İsa Məsihin (ə) miladı
Mьəllif: admin1
Tarix: 25-12-2019, 10:35
İsa Məsihin (ə) miladı
Dekabr ayının 25-i İsa peyğəmbərin (ə) doğum gününə təsadüf edir. Qurani-Kərimin “Məryəm” surəsinin 34-cü ayəsində həzrət İsa (ə) belə tanıtdırılır:

ذَلِكَ عِيسَى ابْنُ مَرْيَمَ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ

“Budur Məryəm oğlu İsa – (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri haqq söz!”

“Məryəm” surəsində İsa peyğəmbərin doğum macərası təfsilatı ilə qələmə alınmışdır ki, biz aşağıda buna toxunacağıq. Həmçinin “Nisa”, “Tövbə”, “Maidə”, “Ali-İmran” və “Təhrim” surələrində də o həzrətdən söz açılmışdır. Ümumiyyətlə, Qurani-Kərimdə “İsa” adı 11 dəfə, “Məsih” adı 23 dəfə, “İbn Məryəm – Məryəm oğlu” vəsfi isə 2 dəfə işlənmişdir.

İsa peyğəmbərin ən məşhur ləqəbi Məsihdir və ona görə də, onun ardıcılları “məsihi” adlanmışlar. Bəzi alimlər onun Məsih adlanmasını qayğı məqsədilə daim əlini yetimlərin və kimsəsizlərin başına çəkməsi ilə, bəziləri isə əlini korların gözünə və əlacsız xəstəliklərə tutulanlara sürtərək şəfa verməsi ilə əlaqələndirmişlər.

Bəziləri də qeyd etmişlər ki, İsa peyğəmbər ardıcıl səfərə çıxıb yer üzünü məsh etdiyi və daim yer üzünü gəzib dolaşdığı üçün “Məsih” adlanmışdır.

İSANIN (Ə) İNCİLİ

Müsəlmanların etiqadına əsasən, məsihilərin müqəddəs kitabı – İncil zaman ötdükcə bir çox təhriflərə məruz qaldı. Bunun şahidi isə günümüzdə bir-birindən fərqli müxtəlif incillərin mövcud olmasıdır.

Həm də indiki incillərdə İsa peyğəmbər nalayiq töhmətlər və yanlış gümanlarla təsvir olunur ki, bu da onun müqəddəs məqamından uzaqdır.

Qurani-Kərimdə isə o həzrət təqvalı, təvazökar, yersiz danışmayan, “Allahın ruhu”, “Allahın kəlməsi”, ilahi hikmətlər və sirlərin xəzinəsi, Allahın saleh və mömin bəndəsi kimi tanıtdırılır.

HƏZRƏT İSANIN (Ə) TƏVƏLLÜDÜ

Həzrət İsanın (ə) anasının adı Məryəmdir. İmran qızı Məryəm İslamdan qabaqkı dönəmin nümunəvi və kamil qadınlardan olmuş və Allah onu Qurani-Kərimdə möminlər üçün məsəl çəkmiş, örnək olaraq qeyd etmişdir və bir surə onun adını daşıyır.

Allah-Taala İsa peyğəmbərin dünyaya gəlişi haqda Qurani-Kərimin “Məryəm” surəsinin 17-22-ci ayələrində belə buyurur:

“(Ya Mühəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. Onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi.

Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.” Məryəm dedi: “Əgər pərhizkarsansa, mən səndən rəhman Allaha pənah aparıram.”

Dedi: “Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.” Məryəm dedi: “Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda, mənim necə oğlum ola bilər?”

Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.” (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə, o, (dərhal) İsaya hamilə oldu.”

Cəbrail xanım Məryəmə üfürdükdən sonra gözdən itdi. Məryəm bildi ki, qarşıda çətin günləri olacaq və böyük bir məsuliyyəti daşımalıdır.

Məryəm öz bətnində ilahi ruhu və əzəmətli bir vücudu daşısa da, amma nigaran və narahat idi ki, kim ona inanacaq. Camaat necə inanacaq ki, atasız uşaq doğula bilər?

“Məryəm” surəsinin 23-37-ci ayələrində buyurulur:

“Beləliklə doğuş sancısı onu (Məryəmi) məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş, bundan qabaq öləydim və tamamilə unudulaydım.”

(Birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən, Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub. Xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.” Beləliklə, (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun.”

Məryəm rahatlıq hiss etsə də, amma nigaranlıqla dedi: “Oğlum! Camaat necə? Ey Allahın Ruhu! Camaata nə deyim?”

Uşaq dedi: “Camaatdan kimisə görsən (işarə ilə ona) “Həqiqətən mən rəhman Allah üçün (sükut) oruc(u) nəzir etmişəm, buna görə də, bu gün bir insanla danşmayacağam!» de.”

(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi.” Camaat qəribə bir mənzərənin şahidi olub dedilər: “İmranın qızı Məryəm bir uşaqla gəlir. Hənnənin qızı Məryəm hələ evlənməyib, amma bir körpəsi var. Nə olub?”

Məryəm birbaşa özünün ibadətgahdakı otağına yollandı. Bu həyəcanlı xəbər hər yerə yayıldı və dillər əzbəri oldu. Hamı təəccübləndi. İmanlı insanlar sakit durmuşdular.

Amma bəziləri dillərinə pis sözlər gətirir, kobudluqla Məryəmə müraciət edərək deyirdilər: “Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görübsən. Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.”

Məryəm heç bir söz demədi. “O, işarə ilə körpəni göstərdi (ki, ondan soruşun).”

İnsanlar təəccüblə dedilər: “Beşikdə olan körpə uşaqla necə danışaq?!”

Onların təəccüblə uşağa baxdıqları anda möcüzə baş verdi. Körpə dil açaraq həqiqətin üzərindən pərdəni götürüb dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.

Məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb. Məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib. Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.”

Bəziləri təslim olub ürəkləri imanla doldu. Bəziləri isə hadisəyə daş ürəkləri ilə yanaşıb, bu böyük möcüzəyə inanmadılar.

İSA MƏSİH (Ə) MERACDA

O zaman yəhudi cəmiyyəti fəsad, yalan və dünyapərəstliyə qərq olmuşdu. Tövratın sözlərinin – Allahın kəlamının çox az bir hissəsi qorunub-saxlanılmışdı, yəhudilər öz mənafeləri və tamahkarlıqları üçün onu dəyişdirmiş, maddi varlıqlardan başqa heç bir şeyə iman gətirməyən cəmiyyətə çevrilmişdilər.

Məryəm oğlu İsanın beşikdə danışması hakim dairələrin də qulağına çatdı. Roma paytaxtının hökuməti bu hadisədən nigaran oldu. Buna görə də, Roma padşahı şəhərlərdə nə baş verdiyini bilmək üçün bir nümayəndə göndərib, uşaq barəsində – beşikdə danışan, insanlara öz peyğəmbərliyini və onları zülmdən qurtaracağını xəbər verən körpə haqqında sorğu-suala başladı.

Bu zaman Məryəm uşağın canını təhlükədə gördü. O, Roma dövlətinin nümayəndəsi tədqiqat aparmaq üçün gəldiyi zaman Misirə qaçmaq fikrinə düşdü. Bir gecə Məryəm İsa Ruhullahı götürüb, öz vətənini tərk edərək Misirə yollandı. Onlar uzun illər orada yaşadılar.

O zaman Şam vilayətinə hökmranlıq edən Romanın Herodis adlı hakimi öldükdən sonra Məryəm oğlu İsa Fələstinə qayıtmaq qərarına gəldi. O zaman Fontius Flatus Fələstinin hakimi idi. Hərət İsa əziz anası ilə birgə bu gün Nasirə adlanan Əl-Cəlil dağlıq məntəqəsində bir kənddə sakin oldu. Orada vəhy mələyi ona nazil olub, ilahi risalətin təbliğinə fərman verdi.

İsa artıq otuz yaşına çatmışdı. O, səmavi xəbəri elan etmək üçün bazara toplaşmış əhaliyə müraciətlə dedi: “Ey İsrail övladları! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Məndən qabaq gələn kitabı təsdiq edir və məndən sonra gələcək Əhməd adlı peyğəmbər barəsində sizi müjdələyirəm.”

Yəhudi keşişlər İsanın dəvətindən narahat oldular. Çünki İsa insanları yoxsullara qayğıkeşliyə, acları doyurmağa dəvət edirdi. Həm də buyururdu: “Keşişlər Tövratı dəyişiblər.”

Keşişlər şayiə yaymaqla İsanı kafirlikdə ittiham etdilər. Qəzəblə fəryad edib deyirdilər: “Əgər İsa peyğəmbərdirsə, bəs, möcüzəsi hanı?”

Bu zaman İsa (ə) yerdən bir ovuc palçıq götürüb dedi: “Bu nədir?” Dedilər: “Palçıqdır.”

İsa buyurdu: “İndi mən bu palçıqdan bir quş düzəldəcəyəm. Ona üfürdükdə, Allahın izni ilə quşa çevrilər.” Onlar təəccüblə dedilər: Məqsədin nədir?” İsa buyurdu: “Məqsədim budur ki, mən ona üfürəcəyəm, o da Allahın iznilə quş olacaq. Çünki həyat bağışlayan Allahdır. O, hər bir işə qadirdir.”

Elə də oldu. İsa həmin palçıqdan quşa oxşar bir qəlib düzəltdi və ona üfürdü. Birdən palçıq quşa çevrildi və qanad çalıb mavi səmada uçmağa başladı.

İsa (ə) başqa möcüzələr də göstərdi. Amma görəsən, İsrail övladları həzrət İsaya iman gətirdimi? Əksinə, keşişlərin kinləri daha da artdı və hətta o həzrətin qətl planını hazırladılar və camaatı onu öldürmək üçün təhrik etdilər.

Bu məqsədlə hökumət məmurları işə qarışdılar və İsa məmurlar tərəfindən saraya gətirildi. Filatos diqqətlə İsaya baxıb öz-özünə dedi: “Belə bir gənc mütləq parlaq düşüncələrə sahib olmalıdır.” Buna görə də, Filatos üzünü ona tutub dedi: “Bəziləri deyirlər ki, sən camaatı hökumətin əleyhinə təhrik edirsən! Doğrudurmu?”

İsa dedi: “Mən camaatı ruhlarına qayıtmalarına dəvət edirəm. Dəvət edirəm ki, insanlar bir-birinə yaxşılıq və yeganə Allaha ibadət etsin.”

Filatos, İsanın fikir və düşüncələrində Roma hökumətinə təhlükə yaradacaq bir şey görmədikdə, onu azad etdi. Amma yəhudilər hakimin İsanın fikirlərinin təsiri altına düşdüyü, Roma padşahına xəyanət etmək istədiyi haqda şayiə yaymağa başladılar.

Onlar Filatosdan Roma padşahına məktublar yazıb şikayət etdilər, padşahdan onun vəzifədən uzaqlaşdırılmasını xahiş etdilər. Beləliklə, hərc-mərc bütün ölkəni bürüdü. Hakim Filatos işlərin onun əleyhinə başa çatacağından qorxaraq, yəhudilərlə razılığa gəldi və onları İsanın barəsində azad buraxdı.

Yəhudi keşişlər hay-küylə Məryəm oğlu İsanı tapan və onu tutmaq üçün onlara məlumat verən adamlara hədiyyə və mükafatlar təyin etdilər.

İsanın həvariləri və şagirdlərindən Yəhuda Esxəryuti adlı biri xəyanət etdi və İsanın yerini məmurlara bildirdi. Nəhayət, məmurlar həzrət İsa olan bağa daxil oldular.

Bu zaman Allah-Taala iradə etdi ki, xaindən – Yəhuda Esxəryutidən intiqam alsın. Ona görə də, İsanın oxşar sifətini Yəhudanın üzünə saldı və Yəhuda, İsa Məsihə oxşadı. Allah-Taala İsanı göylərə apardı və onu yəhudilərin çirkin məkrlərindən xilas etdi.

Romalı məmurlar İsanı tuta bilmədilər. Onun bütün əlamət və nişanələrini Yəhudada görüb, onu tutub apardılar və çarmıxa çəkdilər. Allah-Taala Qurani-Kərimin “Nisa” surəsinin 157-ci ayəsində buyurur: “Onlar İsanı nə öldürdülər, nə də dardan asdılar.

Onlarda yalnız belə bir təsəvvür yarandı. (Güman etdilər ki, İsa öldürüldü.)... Əksinə, Allah onu Özünə tərəf qaldırdı. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.”

Bəli, İsa Məsih (ə) bir gün qayıdacaq... Vəd olunmuş gün! Əsrin sahibi imam Məhdinin (ə) qiyam edəcəyi gün! İsa Məsih (ə) imam Mehdiyə (ə) və sözlərinə şəhadət verəcək, haqq batilə qələbə çalacaq və hər yerdə ədalət, əmin-amanlıq hökm sürəcək! (“Peyğəmbərlərin həyatı”, Seyid Kaml, “İsa peyğəmbərin həyatı” bölümü.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031