İnsan haradan bilsin ki, behişt əhlidir, yoxsa cəhənnəm? – Əhli-Beytdən (ə) dəqiq meyar
İmam Baqir (ə) bir nəfərə buyurur: “Əgər behişt və ya cəhənnəm əhli olduğunu dərk etməyi iradə etsən, qəlbinə müraciət et. Əgər görsən ki, itaət əhlini sevirsən – behişt əhlisən, əgər görsən ki, günah əhlini sevirsən – cəhənnəm əhlisən. İnsan Qiyamət günü sevdiyi kəslə məhşur olar”.
Quran ayələrindən və hədislərdən göründüyü kimi, İlahi övliyalar Allahın ən sevimli bəndələri və muxlisləridir. Bu insanlar heç bir zaman Allahın və Rəsulunun (s) itaətindən boyun qaçırtmazlar. Bəs İlahi övliyalar kimlərdir? Cavabında demək olar ki, peyğəmbərlər (ə), Məsum İmamlar (ə), Allah yolunda şəhid olanlar, bütün İlahi muxlislər – İlahi övliyalardır. Dərəcə və məqam baxımından fərqlidirlər. Həzrət Peyğəmbər (s) özü də İlahi övliyalardan biridir. Allah Təala yanındakı məqamı nübuvvət və risalətdir. Bəs Allahın düşmənləri kimlərdir? Bunun cavabını vermək üçün Allah dərgahından qovulan şeytana müraciət etmək lazımdır ki, təkəbbürü Allahla düşmən olmağına səbəb olmuşdu. Allah Təala Öz bəndələrinin məqamını artırmaq üçün onları daima imtahana çəkir. O kəslər ki, İlahi imtahandan müvəffəqiyyətlə çıxırlar, onlar İlahi qürbə yaxınlaşır və Allahın dostu olurlar. Əks halda Allah yanında heç bir məqam və rütbəyə malik olmazlar. Allahın bu cür imtahanlarında məğlub olan kəslərdən biri də lənətlik İblis olmuşdur. Quran onu ən böyük düşmən adlandırmışdır. “Şeytanın addımlarına tabe olmayın ki, o, sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168). “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60). Şeytanın vəsvəsələri insanı səadət və nicatdan məhrum etdiyi üçün Allah şeytanı insanın ən qatı düşməni adlandırmışdır. Beləliklə deyə bilərik ki, əgər Allahı sevən, Allahın dostu olan insanları biz də seviriksə, o zaman aqibətimiz xeyirli olar. Yox, əgər əksinə, Allahın düşməni olan və ona itaətsizlik edən insanları seviriksə, o zaman aqibətimiz haqqında düşünməliyik. Çünki bizi heç də xeyirli hadisələr gözləmir. /Deyerler.org/ Oxşar xəbərlər
|