Bu qüssədən başqa, hər bir qüssənin fərəci vardır
Qiyamətin xüsusiyyətlərindən biri də budur ki, nemətləri və cəzaları əbədidir. Ona görə də şadlıqları da, qəmləri də əbədidir.
Qurani-Kərim buyurur: “Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr, (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!”. (“Həcc” 22). Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir qüssənin fərəci vardır, atəş əhlinin qəm və qüssəsindən başqa ki, sona çatmır”. Ancaq əksinə - behişt əhli əbədi nemət içində olduqları üçün, çox şaddırlar. Allah Təala saleh əməllərinə görə onları behiştə daxil etmişdir. “Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri)bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir»”. (“Fatir” 34). Bəs kimlərin qəmi başqalarına nisbətən daha çoxdur? Kimlər əbədi olaraq cəhənnəmdə qalacaqlar? 1. Kafirlər. «Kafir olan və Bizim (tövhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar». (“Bəqərə” 39). 2. Münafiqlər. “Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir”. (“Tövbə” 68). 3. Qatillər. “Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır”. (“Nisa” 93). 4. Zinakarlar. “Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar”. (“Furqan” 68-69). 5. Mürtədlər. “Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 217). 6. Sələm yeyənlər. “(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”.(“Bəqərə” 275). 7. İslam düşmənlərinə yardım edənlər. “Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar İlahi əzabda həmişəlikdirlər”. (“Maidə” 80). 8. O kəs ki, günahı onu daima əhatə edər. “Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı(təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”. (“Bəqərə” 81). Allah Təala belə aqibətdən bizləri amanda saxlasın! /Deyerler.org/ Oxşar xəbərlər
|