İnsanın insanlığı imtahanlar sayəsində formalaşar
Müsibət, bəla – o imtahanlardandır ki, möminin mənəvi dərəcəsini qaldırar və onu Allaha yaxınlaşdırar.
İnsanın insanlığı bu bəlalar sayəsində formalaşar. Quran bu haqda buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)”. (“Bələd” 4). Ona görə də Allah hər bir sevdiyi bəndəsinin çətinliklərini artırar ki, insanlıq yolunu tapa bilsin və insanlıq məqamına nail ola bilsin. Çətinliklərə dözmək insanın ruhunu daha böyük və daha tutumlu edər. İlahi lütfü qəbul etmək üçün hazır olar. Salik üçün ən böyük meyil və arzu – İlahi vüsala çatmaqdır və bu da çətinliklərə dözməklə əldə olunar. Allah Təala buyurur: “Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan”. (“İnşiqaq” 6). Əslində Allah insanları ona görə imtahana çəkər ki, özü haqqında dəqiq məlumata malik ola bilsin. İnsan öz zəif nöqtələrini bilmədən özünü təkmilləşdirə bilməz. İmam Sadiq (ə) buyurur: “Mömin tərəzinin gözü kimidir. Hər nə qədər imanı artar, giriftarlıqlarına əlavə olunar”. Həzrət Sadiq (ə) həmçinin buyurur: “Mömin imanı və yaxşı əməlləri qədər giriftar olar. Hər kimin imanı düzgün və əməli yaxşı olarsa, giriftarlıqları çətin olar. Hər kimin imanı süst və əməli zəif olarsa, giriftarlıqları az olar”. İmam Səccad (ə) buyurur: “Mənim o şəxsə kərahətim vardır ki, dünyada afiyətdə olsun və müsibətdən heç biri ona çatmasın”. Bəla və müsibətlər möminin ruhunu günahlardan paklayar. Belə ki, Peyğəmbər (s) buyurur: “Xəstəlik günahları məhv edər”. İmam Sadiq (ə) buyurur: “Nə zaman Allah bəndəsinə yaxşılığı iradə edər, dünyada cəzalanmasına sürətlə əməl edər. O zaman ki, Allah bəndəsinin pisliyini istəyər, günahlarını saxlayar ki, Qiyamət günü kamil şəkildə onu cəzalandırsın”. /Deyerler.org/ Oxşar xəbərlər
|