Vay olsun yalançılara!
Şübhəsiz, Allah-Taalanın qəzəbinə səbəb olan çirkin və yaramaz işlərdən biri yalan danışmaqdır.
Həyatbəxş İslam məktəbində yalan o qədər məzəmmət olunur ki, böyük günahlardan, hətta daha böyük günahlardan hesab edilmiş, yalançılara cəhənnəm əzabı vəd edilmişdir. İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskəri (ə) ibrətamiz və təkanverici bir kəlamında yalanın çirkinliyi haqda belə buyurmuşdur: جُعِلَت الْخَبائِثُ كُلُّها فِي بَيْتٍ وَ جُعِلَ مِفْتاحُها اَلْكِذْبُ “Bütün çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.” (“Biharul-ənvar”, 72-ci cild, səh.263.) Bəziləri yanlış düşüncə və mühasibələr əsasında belə qənaətə gəlirlər ki, yalan, yalnız ciddi olduğu təqdirdə haram və günah sayılır, yoxsa, əyləncə, zarafat və deyib-gülmək xarakteri daşıyarsa, haram və günah hesab edilməz. Bir halda ki, bu təfəkkkür tərzi olduqca yanlışdır, həqiqətdən uzaqdır. Yalanın çirkinliyi o qədərdir ki, Allah və mələklərinin lənət və nifrətinə səbəb olur, yalançı lənətlənir, nifrin olunur. Qurani-Kərimin “Nur” surəsinin 7-ci ayəsində belə buyurur: وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاء إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ وَيَدْرَأُ “Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Allahı şahid gətirirəm – deyə) şəhadət verməlidir. (O, dörd dəfə belə deməlidir: “Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.”) Beşinci dəfə (belə deməlidir:) “Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!” “Ali-İmran” surəsinin 61-ci ayəsində, yəni “Mübahilə” (qarğış) ayəsində də belə buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” “Nəhl” surəsinin 105-ci ayəsində oxuyuruq: إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır.” “Zümər” surəsinin 3-cü ayəsində də yalançıların ilahi hidayətdən məhrum olduqları haqda söz açılır və buyurulur: إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ “...Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.” Peyğəmbəri-Əkrəm (s) bu barədə belə buyurur: المُؤْمِنُ إذا کذَبَ مِنْ غَیرِ عُذْرٍ لَعَنَهُ سَبْعُونَ ألْفَ مَلَک، وَخَرَجَ مِنْ قَلْبِهِ نَتْنٌ حَتّی یبْلُغَ الْعَرْشَ فَیلْعَنُهُ حَمَلَةُ الْعَرْشِ “Mömin şəxs (şəri) üzrü olmadan yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan pis qoxu ərşə çatar və ərşi həml edənlər də ona lənət yağdırarlar.” (“Camius-səadat”, 2-ci cild, səh.425.) O həzrət Əbuzər Qifariyə nəsihətində belə buyurur: “Ayıb yerlərini və dilini qoruyan şəxs behiştə daxil olacaqdır.“ Əbuzər: “Biz dilimizə gətirdiyimiz sözlərə görə sorğu-suala tutulacağıqmı?” – deyə soruşduqda, Həzrət buyurur: “Məgər insanların dillərinə gətirdikləri sözlərdən başqa bir şey də onları cəhənnəmə aparacaqmı?“ (Yəni insanı cəhənnəmlik edən, əsasən, onun dilidir.)... “Ey Əbuzər! Vay olsun məclis əhlini güldürmək məqsədilə yalan danışan şəxsin halına! Vay olsun ona, vay olsun ona! Ey Əbuzər, sükut edən nicat tapdı!...“ (“Vəsailuş-şiə”, 12-ci cild, səh.251.) Rza Şükürlü (Maid.az) Oxşar xəbərlər
|