u gəlib çatıb. Onlardan bir neçəsi bunlardır:

- "Əl-Havi" (20 cild), 907-ci il. (Latın dili də olmaqla 11 dilə tərcümə olunub. Dövrünün tibb sahəsindəki ən təfərrüatlı və məlumat ehtiva edən dərs kitabıdır.)

- "Kitabul-mansur", 920-ci il

- "Kitab sirru sinaatit-tib".

- "Kitabut-Təcarib".

- "Ət-Tibbul-mənsuri".

- "Əl-Camiul-kəbir".

- "Əxlaqut-təbib".

- "Məqalə fi ma bədəə-təbiə".

- "Ət-Tibbur-ruhani".

- "Əs-Siratul-fəlsəfiyyə".


Aqil Mehdi

FaktXəbər
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031