"İnsan ölümü öldürüb, əbədi olur"
Ayətullah Cavadi Amuli: Bizim insanlıq, varlıq cövhəri, məbdə və son baxımından fərqimiz yoxdur
Rumuniyanın İrandakı səfiri bir qrup universitet müəllimi və ortodoks kilsəsinin üzvləri ilə “İsra” Vəhy Elmləri Beynəlxalq İnstitutunda Ayətullah əl-üzma Cavadi Amuli ilə görüşüb. Görüşdə Ayətullah Cavadi Amuli deyib: “İnsanın bir həqiqəti vardır ki, zəmin və zaman onu insandan ayıra bilməz. Bizi və varlıq aləmini yaradan, insanı heç vaxt məhv olmayan maddi və ruhani müstəqil bir mövcud və dinamik bir məxluq olaraq tanıtdı. Dinin – istər İslam, istər xristianlıq, istərsə də digər səmavi dinlərin – sözü budur ki, insan ölüm vasitəsilə məhv olmur. İnsan ölümlə öz dərisindən xaric olur, insan ölmür, insan ölümü öldürür. Bizi yaradan buyurmuşdur ki, insanın ölüm adlı bir düşməni vardır. İnsan onunla mübarizəyə qalxır, ona qalib gəlir və öldürür. Bu mərhələni keçdikdən sonra əbədiyyətə qovuşur. Bütün səmavi dinlərin sözü olan bu təbir Quranda belə gəlmişdir: “Hər kəs ölümü dadacaqdır”. Stəkandakı suyu içdikdə onu həzm edən sizsiniz. Quran buyurur ki, siz ölümü dadırsınız və onu həzm edirsiniz. Bundan sonra siz əbədi qalırsınız. Digər tərəfdən də əbədi mövcud üçün əbədi məhsul lazımdır ki, onu özümüzlə əbədi aləmə apara bilək.” Ayətullah Amuli xatırladıb: “Dünyada keçmişdə baş vermiş birinci və ikinci dünya müharibələri, bugünkü acınacaqlı vəkalət müharibələrinin hamısının səbəbi insanın özünü tanımamasıdır. İnsanlıq tanınmamışdır. Əgər insan, cahan və insanın cahanla əlaqəsini tanısaydıq nə birinci, nə də ikinci dünya müharibələri baş verməzdi, nə Yəmən, İraq və Suriyadakı kimi vəkalət müharibələrinin şahidi olmazdıq, nə silah zavodları gecə-gündüz silah düzəltməzdi, nə də dünyada nizamsızlıq yaranmazdı.” Dünya camiəsinin vəhdətinə təkid edən alim deyib: “İnsanın əbədilik sirri budur ki, onun bədəni torpaqdan yaradılsa da, həqiqəti ilahi ruhdan mənşələnib. Bizim insanlıq, varlıq cövhəri, başlanğıc və son baxımından təfavütümüz yoxdur. Bütün insanlarda olan ruh şərqli, yaxud qərbli deyildir. Rəvayətdə gəlmişdir ki, insanlar istəsələr də, istəməsələr də bir-birlərilə qardaşdırlar. “Adəm övladı bir-birlərinin üzvləridir” deyən Sədi də bu məktəbin yetirməsidir. İlahi rəhbərlərin bu sözləri böyük ariflər yetişdirmişdir. Onlardan iki nümunəyə işarə edirik: Əbu Reyhan Bürunu aləmdəki nizam-intizam barədə deyir: Aləmin özəyi o qədər münəzzəm yaradılmışdır ki, əgər səslənsə, bir musiqiyə çevrilər. Molla Sədra deyir: Varlıq aləminin həlqələri o qədər münəzzəmdir ki, riyazi ədədlər silsiləsinə oxşayır. Yəni 6 və 8 ədədləri arasında yerləşən 7-nin başqa bir yeri yoxdur (həmin olduğu yerə məxsusdur). Ona görə də aləmin riyazivari nizamı elə bir varlıqdır ki, əgər insan düz yoldan sapınsa, mütləq rüsvay olacaqdır. Aləm bu qədər münəzzəmdir.” Ayətullah Amuli daha sonra həzrət İsanın (ə) sözlərinə işarə edərək deyib: “İmam Sadiq (ə) İsa Məsihdən (ə) belə nəql edir ki, əgər bir nəfər yaralansa və başqaları onu müalicə edə biləcəkləri halda bu işi etməsələr, yaralayanın günahına şərikdirlər. Əgər bir kəs Yəmən, İraq və Suriya xalqının yarasını sağalda bilərsə, bu işi etməsə, yara vuranlarla şərikdir.” Din alimlərinin bəşəri hidayət etməsindəki vəzifələrinə işarə edən alim deyib: “Öz əməlimiz ilə bəşər camiəsinə yol göstərməliyik. Bütün dünya insanlarının fitrəri yaxşılığı və gözəlliyi sevir, ona cəzb olur. Elə bir insan yoxdur ki, gülün gözəlliyindən, ətirin xoş iyindən ləzzət almasın və ona cəzb olmasın. Əgər düzgün desək və düzgün əməl etsək, ətirli bir gül kimi başqalarını bizə tərəf çağıracaq.” Görüşün əvvəlində Rumuniya səfiri elmi heyətin İrana səfəri barədə açıqlama verib. Həmçinin görüşün sonunda rumuniyalı alimlər və ortodoks keşişləri həzrət Ayətullah əl-üzma Cavadi Amulidən öz suallarını soruşublar. Oxşar xəbərlər
|