Aşkar və gizli məsəl
Quranın məsəlləri quruluş etibarilə iki qismə bölünür: aşkar və gizli. Bu bölgünü qeydə alan ilk şəxs “Əl-bürhanu fi ülumil-Quran” kitabının müəllifi Bədrəddin Zərkeşidir (vəfatı 794 h.q.). O, “məsəl“ sözünün işlənmədiyi bənzətmələri “gizli məsəl” adlandırmışdır. (“Əl-bürhanu fi ülumil-Quran”, 1-ci cild, səh. 488.)
Cəlaləddin Süyuti (vəfatı 911) Zərkeşinin bu bölgüsünü şərh edərək yazır: “Aşkar məsəldə “məsəl” sözü qeyd edilir. Buna “Bəqərə” surəsinin 17-ci ayəsini misal göstərmək olar: مَثَلُهُمْ كَمَثَلِ الَّذِی اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ... “Onların (münafiqlərin) halı (qaranlıq gecədə geniş bir səhrada ətrafını işıqlandırmaq üçün) od yandıran şəxsin halına bənzəyir...” Gizli məsəldə isə “məsəl” sözü qeyd edilmir və mənasından məsəl anlaşılır. Bir şəxs Hüseyn ibn Füzeyldən soruşdu: “Eşitmişəm ki, sən Qurandakı ərəb və əcəmə aid məsəllər haqda tədqiqat aparırsan. Deyin görək, bu məşhur məsəl – “Xəyrul-umur ovsətuha” (Hər işdə ən yaxşı ölçü orta həddir) hansı ayədə göstərilmişdir? Hüseyn ibn Füzeyl belə cavab verir: Neçə ayəni misal göstərmək olar ki, onlardan biri budur: وَالَّذِینَ إِذَا أَنْفَقُوا لَمْ یسْرِفُوا وَلَمْ یقْتُرُوا وَكَانَ بَینَ ذَلِكَ قَوَامًا “Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.” (“Furqan” surəsi, ayə 67.) –“Mən cəhələ şey`ən adahu” (İnsan bilmədiyi şeyə qarşıdır) məsəli hansı ayə ilə uyğundur? –“Yunus” surəsinin 39-cu ayəsi ilə: بَلْ كَذَّبُوا بِمَا لَمْ یحِیطُوا بِعِلْمِهِ... “Xeyr, o kafirlər qavraya bilmədiklərini təkzib etdilər...” Həmin şəxs hər cür məsəl soruşduqca, Hüseyn ibn Füzeyl onlara uyğun ayələri misal çəkirdi. Cəlaləddin Süyuti də “gizli məsəl”i “məsəl” sözünün işlənmədiyi ayələrlə əlaqələndirir. “Gizli məsəllər”i isə bu cür adlandırmaq əsassızdır. Çünki Hüseyn ibn Füzeyllə o şəxsin danışıqlarından bu mətləbə dair bir işarə yoxdur. Gizli məsələ yeni baxış Gizli məsəli belə də tərif etmək olar: Cümlədə təşbeh hərfi (təşbehi bildirən “kaf” hərfi, yaxud “məsəl” sözü) olmadan bir fikrin hər hansı bir formada bənzədilməsinə “gizli məsəl” deyilir. Qurani-Kərimdə bu cür nümunələrin sayı az deyildir. Məsələn: وَالْبَلَدُ الطَّیبُ یخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِی خَبُثَ لَا یخْرُجُ إِلَّا نَكِدًا كَذَلِكَ نُصَرِّفُ الْآیاتِ لِقَوْمٍ یشْكُرُونَ 1. “Pak torpağın bitkisi Rəbbinin iznilə cücərər. Xəbis torpaq isə yalnız az və faydasız məhsul verər. Biz ayələrimizi şükür edən bir tayfa üçün bu sayaq çeşidli izah edirik.” (“Əraf” surəsi, ayə 58.) Bu ayədə “məsəl” sözü və yaxud təşbehi bildirən “kaf” hərfi işlənmədən, möminlə kafirin vəziyyətini bəyan edən dolğun bir bənzətmədən söz açılır. Bu məsəldə möminin qəlbi pak torpağa, kafirin qəlbi isə şoranlıq (ölü və quru) torpağa bənzədilir. Peyğəmbərlər və övliyaların kəlamları münbit torpaqlara düşən yağmur kimi möminin qəlbinə nur bəxş edir. Amma həmin sözlər sanki şoranlığa təsir göstərməyən yağmur kimi, kafirin də qəlbinə heç bir əsər qoymur. إِنَّ الَّذِینَ كَذَّبُوا بِآیاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلَا یدْخُلُونَ الْجَنَّةَ حَتَّى یلِجَ الْجَمَلُ فِی سَمِّ الْخِیاطِ وَكَذَلِكَ نَجْزِی الْمُجْرِمِینَ 2. “Ayələrimizi təkzib edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!” (“Əraf” surəsi, ayə 40.) Ərəb dilində bir işdən imtinanı bildirmək üçün belə deyilir: لا تفعل كذا حتى يشيب الغراب أو يبيّض القار “Qarğa qocalıb, qır ağarmayınca, mən bu işi görməyəcəyəm.” Amma Qurani-Kərimdə onun “məsəl” forması belədir: “Dəvə iynənin gözündən keçməyincə, göyün qapıları kafirlərin üzünə açılmayacaq və onlar behiştə daxil olmayacaqlar.” Dəvənin iynənin gözündən keçməsi qeyri-mümkün olduğu kimi, kafirlərin də behiştə daxil olması mümkünsüzdür. Bəlkə də Zərkeşinin məsəli iki (aşkar və gizli) qismə bölməsi elə bu nümunələrə əsasən olub. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, səh.8-10.) Tərcümə etdi: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|