Dünya sevgisi nədir? Dünya sevgisini aradan aparmağın yolları
Dünyapərəstlik – müasir dünyanın ən çox düçar olduğu ağır xəstəliklərdən biridir. Bu xəstəliyi Quran və hədislərimizin dilindən eşitmiş və onun müalicəsi ilə tanış olmuşuq.
İndi isə böyük alim və arif olan Rəhmətlik İmamın (r) nəzərində dünya sevgisinin ziyanları ilə tanış olaq. Rəhmətlik İmam (r) buyurur: “Hədislərdə bəyan olduğu kimi, dünya sevgisi hər bir günahın mənşəyi olar. O zaman ki, özümüzün və başqalarının rəftarlarına nəzər salırıq, bu hədisin nə qədər doğru olduğuna əmin oluruq. Mal əldə etmək üçün nə qədər günah edilir: oğruluq, rüşvət, sələm, tamah, başqa bəndələrin yanında zəlil olmaq və yüzlərlə bu cür günahlar. Böyük alimin nəzərində dünyanın şərhi ilə tanış olaq: 1. Dünya sevgisi. Dünya hər bir insanın yanında özünəməxsus tərifə malikdir. Ariflərin nəzərinə görə, dünya sevgisi o amillərdəndir ki, insana Allahı unutdurar. O şey ki, insanı Allaha yaxınlaşdırar – axirət düşüncələridir. Ona görə də axirət həmişə dünyanın qarşı tərəfində yer almışdır. Rəhmətlik İmamın nəzərinə görə dünya – o şeydir ki, insanı Allah Təaladan qafil edər və özünə məşğul edər. Yəni, Allahı unutdurar və dünya ilə məşğul olmasına səbəb olar. Rəhmətlik İmam buyurur: “Əgər nəfs dünyaya diqqət edər və onun təmiri ilə məşğul olarsa, haqdan üz döndərər. Baxmayaraq ki, məada və Qiyamətə etiqadı olsa belə. Qəlb haqdan qəflət edər və dünyaya diqqət edər”. “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7). 2. Bəyənilən və bəyənilməyən dünya. Dünya özü məzəmmət olunmaz, bəlkə ona ürək bağlayan qəlblər məzəmmət olunar. Dünya sevgisi məzəmmət olunar. Çünki dünya da Allahın məxluqudur. Allah Təala heç bir zaman məzəmmət olunan bir şey xəlq etməmişdir. Əllamə Məclisi buyurur: “Bil ki, Quran ayələrindən və hədislərdən görünən budur ki, məzəmmət olunan dünya elə bir minikdir ki, insanı Allah itaətindən saxlayar. Ona görə də dünya ilə axirət əks istiqamətdədirlər. O şey ki, Allahı razı salar – axirətdədir, baxmayaraq ki, zahirdə dünyada olsa belə. Ticarət, əkinçilik, sənət kimi. Bütün bu peşələr ailəni təmin etmək üçündür. Xeyir işlərdə və sədəqə üçün istifadə etməyə görədir”. Rəhmətlik İmamın (r) bəyənilən və bəyənilməyən dünyanın şərhində buyurur: “Bilmək lazımdır ki, övliyaların dilində məzəmmət olunan dünya ona – diqqət edib, onu sevməkdir. Ancaq hər kim dünyanı axirətin tarlası görərsə - o zaman bu dünya bəyənilən dünya olar. Hər kim dünyaya bağlanar – fəsad və bədbəxtlikdən başqa bir şey görməz. Beləliklə deyə bilərik ki, insan üçün iki cür dünya vardır. Biri bəyənilən, biri bəyənilməyən. İnsanın dünyaya əlaqəsi hər nə qədər çox olarsa, pərdə və hicabların sayı da bir o qədər çox olar. Hicablar qəlbi qaraldar və zülmətli edər. Əlaqə hər nə qədər çox olarsa, bu hicablar daha qəliz və aradan qaldırılması daha çətin olar”. 3. Dünya sevgisinin səbəbi. İnsan bu dünyada gözünü açdığı üçün, ona məhəbbəti vardır. Bu hiss hər bir insanın fitrətinə qoyulmuşdur və ondan qaçış yoxdur. Söhbət ondadır ki, bu hissdə ifrat etməyəsən. Əgər ifrat etsən, Siratül-müstəqim yolundan azarsan. Nəticədə də əbədi həlakətə düçar olarsan. 4. Ləzzət tələbi. İnsan elə varlıqdır ki, daima ləzzət axtarışında olur – istər maddi olsun, istərsə də mənəvi. Çünki bu hiss onun fitrətinə qoyulmuşdur. Hər kim bu ləzzəti dünyada görərsə, ona tərəf gedər. Hər kim bu ləzzəti Allah sevgisində görərsə, ona tərəf gedər. “Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz”. (“Zuxruf” 71). “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257). Rəhmətlik İmam buyurur ki, ləzzət tələbi dünya sevgisinə gətirib çıxardır. İnsanın dünya əlaqəsi hər nə qədər çox olarsa, qəlb əlaqəsi də bir o qədər olar. Bu qədər də ruhaniyyət və haqq ləzzətindən azalmış olar. İlahi məhəbbət qəlbində məhv olar. Çünki əmmarə nəfs onun istədiyi ləzzəti onun üçün təmin edər. Nəticədə də insan ruhuna və qəlbinə hicablar çəkilər insanı İlahi yoldan uzaqlaşdırar”. 5. Hərislik və tamah. Tamah və hərislik – rəzil sifətlərdəndir. Bu sifətlər hər nə qədər çox olarsa, insanın dünya sevgisi də bir o qədər çox olar. Tamahın mənşəyi – dünya sevgisidir. Tamah hissi ləzzət tələbində ifrat etməkdən irəli gələr. İnsana həm dünyada və həm də axirətdə həlakət gətirər. Rəhmətlik İmam (r) buyurur: “Məlumdur ki, hərislik – cəhalətdir və İblisin (lən) silahlarındandır. Onun özü şərdir və şər vasitələrindəndir. Tamah və hərislik insanı Allahdan uzaqlaşdırar və dünyaya yaxınlaşdırar”. 6. Günahlar. Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, dünya sevgisi günaha səbəb olar. Hədislərimiz buyurur ki, insan günah edən zaman qəlbində küdurət yaranar və əgər tövbə etməzsə, qəlbin zülməti qalıcı olar. Əgər başqa günahlar da edərsə, bu küdurət daha da artar. “(İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər! Özünü ehtiyacsız gördüyü üçün”. (“Ələq” 6-7). O qəlb ki, günaha bulaşıbdır, axirət və Allaha qarşı heç bir əlaqə onda görünməz. Əksinə - vəzifə sevgisi, mal sevgisi, şöhrət sevgisi artar. Rəhmətlik İmam buyurur: “İnsanın gördüyü hər bir əməl qəlbinə təsir edər. Əgər saleh əməl görərsə, qəlbində nuraniyyət yaranar. İnsan İlahi tövhidə yaxınlaşar. Bu nur insan bədəninə də təsir qoyar. Ancaq əgər günah edərsə, bu əməl qəlbini qaraldar və dünyaya yaxınlaşdırar. İnsanda olan ruhaniyyəti aradan aparar”. 7. Allahı unutmaq. Dünya və axirət bir-birinin əks istiqamətində qərar tuturlar. Dünya sevgisinin səbəblərindən biri – Allahı, axirəti, ölümü, məadı unutmaqdır. Allahı yada salmaq isə əksinə - qəlbi dirildər və nurani edər. Belə insan dünyadan üz döndərər və Allaha doğru üz çevirər. Qəlbini dünyadan qopartmaq – Allah yolunun yolçuları üçün ilk addımdır. Rəhmətlik İmam buyurur: “Bil ki, insan bu təbiətdə dünyaya gəlmişdir. Anası elə bu dünyadır. Övladı – su və torpaqdır. Dünya sevgisi ilk andan qəlbinə qoyular. Hər nə qədər böyüyərsə, bu sevgi daha da artar. Allah Təala bu hiss ilə ona mərhəmət etmiş və növünü qorumaq istəmişdir. O zaman ki, insan dünyanı ləzzət yeri kimi tanıyar, ölümü onları əldən vermək kimi qəbul edər. Ağlı da onun üçün bu həqiqəti təsdiq edər. Ancaq qəlb – tamamilə başqa bir şeydir. Əgər qəlb başqa aləmin olduğundan xəbərdar olarsa və insana bu dünyanın fani olduğunu inandırarsa – o zaman insan kamala doğru meyil edər. Bilər ki, bu dünyadan da ali bir dünya vardır ki, ona hazırlaşmaq və onun üçün azuqə toplamaq lazımdır. Bu zaman dünyanın nə qədər ağır və xoşgəlməz bir yer olduğunu görər. Əgər bu əqidədə olarsa, dünyanın zəncirlərindən azad olar”. 8. Dünya sevgisinin təsiri. a). Günahların mənşəyi. Həzrət Peyğəmbər (s) buyurur: “Dünya sevgisi – hər bir səhvin mənşəyi, hər günahın açarı, hər bir yaxşılığın məhv olmaq səbəbidir”. Yəni, insanın dünya sevgisi nə qədər çox olarsa – səhvləri, günahları da bir o qədər çox olar. Yaxşılıqları aradan gedər və günaha meyil edər. Rəhmətlik İmam buyurur: “Hədisdən də göründüyü kimi, dünya sevgisi bütün xataların mənşəyidir. Bəşəriyyətdə peyda olan hər bir fəsad, nəfs sevgisinə qayıdır. Nəfs sevgisindən isə mal sevgisi, vəzifə sevgisi, şöhrət sevgisi meydana gələr. Peyğəmbərlərin (ə) əsas işi bu idi ki, nəfs sevgisini bacardıqları qədər azaltsınlar”. b). Allahı unutmaq. Allah Təala Qurani-Kərimdə buyurur: “Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir-birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir”. (“Əhzab” 4). İmam Əli (ə) buyurur: “Necə ki, Günəş ilə Ay bir yerdə cəm olmur, Allah (sevgisi) və dünya sevgisi də bir yerdə cəm olmaz”. c). Ölən zaman imanın aradan getməsi. Dünya sevgisinin ən təhlükəli nəticəsi insan ölən zaman özünü göstərər. Belə ki, insanın imanının aradan getməsinə səbəb olar. Dünyapərəst insan bu dünyadan imansız halda gedər. Rəhmətlik İmam (r) buyurur: “Bil ki, nəfs bu dünyada hansı xətti tutarsa, qəlbində onun təsiri zahir olar. Dünya sevgisi hər nə qədər çox olarsa, təsiri də bir o qədər çox zahir olar. Bu hiss bir çox fəsadların mənşəyi olar. İnsanın etdiyi bütün günahlar bu hissə qayıdar. Əgər insan qəlbi dünyaya şiddətlə bağlanarsa, Allah Təala onu məhbubundan ayıran zaman dünyadan Allaha qarşı nifrətlə ayrılar. Bu kin və düşmənçiliyin təsirini Allahdan başqa heç kəs bilməz”. d). Qəlb hüzurunun aradan getməsi. Qəlb hüzuru bütün ibadətlərin bünövrəsini təşkil edir. Əgər qəlb hüzuru olmazsa, ibadətlərin təsiri olmaz. Dünya sevgisi qəlbi özünə məşğul etdiyi üçün, qəlb hüzurunu aradan aparar. İbadət edən insanı dünya ilə məşğul edər və ibadətdən yayındırar. r). Allahdan qeyrisindən asılı olmaq. Dünya sevgisinin gətirdiyi bəlalardan biri də insanın Allahdan qeyrisindən asılı olmasıdır. İnsan dünyaya tamah etdiyi üçün, Allahla əlaqəsini kəsər. Nəfsinin əsiri olar. O zaman ki, insan nəfsinin qulu olar, onun hər istəyini yerinə yetirər. Dünya sevgisini aradan aparmağın yolları: 1. Əzm və iradə. 2. Ziddinə əməl etmək. 3. Allahı yada salmaq. 4. Həqiqi zöhd. 5. Məsumlara (ə) təvəssül etmək. 6. Şuhud həqiqətini dərk etmək. Allah Təala bizləri dünyanın mahiyyətini dərk edənlərdən, dünyaya bağlı olmayanlardan və dünyadan axirətləri üçün istifadə edənlərdən qərar versin! Amin! Deyerler.org Oxşar xəbərlər
|