İnsanlar fitrətən pak yaradılıb, yoxsa günahkar?
Əllamə Təbatəbainin nəzərinə görə, fitrət və insan təbiəti ilə bağlı hədislər müxtəlif nəzərlərin meydana gəlməsinə səbəb olmuşdur. O cümlədən:
1. Bəziləri Quran ayələrinə istinad edərək, deyirlər ki, Allah insanı elə əvvəldən səadətli və bədbəxt yaratmışdır. 2. Bəzilərinin nəzərinə görə, insanların bir hissəsi behişt gilindən yaradıldığı üçün behiştə, cəhənnəm gilindən yaradıldığı üçün cəhənnəmə gedəcəkdir. 3. Bəzi hədislər insan fitrətini şirin və bəziləri də acı suya nisbət verirlər. 4. Bəziləri deyir ki, Allah Təala Qiyamət günü pis əməl sahiblərinin yaxşılıqlarını alıb, yaxşı əməl sahiblərinə verəcəkdir. Yaxşı əməl sahiblərinin isə pis əməllərini alıb, pis əməl sahiblərinə verəcəkdir. Mərhum Əllamə Təbatəbai bütün bu nəzərləri bəyan etdikdən sonra, buyurmuşdur: “Əlbəttə, bu mənbələr, insanın zati səadət və xoşbəxtliyini sübut etmir. Çünki əgər belə olsaydı, Allahın ədalətinə zidd olardı. Çünki ağıl bu kimi nəzərlərlə müxalifdir. Ağıl yaxşı bilir ki, yaxşı əməllərin mükafatı yaxşı olmalıdır, pis əməllərin cəzası isə pis olmalıdır. Əgər yuxarıdakı nəzərləri qəbul etsək, o zaman indiyə qədər göndərilən peyğəmbərlərin (ə) risalətini inkar etmiş olarıq. Quran özü də insanın zatı ilə bağlı mövzulara qarşı ciddidir. Onun həmişə pak yaradıldığını bəyan edir. “(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30). “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. (“Şəms” 7-8). Bu ayələrdən göründüyü kimi, hər bir insan pak fitrətə malikdir və pak gildən yaradılmışdır. Allah hər bir insana təqvanı və günahı tanıtmışdır. Bu insandır ki, hansı yolla gedəcəyini özü müəyyən edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|