Qorxu hissini üstələmək
Bu gün bütün dünyada qorxu və qəm insanları vəba xəstəliyi kimi əhatə etmişdir. Psixoloqlar bu haldan heyrətə gəlirlər. Müşahidələrimizdən belə nəticəyə gəlmək olur ki, qorxu və qəm hissi bizim ruhi, cismi və hafizə qüvvəmizi zəiflədir, iş qabiliyyətimizi azaldır.
Məgər qorxu xəyal qüvvəsinin məhsulu deyildirmi? Misal üçün təsəvvür edirik ki, əgər ildırım çaxarsa, evimizi yandıra bilər. Ya əgər müharibə olarsa, bütün ailə üzvlərimizi itirə bilərik. Bunların hamısı təsəvvürdür, yəni xəyal qüvvəsinin yaratdığı şeylərdir, həqiqət deyildir. Özümüzü bu kimi qorxulara təslim etmək əvəzinə, gərək daha nikbin şeylər düşünməyə çalışaq. Gərək özümüzə təlqin edək ki, ildırım çaxmayacaq və müharibə olmayacaqdır. Gələcək haqqında bu cür qorxulara malik olmaq həqiqət deyildir. Əksinə, gələcək haqqında daha müsbət düşüncələrə malik olaq və bu qorxuları özümüzdən uzaqlaşdıraq. İmanlı insanlar bu kimi ziyanlı qorxulardan amanda olarlar. Çünki yaxşı bilirlər ki, hər şey Allahın əlindədir. Əgər belə bir bəla da nazil olsa, hikməti vardır. Ona sadəcə səbir edib, dözüm göstərmək lazımdır. Belə qorxular ziyanlı qorxulardır, insanı yersiz yerə ruhi xəstəliklərə düçar edər və ömür boyu giriftar olmasına səbəb olar. Beləliklə deyə bilərik ki, cavan nəslin hiss etdiyi bu cür qorxular – çox ziyanlı qorxulardır. Allah insanların səadətini və xoşbəxtliyini istəyir. Bu cür qorxular isə insan şəxsiyyətini ləkələyir və onu insan olaraq zəiflədir. Özünə etimadı zəif olur. Halbuki, müqəddəs İslam dini öz gözəl təlimləri ilə bu cür qorxulara qalib gəlməyin yollarını ağıl qüvvəsinin gücləndirilməsində və imanın artmasında görür. Hər kimin ağlı güclü və imanı olarsa, bu cür ziyanlı qorxular ona təsir etməz, insan onların əsiri olmaz. Sadəcə qorxuları sistemləşdirmək, onları qruplara ayırmaq, təhlil etmək lazımdır. Azacıq düşünsə, insan görəcək ki, ona təsir edən – əslində qeyr-rasional vahimə hissidir. İnsan addımbaaddım bu hissləri kontrola almalı və özündən kənarlaşdırmalıdır. İnşəallah, bu yolda mütləq uğur qazanacaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|