NAMAZ RUHUN PƏRVAZIDIR – 16 NÖQTƏ
Dini mətnlərimizdə namaz möminin meracı kimi yad edilir. Bu merac və pərvaz səmada yox, mənəviyyat və bəndəlik fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.
Namazqılan şəxsin irfani və mənəvi pərvazı ilə təyyarəçinin səmada uçuşunu mövcud fərqləri nəzərə almaqla müqayisə etmək olar: 1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur. İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir. 2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir. İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın. 3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır. Namazqılan şəxsin mənəvi meracı üçün də xalis diqqət və bütün digər pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla Allahdan qeyriləri inkar olunmalı və xalis niyyət əldə edilməlidir. 4. Uçuş üçün təyyarəçi tam sağlam olmalıdır. Allahın hüzurunda və namazda sağlam qəlb olmalıdır. 5. Təyyarənin iki qanadı olur. Bir qanadla uçuş olmaz. Namazda da Allahla əlaqə ilə yanaşı xalqla düzgün rabitə olmalıdır. Allahın haqqını ödəməklə yanaşı insanların da haqqı ödənməlidir. Quran, adətən, namazla yanaşı zəkat təbirini işlədir. 6. Təyyarə havaya qalxmaq üçün bir qədər yerdə hərəkət etməli olur. Azan, iqamə və müstəhəb zikrlər mənəvi uçuş üçün müqəddimədir. Namazdan sonrakı dualar və zikrlər enişdən sonra yerdəki hərəkətdir. 7. Uçuş zamanı birinci səhv axırıncı səhvdir. Süqut məhvə bərabərdir. İbadətdə şirk, təkəbbür və riya insanı süquta aparır. İblis 6000 illik abid keçmişinə baxmayaraq, bir səhvlə əbədi lənətə düçar oldu! 8. Təyyarəçi sükan olan otağın göstərişləri ilə hərəkət edir və bütün göstərişlərə tabedir. Namaz və ibadətlər də göstərişlərə uyğun olmalıdır. Hətta bir dəqiqə tez, yaxud gec, qanunun əksinə ibadət batildir. 9. Təyyarəçi bəzən uçuşda, bəzən istirahətdə olur. Həmin vaxt təyyarə texniki baxışdan keçirilir. İnsan da ibadətlərlə yanaşı, bəzən istirahətə, halal ləzzətlərdən faydalanmağa və həyata qatılmağa ehtiyaclıdır. 10. Təyyarəçinin dispetçer məntəqəsi ilə əlaqə saxlaması üçün yalnız bir rəsmi dil mövcuddur. Namazqılan şəxs də Allahla əlaqə saxladıqda, yalnız ərəb dilindən istifadə etməlidir. Həcc zamanı ehram “ləbbeyk əllahummə ləbbeyk” ibarəsi ilə başlanır. 11. Uçuşdan öncə hava, uçuş istiqaməti və s. haqqında məlumatlar alınmalıdır. İbadətdə də müqəddimə məlumatlara ehtiyac var. Fiqh və elmsiz ibadət dəyərsizdir. Hətta ticarətdə də ilahi hökmlərlə tanışlıq lazımdır. 12. Təyyarəçi yuxarı qalxdıqca, yer onun üçün kiçilir. İnsan hər nə qədər Allahın əzəməti ilə tanış olarsa, Allahdan qeyriləri onun üçün bir o qədər kiçilər. İmam Əli (ə) buyurur: “Onların nəzərində Allah böyük, Allahdan qeyriləri isə kiçikdir”. (“Nəhcül-bəlağə”, 184-cü xütbə.). 13. Böyük təyyarə daha az silkələnir və müsafirlər aram olur. Namaz və ibadətlər cəm halda daha çox savablıdır və qəbul olma imkanı böyükdür. 14. Adətən, təyyarəçinin yanında çətin anlar üçün köməkçisi olur. Camaat namazında da yaxşı olar ki, birinci cərgədə ədalətli və təqvalı insanlar dursunlar. Pişnamaza nəsə olduqda, onlardan biri namazı sona çatdırır. 15. Maddi uçuşda təyyarəçi və sərnişinlər zirvəyə qalxdıqda, ailə çətinliklərindən aralanır, xəbərsiz olurlar. Mənəvi pərvaz zamanı da ruh ucalarkən insan maddiyyatı düşünmür. Necə ki, namazda İmam Əlinin (ə) ayağından oxu çıxardıqda xəbəri olmur. 16. Uçuş zamanı yüksəklikdən az miqdar aşağı endikdə “yüksəkliyi azaltdı”, - deyirlər. Baxmayaraq ki, təyyarə yerlə müqayisədə yenə də yüksəkdədir. İlahi övliyaların ibadəti adi şəxslərin ibadətlərindən çox-çox uca olsa da, onlar yüksəklikdən azca enməyi nöqsan və tənəzzül hesab edir və tövbə qılırlar. Aləmin Yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mərifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.61-64). Hazırladı: Maide.az – Maarif bölümü Oxşar xəbərlər
|