Sınaq – ilahi qanun
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 155-ci ayəsində buyurur:
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ “Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.” Allah-Taala bütün insanları imtahana çəkir. Amma bütün imtahanlar eyni olmur. Bütün yer üzü imtahan və sınaq meydanıdır və bütün insanlar – hətta peyğəmbərlər – imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir. Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır. Əlbəttə, bütün insanların təkbətək sınaqlardan keçirilməsi də zəruri deyil. Mümkündür ki: a) Hərə bir şeylə sınağa çəkilsin; b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun; v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər. Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. İmam Əli (ə) buyurur: “Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr.” (“Nəhcül-bəlağə”, xütbə 143.) Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. (Bax: “Cinn”, 16-17.) Allah səbirlilərə bir sıra lütflər etmişdir: 1. Məhəbbət; وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ “Allah səbir edənləri sevər!” (“Ali-İmran”, 146.) 2. Qələbə; يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ “Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur).” (“Bəqərə”, 153.) 3. Behişt; أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا “Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbir etdiklərinə görə Cənnət məskəni ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.” (“Furqan”, 75.) 4. Saysız-hesabsız mükafat; إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ “Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!” (“Zümər”, 10.) 5. Müjdə; وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ “Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.” (“Bəqərə”, 155.) İlahi sınaqdan çıxmağın bir neçə yolu var: a) Səbir və müqavimət; b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət; v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət. İmam Hüseyn (ə), qucağındakı körpə övladı oxa tuş gəlib şəhid olduqda buyurdu: “Bu çətin hadisəni Allah gördüyü üçün mənə asandır.” (“Biharul-ənvar”, c.45, səh.46.) BİLDİRİŞLƏR 1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır. 2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir. 3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 3-cü cild, “Bəqərə” surəsi, 155-ci ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|