Pis adamların var-dövləti insanları çaşdırmamalıdır. Bu, əzab üçün verilən nemətlərdir
Həmişə belə deyildir ki, o kəslər ki, nemət sahibidirlər, ondan dünya və axirətləri üçün bəhrə aparsınlar. Bəzən Allah o nemət vasitəsilə insanı imtahana çəkər, onu insanların əzab olmaq amili qərar verər.
“Odur ki, onların malları və övladları(nın çoxluğu)səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir”. (“Tövbə” 55). Bəndə Allahın verdiyi bu nemətlərə görə şükür edib, ondan axirəti üçün azuqə toplaması üçün də istifadə edə bilər, ondan ancaq özü faydalanıb, israf edib və infaq etməyib, günahlarının sayını çoxalda da bilər. Bütün bunlar bəndənin iradəsindən asılıdır. Əgər birincini seçərsə, dünya onun üçün nicat yeri olar və axirətə əliboş getməz. Nəticədə də böyük mükafat olan behiştə çatar. Dünyada isə İlahi yardımlar ona şamil olar. Çətinliklərdə və bəlalarda özünü tək hiss etməz. Əgər bəzən də günah etsə belə, tez peşman olar və tövbə edib, Allaha tərəf qayıdar. Allah da onun tövbəsini qəbul edər. Məsələn, sui-zənn kimi. “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin”. (“Hucurat” 12). Ancaq elə insanlar da vardır ki, Allahın ona verdiyi neməti özündən hesab edər və onu günah yolunda və günahını artırmaq yolunda xərcləyər. Bu nemət onun üçün əzab vasitəsi olar. Özü öz əli ilə həmin nemətlə axirətdə özü üçün atəş hazırlayar və ətrafında olan yoxsulları, ehtiyaclıları görməz. Ancaq öz istək və həvayi-nəfsini təmin edər və əmmarə nəfsinin qulu olar. Belə bir insan üçün həmin nemət həqiqətən də nemət olmaqdan çıxar və əzab vasitəsi olar. Elə bir əzab ki, başqalarının ona bu dünyada qibtə etməsinə baxmayaraq, axirətdə ondan qaçmaqlarına səbəb olar və ona təəssüflənməklərinə gətirib çıxardar. “(Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır). (Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o(dünyada) böyük bir qazanc sahibidir». (İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər». Beləliklə onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi”. (“Qəsəs” 78-81). Ona görə də bu dünyada Allahın nemət verdiyi şəxslərə qibtə aparmayın. Çünki onların yükü ağırdır. İstər iman əhli olsunlar, istərsə də küfr. Əgər iman əhlidirlərsə bu nemətə görə məsuliyyət daşıyır və onun hesabını ağır verərlər. Əgər küfr əhlidirlərsə də Qarun kimi cəhənnəm əhlindən olarlar. Bilin nemət insana ancaq imtahan olmaq üçün verilər. Bu imtahandan kimin necə çıxması öz iradəsindən asılıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|