Ailəsinin rifahı üçün çalışanı, dinimiz mücahid adlandırır
Bismilləhir-Rahmənir-Rahim!
Bugünkü bəhsimiz halal ruzi qazanmaq ətrafında olacaq. Əhli-Beytdən (ə) nəql olunur: «Bir kəs ki, ailəsinin dolanışığı üçün zəhmət çəkir, əcr (əvəz, mükafat) baxımından Allah yolunda çarpışan mücahid kimidir». Mübarək dinimiz ailənin rifahını təmin etmək üçün çalışmanı Allah yolunda cihad edən şəxsin mübarizəsi ilə müqayisə edir. Faktiki olaraq, ruzi dalınca getmək İlahi nəzərdə bu cür yüksək səviyyədə dəyərləndirilir. 7-ci İmamımız Həzrət Museyi-Kazimdən (ə) nəql edilən hədisdə də bu mövzu təsdiqlənir: «Bir kəs ki, halal ruzi üçün çalışır ki, onun vasitəsilə öz xərclərini və ailəsinin rifahını təmin etsin – Allah yolunda cihad edən kəs kimidir». 6-cı İmam Həzrət Cəfər Sadiqdən (ə) nəql edirlər: «O vaxt ki, imkansız bir kişi özünün və ailəsinin dolanışığını təmin etmək üçün işləyir və haramdan çəkinir – bir döyüşçü kimidir ki, Allah yolunda cihad edir». Burada mətləb bir qədər də açıqlanır. Belə ki, mübarək dinimiz ruzi qazanmağı yalnız halal vasitələrlə şərtləndirir və haramdan çəkinməyin vacibliyini vurğulayır. Əslində, qeyri-halal yollarla qazanılanı əsla ruzi belə adlandırmaq düzgün deyildir. Çünki, ruzi – bir nemətdir və bu neməti Mütəal Allah yetirir və bərəkətləndirir. Və Allah Təbarəkə və Təalanın bərəkətləndirdiyi bir şey qeyri-halal ola bilməz. İmam Museyi-Kazimdən (ə) nəql edilən digər hədisdə bildirilir: «Allahın Elçisi (s) və Əmirəlmöminin (Həzrət Əli (ə)), ali məqamlı ata-babalarım bir kəs idilər ki, öz əlləri ilə zəhmətə qatlaşırdılar. İş və zəhmətkeşlik peyğəmbərlər, rəsullar və salehlərin sirəsindəndir (yaşayış tərzindəndir)». Mübarək hədisdən bir daha məlum olur ki, zəhmətə qatlaşmaq dinimiz tərəfindən nə dərəcədə təqdir edilir. Böyük insanların, Allah Elçilərinin (ə), övliyaların zəhmətkeşliyi barədə çoxlu tarixi məlumat bəlli olmuşdur. Həzrət Adəm (ə) əkinçiliklə, İdris peyğəmbər (ə) dərziliklə, Süleyman peyğəmbər (ə) həsir toxumaqla, Hud peyğəmbər (ə) və Rəsulullahın (s) özü – ticarətlə məşğul olmuşlar. Bu məsələlər dində kastalaşmanın, hansısa xüsusi dini siniflərin olmamasını bir daha göstərir. Eyni zamanda, bəşəriyyət üçün əməli nümunə olan peyğəmbərlər (ə) və İmamlar (ə) çalışmaq, ruzi qazanmaq baxımından dəqiq tövsiyələr edirlərsə, şəxsi ibrətlər qoyurlarsa – düşünən insan burada böyük ibrət vardır. İslam dini tərki-dünyalığı qəbul etmir Göstərilmiş mətləblər 3 çox mühüm cəhəti təsdiqləyir: birincisi, dinimiz insanın necə yaşamalı olmasını, hansı həyat tərzi keçirməsini təqdim etməklə yanaşı, zəhməti, halal ruzi qazanmağı çox yüksək mərtəbəyədək, hətta ən üstün ibadət səviyyəsinədək ucaldır. İkincisi, uzun illərdən bəri insanlara belə bir fikir aşılamağa çalışırlar ki, İslam dini insanı çalışmağa, işləməyə stimullaşdırmır. Və bunun əksi kimi xristianlığı, xüsusən də protestantlıq qolunu misal göstərirlər ki, burada işdə müvəffəqiyyət, maddi uğura çatmaq, var-dövlətin artımı – Tanrının razılıq əlaməti kimi qiymətləndirilir. Hal-hazırda Qərb toplumunda çox dəbdə olan təlimlərdə, o cümlədən, kalvinizm nəzəriyyəsində bu xətt mərkəzi yeri tutur: «maddi yüksəlişə çalış, çünki, bu yüksəliş Tanrının razılığının təzahürüdür». Bu sırada Maks Veber kimi nəzəriyyəçilər, əslində müasir kapitalizmin inkişafını məhz bu amillə əlaqələndirmişlər. Sözü gəlmişkən, bu faktoru – tərki-dünyalıqdan imtinanı və zəhmətə qatlaşmanı – xristianlıqda yer alan islahatçılıqla, katolik kilsəsindən imtina ilə əlaqələndirirlər və analogiya apararaq, İslamda da islahatların labüdlüyündən danışırlar. Təbii ki, bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Belə ki, İslam bir sonuncu İlahi din olaraq, tərki-dünyalıq pislənməklə yanaşı, insanın cəmiyyətdə aktiv iştirakını, əməyə qatlaşmasını, çalışmasını daima təqdir edir və bunu Allah yolunda cihadadək yüksəldir. Elmi yanaşma tələb edir ki, «İslam» məfhumu ilə «müsəlman» məfhumu fərqləndirilsin. Belə ki, bu iki məfhum arasında bərabərlik işarəsi qoyduqdan sonra «praktikada niya filan məsələlər müşahidə olunmur» kimi iddialar etmək – bir qeyri-elmi yanaşmadır. Çünki, hansısa təlimin ardıcıllarının bu təlimin bütün cəhətlərini kifayət qədər dərk etməməsinin, nəticə etibarilə təlimə yetərincə riayət etməməsinin təlimin düzgünlüyünə, gözəlliyinə aidiyyəti yoxdur və ola da bilməz! Çünki, elmi yanaşma təlimin özünü təhlil etməyi lazım və mümkün edir. Burada qeyd olunan eyniləşdirmə əslində yanlışlıqdan irəli gəlmir. Bir çox hallarda bu, şüurlu sürətdə həyata keçirilən anlayışların süni surətdə əvəzlənməsidir. Bu, başqa bir sual ki, niyə müqəddəs dinimizimn ardıcılları onun bütün gözəlliklərini açıb, yaşatmırlar. Bu barədə kifayət qədər deyilmişdir və qısaca onu qeyd etmək lazımdır ki, müsəlman camiələri öz daxillərində bir çox ənənələri kənara qoyduqdan, o cümlədən, misal üçün, elmi akademiyalarda «dini elmlər» və «dünyəvi elmlər» kimi süni bölgülər apardıqdan sonra bir çox mərəzlər, o cümlədən də, İslam dininin bir çox ardıcıllarının yalnız zahiri məqamlarla kifayətlənib, dinin əsil fəlsəfəsinə varmaması kimi acı gerçəkliklər meydana çıxmışdır. Üçüncü çox mühüm cəhət odur ki, İslam dünyaya nisbətdə ifrat-təfriti pisləyir. Bu dünyada yaşayarkən çalışmağı, rifahı təmin etməyi bəyənərək, eyni zamanda bunun hədəf deyil, vasitə olmasını unutmamağı tövsiyə edir. Yəni, bu dünya – imtahan dünyasıdır, axirətin əkin yeridir və odur ki, gündəlik çalışmalar o zaman insanın vücudi inkişafına xidmət edər ki, ibadi konsepsiyanın digər elementləri ilə harmonik vəhdətdə olsun. Sadə dillə desək, çalışmaq, ruzi qazanmaq – yaşamaq, qurmaq üçün olsun, yaşamaq ruzi qazanmaq üçün yox. Qeybdə olan İmamın (ə.f) intizarında… Yaşadığımız həftə mübarək bir mövludla səciyyələnir. Hicrətin 232-ci ili rəbiüs-sani ayının 8-də 11-ci İmam – Həzrət Həsən Əsgəri (ə) dünyaya gəlmişdir. O, İmam Əliyyən-Nəqinin (ə) və Hüdeysə adlı təqvalı bir xanımın övladıdır. Bəzi tarixi mənbələrdə xanım Hüdeysəni Süsən xanım da adlandırırlar. Onun ləqəblərindən biri «cəddəh»dir (ərəbcə «nənə» deməkdir). Bu, İmam Sahib-əz-Zamanın (ə.f) nənəsi olmasına işarədəir. Nəql edirlər ki, Əhli-Beyt (ə) ardıcılları çətin məqamlarda Süsən xanıma müraciət edirmişlər. Təbii ki, bu, İslamda qadına xas yüksək məqamın daha bir təzahürüdür. Bilirik ki, Xanım Fatimə (s.ə), xanım Zeynəb (s.ə), Xanım Məsumə (s.ə) və digər müqəddəs şəxsiyyətlərin həyat yolu, əməlləri – qadının İslamda yüksək məqamını təsdiq edən amillərdəndir və demək olar ki, bütün İmamların (ə) zamanında nəcib xanımlar tərəfindən bu missiya davam etdirilmişdir. Hətta, biz görürük ki, möminlərin böhran vəziyyətləri, problemləri ilə bağlı vəziyyətlərdə bu müqəddəs şəxsiyyətlər insanların pənah ünvanına çevrilirdilər. İmam Həsən Əsgərinin (ə) nüfuzundan qorxan Abbasi xəlifəsi onu Samirrada, əl-Əsgəri adlı bir yerdə, hərbçilərin məkanında yerləşdirir. Əslində bu məkan, İmamın (ə) nəzarətdə olmasını, faktiki olaraq, ev dustağı olmasını təzahür edir. Azadxah insanların, inanclı şəxsiyyətlərin İmamın (ə) ətrafında birləşərək istibdadı yox eləmək təhlükəsindən qorxan qəsbkar xəlifələr, daima Həzrət Həsən Əsgərinin (ə) nəinki görüşdüyü insanları nəzarət altında saxlayırdılar, hətta söhbətlərini də yasaqlamağa çalışırdar. Bu, həm də ona görə edilirdi ki, zalımlar, Xilaskarın – 12-ci İmam Mehdi Sahib-əz-Zamanın (ə.f) dünyaya gələcəyindən xəbərdar idilər və bunun qarşısını almağa çalışırdılar. İmam Həsən Əsgərinin (a) ən yaxın dostlarından olan Əhməd ibn İshaq nəql edir: «İmam Həsən Əsgərinin (a) yanına gedib, ondan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq, o Həzrət (ə) üzünü mənə tutub, buyurdu: «Ey Əhməd ibn İshaq! Allah Təala Həzrət Adəmi (a) yaratdığı gündən Qiyamət gününə qədər Yer üzünü bir an olsun belə, İlahi hüccətsiz (rəhbərsiz) qoymayıb və qoymayacaq. Allah həmin hüccətin hesabına Yer üzündəki bəlanı dəf edərək, camaata rəhmət yağışı göndərir və Yerin alt təbəqələrində gizlənmiş nemətləri (sərvətləri) üzə çıxarır». Mən ona dedim: «Sizdən sonra İmam kim olacaq?». Bunu deyəndən sonra o Həzrət (ə) qalxıb o biri otağa keçdi və çox çəkmədi ki, qucağında sifəti on dörd gecəlik Ay parçası kimi parıldayan təxminən üç yaşlı bir uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu: «…Onun adı Peyğəmbərin (s) adından, künyəsi Peyğəmbərin (s) künyəsindəndır. Dünya zülm və haqsızlıqla dolduğu zaman, o, gəlib hər tərəfi haqq-ədalətlə dolduracaq. O, (uzunömürlü olması baxımından) bu ümmət arasında Xızr və Zülqərneyn kimi olacaq. O, uzunmüddətli qeybə çəkiləcək və bir çoxları (qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə) bu barədə şəkk edəcək, təkcə Allahın, onun İmamətinə möhkəm əqidədə saxladığı və onun zühurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar…». Əhli-Beytin (ə) Hərəmi Bu günlər daha bir tarixlə əlamətdardır. Rəbiüs-sani ayının 10-da (bəzi mənbələrə görə 12-də) Həzrət Məsumənin (ə) vəfatı günüdür. Məsumlarımız (ə), İmam Rzanın (ə) bacısı olan Həzrət Məsumənin (ə) müqəddəs Qum şəhərində olan mütəhhər hərəmini «Əhli-Beytin (ə) hərəmi» adlandırmışlar. Həzrət İmam Sadiq (ə) buyurur: “Allahın hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) hərəmi vardır və o, Mədinədir. Mövla Əlinin (ə) də hərəmi vardır və o, Kufədir. Biz İmamların (ə) başqa bir hərəmimiz də vardır və o, Qum şəhəridir. Tezliklə övladlarımdan olan Fatimə (s.ə) adlı bir xanım orada torpağa tapşırılacaqdır”. Xanımın əsil adı Fatimədir. Atası 7-ci İmam Museyi-Kazım (ə), anası Nəcmə xatundur (ə). Xanım Məsumə (s.ə) hicri-qəməri tarixilə 173-cü ildə zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açmışdır. İmam Rzanın (ə) Xorasana sürgün edilməsindən 1 il sonra Həzrət Məsumə (ə) qardaşı ilə görüşmək üçün bir dəstə yaxın adamı ilə birgə yola çıxmışdır. Yol boyu müsəlmanlar Xanıma (s.ə) ehtiram və qonaqpərvərlik göstərirdi, Xanım Məsumə (s.ə) də insanlara Əhli-Beytin (ə) məzlumiyyətini bəyan edir, qəsbkar Abbasi xəlifələrinin zülmünü ifşa edirdi. Karvan Savə şəhərinə çatdıqda, xəlifənin tör-töküntüsündən olan bir dəstə İslam düşməni onlara hücum etdi. Düşmən geri oturdulsa da, karvanı müdafiə edənlərin demək olar ki, hamısı, bu döyüşdə şəhid oldular. Hücumdan sonra Xanım Məsumə (ə.f) Xorasana getmək iqtidarında olmadı və Quma getmək qərarına gəldi. Bu şəhərlə bağlı Xanım (s.ə) bildirdi: «Atam (İmam Museyi-Kazimdən (ə)) eşitmişəm ki, Qum şəhəri – bizim ardıcılların mərkəzidir». Qum əhalisi Xanımın (s.ə) pişvazına çıxdı və onu böyük ehtiramla qarşıladı. Şəhərin ağsaqqallarından olan Musa ibn Xəzrəcin himayəsi ilə Xanım Məsumə (s.ə) Quma varid oldu. Bu, hicri 201-ci il rəbiül-əvvəl ayının 23-də baş vermişdir. Qumda Xanım Məsumə (s.ə) cəmi 17 gün yaşadı və gününü ibadətdə keçirdi. Xanımın (s.ə) ibadət etdiyi yer – «Beytun-nur» bu gün də ziyarət yeridir. Beləliklə, Xanım Məsumə (s.ə) qürbət diyarda, qardaşı İmam Rzanı (ə) görmədən dünyasını dəyişdi. Hicri 256-cı ildə 9-cu İmam – İmam Muhəmməd Təqinin (ə) qızı xanım Zeynəb, Xanım Məsumənin (s.ə) müqəddəs məzarı üzərində ilk dəfə günbəz tikdirdi. İndi bu yer milyonlarla müsəlmanın ziyarət yeridir. 30 ildən az ömür sürmüş Xanım Məsumənin (s.ə) həyat tarixi – Əhli-Beytə (ə) edilən zülmü ifşa edən və hakimiyyəti qəsb etmiş, İslamla müxalif olan zalımların mahiyyətini göstərən bariz nümunədir. Onu da qeyd edək ki, Həzrət Muhəmmədin (s) nəslindən olan iki xanımın şəfaət verməyə ixtiyarları vardır və bu xanımlardan biri Həzrət Fatimeyi-Zəhradır (s.ə) və o birisi isə Fatimeyi-Məsumədir (s.ə). İmam Sadiq (ə) bu haqda buyurur: “Onun şəfaəti ilə bizim bütün davamçılarımız behiştə daxil olacaqlar”. Allahım, bizləri bu şəfaətə layiq olanlardan qərar ver! Amin! Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı Oxşar xəbərlər
|