Doğru yol
Peyğəmbər (s) Əbuzər barəsində nə buyurdu?
Düz danışanlarla birlikdə olun! (Tövbə-119) Əziz Peyğəmbərimiz (s) bir hədisində belə buyurmuşdur: "Mavi səma hələ Əbuzərdən düz danışan bir adamın üzərinə kölgə salmamış, toz basmış yer üzünə də ondan düz danışan bir adam ayaq basmamışdır.” Peyğəmbərin (s) Əbuzər barəsində buyurduğu bu kəlam həm əhli-sünnə, həm də şiə məzhəbinin etibarlı hədis mənbələrində yer almışdır. Qeyd olunan kəlam ayrı-ayrı səhabələr vasitəsilə nəql edilmişdir. “Sünəni-Tirmizi”də hədisin mətni belədir: مَا أَظَلَّتِ الْخَضْرَاءُ وَ لَا أَقَلَّتِ (ای: حملت) الْغَبْرَاءُ عَلَى ذِي لَهْجَةٍ (رجل) أَصْدَقَ مِنْ أَبِي ذَرٍ... (وَ لَا أَوْفَى مِنْ أَبِي ذَرٍّ، شِبْهِ عِيسَى ابْنِ مَرْيَمَ (ع). فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ كَالْحَاسِدِ: يَا رَسُولَ اللَّهِ، أَفَتَعْرِفُ ذَلِكَ لَهُ؟ قَالَ: «نَعَمْ فَاعْرِفُوهُ لَهُ... (أَبُو ذَرٍّ يَمْشِي فِي الْأَرْضِ بِزُهْدِ عِيسَى ابْنِ مَرْيَمَ عَلَيْهِ السَّلَام). Əhli-sünnə məzhəbinin altı səhih kitabından birinin müəllifi olan Əbu İsa Məhəmməd ibn İsa Tirmizinin (209-279 hq) “Sünən” (əl-Cameus-Səhih) əsərində sözügedən hədisin məşhur hissəsinə aşağıdakı cümlələrin əlavə edildiyini görürük: "... Əbuzərdən vəfalısı yoxdur. O, İsa ibn Məryəmə (s) bənzəyir". Peyğəmbərdən (s) bu sözləri eşidən Ömər ibn Xəttab paxıl adamlara xas olan bir tərzdə soruşdu: –Ey Allahın Rəsulu! Onu beləmi tanıtdırırsan?! Peyğəmbər (s) buyurdu: –Bəli, siz də onu belə tanıyın. Sonra buyurdu: –Əbuzər İsa ibn Məryəmə (ə) xas olan zahidanə həyat tərzi sürür. P.S. Bu, sünni və şiə məzhəbinin yekdilliklə qəbul etdiyi məşhur hədislərdəndir. Hədisin bütün mənbələrdə yer almış əsas hissəsini “Tövbə” surəsinin 119-cu ("كُونُوا مَعَ الصَّادِقِينَ") ayəsi ilə yanaşı qoysaq, görərik ki, Allahın Rəsulu (s) bu hədislə, daha doğrusu, Əbuzər vasitəsilə bizə hansı yolda və kimin yanında yer almalı olduğumuzu göstərmişdir. Əbuzər müsəlman olduğu gündən İmam Əlinin (ə) vilayətinə bağlı bir səhabə olmuşdur. Peyğəmbərin (s) vəfatından sonra da daim İmam Əlinin (ə) yanında yer almış, İlahi xilafət üsul idarəsini şahlıq sistemi ilə əvəz etmiş xəlifələrə qarşı çıxmışdır. Hədisin Tirmizi tərəfindən nəql edilən versiyasında ikinci xəlifə Ömər ibn Xəttabın özündən fəzilətli bir səhabənin paxıllığını çəkdiyi vurğulanmışdır. Hədisin digər kitablarda qeyd edilməyən bu hissəsində Ömərin bu cür təqdim edilməsi diqqət çəkən məqamlardandır! Tirmizinin nəqlində diqqət çəkən digər bir məqam Əbuzərin iman, əxlaqi dəyərlər və zöhd baxımından Həzrət İsaya (ə) bənzədilməsidir. Bu gün vəhabilər Əhli-beytdən olan məsum imamların (ə) keçmiş ümmətlərin peyğəmbərlərindən üstün olduğunu qəbul etmədikləri halda, əhli-sünnə aliminin səhih adlandırılmış əsərində hətta bir səhabənin də mənəvi baxımdan bir peyğəmbər səviyyəsinə qədər yüksələ bilməsinün mümkün olduğu bildirilmişdir. Əlbəttə, bu, heç də bir səhabəbinin peyğəmbər qədər məsum olması, "nübüvvət" və "risalət" məqamında olan bir şəxsin malik olduğu məqama malik ola bilməsi kimi başa düşülməməlidir. Nəzər nöqtəsi olan hədisdə, sadəcə, mənəvi və əxlaqi dəyərlərin inkişafı baxımından bir səhabənin bir peyğəmbər qədər bacarıqlı ola biləcəyi vurğulanmışdır. İstifadə edilmiş ədəbiyyat: Şiə mənbələri: 1. Süleym ibn Qeys (vəfatı:76 h.q), Hilalinin kitabı, c.2, səh.659; c.2, səh.731; 2.Əli ibn İbrahim (3-cü əsr h.q),Quminin təfsiri, c.1, səh.52; 3. Fürat ibn İbrahim (vəfatı: 307 h.q),Kufinin təfsiri, səh.407; 4.. Xəzzaz Razi (4-cü əsr), Kifayətul-Əsər, səh.71; 5. Qazi Nöman, İbn Həyyun (vəfatı: 363 h.q), "Şərhul-Əxbar", c.2, səh.461; 6. Şeyx Səduq (vəfatı: 381 h.q), Məaniul-əxbar", səh.178; 7. Şeyx Səduq (vəfatı: 381 h.q), İləluş-Şərai, c.1, səh.176, bab:141; 8. Şeyx Müfid (vəfatı:413 h.q), əl-İxtisa", səh.13; 9. Əbu Səlah Hələbi (vəfatı:447 h.q), Təqribul-məarif, səh.265-271; 10. Kəracəki (vəfatı:449 h.q), ər-Risalətul-Ələviyyə", səh.43; 11. Kənzul-Fəvaid, c.2, səh.56; 12. Şeyx Tusi (vəfatı:460 h.q), əl-Əmali, səh.710, məclis:24; 13. İbn Şazan (vəfatı:460 h.q), Miətu-mənqəbətin min mənqaibi Əmirilmöminin (ə). Sünni mənbələri: 1. Əhməd ibn Məhəmməd ibn Hənbəl (vəfatı: 241 h.q), əl-Müsnəd, c.11., səh.70, hədis-6519; səh.206, səh.650; c.36, səh.56; c.45, səh.485; 2. İbn Macə, Məhəmməd ibn Yəzid Qəzvini (vəfatı: 273 h.q), əs-Sünən, c.1, səh.162; 3. Məhəmməd ibn İsa Termizi, əs-Sünən (əl-Cameus-Səhih), c.5, səh.486, bab-36; 4. Hakim Həsəkani (vəfatı: 490 h.q), Şəvahidut-tənzil, c.2, səh.390, hədis-1040; 5. Hakim Nişaburi (321-405 h.q), əl-Müstədrək ələs-səhihəyn, hədis-5511, 5512, 5513; 6. İbn Səəd (vəfatı: 230 h.q), ət-Təbəqatul-Kubra, c.4, səh.172 (səh.214) ; 7. Zəğlul, Mosuətu ətrafil-hədisin-nəbəviyyiş-şərif, c.9, səh.41; 8. Syuti (849-911 hq), Camiul-Əhadis, c.5, səh.319, hədis-19025-26; 9. Hafiz Əbu Bəkr əl-Bəzzar (vəfatı: 292 h.q), əl-Bəhruz-zəxxar, c.6, hədis-2488. Mirməhəmməd Bəşir (Maide.Az) Oxşar xəbərlər
|