Həqiqi möminliyə çatmaq üçün lazım olan 5 xüsusiyyət
Mömin adətən o kəsə deyilir ki, imana malik olsun. Quranın nəzərinə görə isə mömin o kəsdir ki, qəlb imanı ilə yanaşı, bu imana uyğun əmələ də malik olmalıdır. Yəni, möminin iki qanadı olmalıdır ki, biri – imandır, o birisi – saleh əməl.
Quranın həqiqi mömin üçün bəyan etdiyi beş sifət ilə tanış olaq. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər. “Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır”. (“Ənfal” 2-4). Əllamə Təbatəbai bu ayələrin təfsirində buyurmuşdur: Bu ayələr həqiqi möminlərin xüsusiyyətlərini tanıdır və onların kərim sifətlərini sayır. Bu beş sifət – o sifətlərdir ki, ona malik olmaq bütün yaxşı sifətlərə malik olmaq deməkdir. Bu sifətlər ibarətdir: 1. Allahı zikr edən zaman qəlbin titrəməsi. 2. Allah ayələrini eşitmək sayəsində imanın artması. 3. Təvəkkül. 4. Namazı ayaqda saxlamaq. 5. Allahın ruzi verdiyindən infaq etmək. Göründüyü kimi ilk üç sifət qəlbə aid olan sifətlərdir. Ancaq qalan iki sifət bədənə aid olan sifətlərdir. Yəni, xarici əməl və rəftara aid olur. Alim davamında buyurur: “Bu sifətlərin zikrində onların həqiqi tərtibinə riayət olunmuşdur. Belə ki, iman nuru yavaş-yavaş qəlbə daxil olar və artmağa başlayar. Öz nəhayət həddinə çatar və kamal əldə edər”. 1. Allahı yada salan zaman qəlbin təsirlənməsi. Bu mərhələ tədrici baş verər. İlk mərhələsi Allahı zikr edən zaman qəlbin təsirlənməsidir. İnsanda xof hissi yaranar. 2. İmanın təkamül etməsi. O zaman ki, mömin Quran ayələrini eşidər və ya qiraət edər, həmin ayələrin və surələrin təsiri nəticəsində imanı qəlbində qol-budaq salar və möhkəmlənər. Artmağa başlayar. Nəhayət yəqin mərhələsinə çatar. 3. Təvəkkül. O zaman ki, insanın imanı artar, Allahın və özünün məqamını yaxşı tanımağa başlayar. Başa düşər ki, hər bir şey Allahın hakimiyyəti altındadır və tək qadir olan varlıq – Allahdır. Ona görə də hər bir işində Ona təvəkkül edər və Ona söykənər. 4. Allahla rabitə. O zaman ki, insanın imanı artar, Allahla rabitədən zövq alar və namaz ki, dinimizin sütunudur, onu həmişə ayaqda saxlayar. Namazını əvvəl vaxtda qəlb hüzuru ilə yerinə yetirər və müti olmağa çalışar. 5. Mömin insan ətrafında olanlara qarşı laqeyd olmaz. Əksinə, onlara xidmət etməkdən ləzzət alar. Onların ehtiyaclarını yerinə yetirməyə çalışar. Allahın ona verdiyi ruzini onlarla bölüşər. Allah Təala bizlərə bu sifətlərə malik olmağı qismət eləsin. Deyerler.org Oxşar xəbərlər
|