İbadətin fəlsəfəsi
Bütün İslam proqramları və hökmlərinin hikmət və fəlsəfəsi vardır:
1. Yüzlərlə ayə və hədis xalqı düşüncə və təfəkkürə çağırır. İslam qədər heç bir məktəb insanları düşüncəyə dəvət etməmişdir. 2. Quranın müşriklərə və bütpərəstlərə şiddətli etirazlarından biri ata-babalardan dəlilsiz və kor-koranə təqliddir. 3. Quran özü hökmləri bəyan edərkən onların dəlillərini göstərir. Məsum imamlar da rəvayətlərdə hökmlərin hikmətini bəyan etmişlər. İslam alimləri bəzən bu mövzuda kitablar yazmışlar. (Məsələn: Şeyx Səduqun “İləluş-şəraye” kitabı, namaz, həcc və sair hökmlərin sirləri barəsində onlarla kitablar.) Bunlardan əlavə, elmin inkişafı ilə ilahi hökmlər və dini göstərişlərin sirlərindən pərdələr götürülür. İslamın yaşı ötdükcə onun əzəməti artır. Yuxarıdakı nöqtələrə diqqət yetirdikdə bəzi məsələlər xatırladılır: 1. Bütün zamanlarda, bütün insanların dini hökmlərin dəlilini bilməsi zəruri deyil. Bəzi hökmlərin səbəbi hal-hazırda aydın deyil. Lakin zaman keçdikcə onların sirri üzərindən pərdə götürülür. 2. Hökmlərin fəlsəfəsində onların yalnız maddi təsirləri və faydaları, iqtisadi və sağlamlıq yönləri yox, ruhi, mənəvi və axirət təsirləri də düşünülməlidir. 3. Allahı həkim, Onun göstərişlərinin hikmət əsasında olduğunu bilən şəxs bu gün hansısa hökmün səbəbini bilmədiyindən bu əməli tərk etməməlidir. Xəstə əgər “dərmanın tərkibini bilməyincə ondan istifadə etməyəcəyəm” deyərsə, ağrıdan ölər. Əlbəttə, dərmanı istifadə etməklə yanaşı, onu tanımağa çalışmalıyıq. 4. Hansısa bir hökmün fəlsəfəsi haqqında Quran və hədislərdən möhkəm bir dəlil yoxsa, yaxşı olar ki, sakit olaq və zənn-gümanlara qapılıb dəlil axtarmayaq. 5. Əgər varlıq aləminin bəzi sirlərini biliriksə qürrələnməyək və hər bir şeyin dəlilini biləcəyimizi gözləməyək. 6. Adi gedişatdan çıxıb vəsvəsələrə qapılmayaq. Necə ki, həkimə müraciət edən şəxs özünü onun ixtiyarına verir. Yaxud avtomobili təmir edən mexaniklər sual-cavab edilmir. (Çünki həkim və mexanikin biliyinə inanırıq.) Dini məsələlərdə də Allahın qanunlarına boyun əyməklə əməl edilməlidir. Çünki Allah daha mehriban, daha bilikli və daha həkimdir. O, həm gələcəyi, həm zahiri və həm batini təsirləri, həm gizlini, həm də aşkarı bilir. 7. İlahi hökmlərdən bəzi sirlər öyrənmişiksə, bütün hökmlərin sirlərini öyrənəcəyimizi xəyal etməməliyik. Əlini dənizə salıb çıxaran şəxsin haqqı yoxdur ki, xalqa əlini göstərib “dənizin suyu budur” desin. O, deyə bilər ki, dəniz suyundan bu qədər mənim əlimə dəyib. Hansısa hökmün fəlsəfəsini bilən öyrəndiklərindən savay heç bir sirr olmadığını düşünməməlidir. Məgər məhdud insan ağlı ilə Allahın sonsuz elmindən qaynaqlanan hökmlərin dərinliyindən xəbər tutmaq olarmı?! 8. Bizi hökmlərin fəlsəfəsini anlamağa dəvət edən ağıl deyir: Nəyisə bilmədikdə təqvalı, agah insanlardan soruş. Bu həmin din övliyalarına tabeçilikdirr. Quran və hədislərdən hökmlərin fəlsəfəsini göstərən nümunələrə nəzər salaq. Quran: Namaz barəsində deyilir: “Namaz insanı çirkin və pis işlərdən çəkindirir.”[1] “Məni düşünmək üçün namaz qılın.”[2] “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olur!”[3] Oruc barəsində deyilir: “Təqvalılardan olmağınız üçün oruc sizə vacib oldu.”[4] Çünki günahların çoxu qəzəb və şəhvətndən qaynaqlanır. Oruc bu meylin tüğyanının qarşısını alır və təqva yaradır. Buna görə də Ramazan ayında cinayətlərin və günahların sayı azalır. Həcc barəsində deyilir: “Daha çox mənfəət əldə etmək üçün həcc ziyarətinə getsinlər.”[5] Həccin siyasi və ictimai cəhətdən təsirli və faydalı olmasına heç bir şəkk-şübhə yoxdur. Zəkat barəsində deyilir: “Xalqın mallarından zəkat al. Bununla onları (dünyapərəstlik və paxıllıqdan) pak etmiş olarsan.”[6] Qumar və şərab barəsində deyilir: “Şeytan onların vasitəsilə sizin aranızda düşmənçilik, kin yaradır və sizi Allahı düşünməkdən uzaqlaşdırır.”[7] Quran qisası cəmiyyətin həyat mayası hesab edir.[8] Çünki cinayətkar cəzalandırılmasa ölü, cinayətkar və zülmkar cəmiyyət yaranar, əmin-amanlığa son qoyular. Bütün bunlar ilahi hökmlərin hikmət və təsirlərini bəyan edən Quran ayələrindən nümunələr idi. Hədis: Bu mövzuda nəql olunmuş hədislər arasında yalnız “Nəhcül-bəlağə”də Əmirəlmömininin (ə) sözlərindən bir cümləyə işarə edirik: “Allah-Taala şirki təmizləmək üçün imanı, təkəbbürü təmizləmək üçün namazı və ruzi səbəbi olması üçün zəkatı vacib etdi...”[9] Allaha iman insanı şirk düşüncələr, puç eşqlər və zəif arxalardan azad edir. Bütün kamilliklərin qaynağını düşünmək, əzəmət və qüdrət mərkəzindən kömək istəyi hesab olunan namaz insanı təkəbbürdən uzaqlaşdırır. Zəkat cəmiyyətin işdən düşmüş mexanizmlərini işə salır. Zəkat məhrumlara və iflasa uğramışlara qüvvə verir, qəlblərdə xalqa qarşı məhəbbət yaradır və zəkat verən şəxsin qəlbindən dünya məhəbbəti xaric olur. Bundan əlavə, insan zəkat verməklə var-dövlətindən azalmış miqdarın bərpası üçün iqtisadi fəaliyyət göstərir. Təbii ki, çox xərci olan daha çox işləyir. Demək, zəkat ruzi səbəbidir. Bu hədisdə oruc, əmr be məruf, nəhy əz-münkər, cihad barədə, eləcə də zina və şərabın haramlığı, hədlərin icra olması, imama itaət və bu kimi iyirmi ilahi hökmün hikmət və fəlsəfəsi bəyan olunmuşdur. Fitrət: İnsan fitrəti bəzi hökmlərin fəlsəfəsi ilə tanışdır. Hər bir insan istənilən şəraitdə və zamanda yalanın, xəyanətin, töhmətin, qətlin, oğurluğun, zülmün, əskik satmağın və bu kimi başqa işlərin pis olmasını qəbul edir. Eyni zamanda ədalətin, paklığın, insanlara yaxşılığın və başqa xeyir işlərin yaxşı olmasını anlayır. Bütün bunlar insanın fitrətindədir. Fitrət bəzi pislikləri və yaxşılıqları dərk edir. Fitrət ilahi ilhamdır: “Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrətdi.”[10] Elm: Müxtəlif sahələrdə elmin inkişafı ilə hökmlərin fəlsəfəsi bəyan olunur və bir çox pərdələr aradan götürülür. Məsələn, donuz ətindəki trixin qurdlarının və yaxud spirtli içkilərin insan orqanizminə zərəri kimsəyə sirr deyil. Bunlar donuz əti və şərabın haram olmasının dəlillərindən bir qismi idi. İslam ayaq üstə sidik ifraz etməyi qadağan edir və elm göstərir ki, ayaq üstə sidik ifraz etmək bütün sidiyin xaric olmasına mane olur. Qüslün də səbəbi var. Cənabət halında simpatik sinir sistemi və qan təzyiqi pozulur. Allaha diqqət isə qəflət halını aradan qaldırır. İslam nar çubuğu ilə diş təmizləməyə icazə vermir. Çünki diş əti nar çubuğuna qarşı həssasdır... Bəli, vaciblər, haramlar, müstəhəb işlər, məkruhlar, rəftar, geyim, yemək, yaşayış məsələləri və vasitələri barəsində İslam göstərişləri dəqiq və dərin məna daşıyır. Bütün bunlar barəsində İslam alimləri xeyli kitab yazmışlar. (Məsələn, Şəhid Doktor Paknejadın “Birinci məktəb və sonuncu peyğəmbər” kitabı.) Bizim burada bu mövzu haqda geniş söhbət açmağa imkanımız olma da, lakin ümumi bir nəticə mühüm bir nöqtəni sübut edir: Bütün İslam hökmləri hikmət və fəlsəfə əsasındadır. İstər elm vasitəsi ilə onları tanıyaq, istərsə onların gizli sirlərindən xəbərsiz qalaq! Bütün hallarda bəndəçillik ruhiyyəsi ilahi hökmlərin qəbulunu, onlara əməl etməyi tələb edir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.41-43.) [1] “Ənkəbut” surəsi, ayə 45. [2] “Taha” surəsi, ayə 14. [3] “Rəd” surəsi, ayə 28. [4] “Bəqərə” surəsi, ayə 183. [5] “Həcc” surəsi, ayə 28. [6] “Tövbə” surəsi, ayə 103. [7] “Maidə” surəsi, ayə 91. [8] “Bəqərə” surəsi, ayə 179. [9] “Nəhcül-bəlağə”, Sübhi Saleh, 252-ci hikmət; “Nəhcül-bəlağə”, Feyzül-İslam, 244-cü hikmət. [10] “Şəms” surəsi, ayə 8. (Maide.Az) Oxşar xəbərlər
|