Qaranlıq və qorxulu səhrada sərgərdan zümrə
Qurani-Kərimin “Bəqərə” surəsinin 19-20-ci ayələrində buyurulur:
أَوْ كَصَیبٍ مِنَ السَّمَاءِ فِیهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ یجْعَلُونَ أَصَابِعَهُمْ فِی آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ وَاللَّهُ مُحِیطٌ بِالْكَافِرِینَ “Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş şəxslərə bənzəyir ki, ildırımın (qorxunc) səsindən öləcəyini güman edərək barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirlərin bütün işlərini biləndir.” یكَادُ الْبَرْقُ یخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِیهِ وَإِذَا أَظْلَمَ عَلَیهِمْ قَامُوا وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَیءٍ قَدِیرٌ “Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görməsini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.” Bu məsəldə bir neçə məsələ diqqəti cəlb edir: 1. Zahirdə İslama iman gətirib, batində isə kafir olan ikiüzlü münafiqlər. 2. Qaranlıq gecədə, geniş səhrada sığınacaq yeri tapmayan insanlar. Onlar səhrada olduqları zaman qulaqbatırıcı ildırım səsi və gözqamaşdırıcı şimşəklə yanaşı şiddətli yağışa düşür və göy gurultusunun qorxusundan əllərini qulaqlarına tıxayırlar ki, bəlkə onun təhlükəsindən amanda qalsınlar. Şimşəyin işıq saldığı zaman bir neçə addım yol getsələr də, işıq söndükdə və qaranlıq çökdükdə sərgərdan vəziyyətdə donub qalırlar. 3. Təşbeh. Təşbehdə birinci zümrə (münafiqlər) ilə şiddətli yağışa düşüb vahiməli göy gurultusu zamanı sərgərdan qalan zümrənin oxşarlığı nəzərdə tutulur. Hər bir məsəldə bu üç məsələ diqqət mərkəzində saxlanmalı və onlara əsasən təfsir edilməlidir. Qeyd edək ki, təfsirçilər hər iki zümrənin oxşar cəhəti barədə iki fərqli nəzər irəli sürmüşlər: 1. Uyğun tətbiq: Uyğun tətbiqdə yağışa düşənlərlə bağlı işlənən bütün ifadələrin münafiqlərin halı ilə uzlaşması zəruridir. Məsələn, birinci qrupla bağlı “şiddətli yağış”, “şimşək”, “ildırım”, “saiqə” və “qaranlıq” ifadələrinin analoqları münafiqlərin həyat tərzində də aydınlaşdırılmalıdır. Məsəlin bu sayaq təhlili bir çox çətinliklər tələb etsə də, iki böyük təfsir alimi – “Məcməül-bəyan”ın (müəllifi: Təbərsi, 471-548 h.q.) və “Alaur-Rəhman” kitabının (Mühəqqiq Bəlaği, 1284-1352 h.q.) müəllifləri bu metodu seçmişlər. (“Məcməül-bəyan”, 1-ci cild, səh.157; “Alaur-Rəhman”, 1-ci cild, səh.74.) 2. Zahiri tətbiq: Burada münafiqlərlə şiddətli yağışa düşən yolçuların arasında ümumi oxşarlıq və hər iki tərəflə bağlı ifadələr yox, iki zahiri və psixoloji halın bir-birinə nisbəti nəzərdə tutulur. Başqa sözlə, ifadələr ifadələrlə yox, zahir batinlə müqayisə edilir. Təfsir alimi Zəməxşəri isə bu metoddan istifadə etmiş və onun daha dəqiq olduğunu bildirmişdir. (“Kəşşaf”, 1-ci cild, səh.162-163.) Bu metod birinciyə nisbət asan və aydın nəzərə çarpır! Zahiri təşbehdə ifadələr uyğunlaşdırılmasa da, hər iki tərəfə oxşar vəziyyət hakim olduğundan bir-birinə bənzədilir. Ayədəki faktorlar münafiqlərin daxili ilə tam uzlaşır; bir tərəfdən İslamın günü-gündən genişlənməsi və müsəlmanların qüdrətlənməsi onları qorxu və vahiməyə salırdısa, digər tərəfdən göy gurultusunun səsindən barmaqlarını qulaqlarına tıxayan yolçular tək, ilahi ayələri eşitməmək üçün əllərindən gələni də əsirgəmirdilər. Bəzən, ilahi ayələri eşidib İslama doğru bir qədəm yaxınlaşırdılarsa, bəzən də çox keçmirdi ki, geri dönərək kafirlərə qoşulurdular. Eynilə şimşək çaxan zaman irəliyə addımlayan, kəsildikdə isə hərəkətdən dayanan yolçu kimi! Demək olar, hər iki qrup vahimə və qorxu içindədir, faydasız zəhmətə düşür və sərgərdandırlar. Başqa bir ayədə onların qorxu və vahimələri barəsində belə buyurulur: یحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَیهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِی قُلُوبِهِمْ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ “Münafiqlər qəlblərində olanı (küfrü və İslam hökumətini devirmək niyyətlərini) üzə çıxaran bir surə nazil olmasından qorxurlar. De: “(Ürəyinizdə İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir.” (“Tövbə” surəsi, ayə 64.) Onlara qarşı sərt mövqe haqda belə məlumat verilir: {لَئِنْ لَمْ ینْتَهِ الْمُنَافِقُونَ وَالَّذِینَ فِی قُلُوبِهِمْ مَرَضٌ وَالْمُرْجِفُونَ فِی الْمَدِینَةِ لَنُغْرِینَّكَ بِهِمْ ثُمَّ لَا یجَاوِرُونَكَ فِیهَا إِلَّا. مَلْعُونِینَ أَینَمَا ثُقِفُوا أُخِذُوا وَقُتِّلُوا تَقْتِیلًا “Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilərlər. (Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə öldürülməlidirlər.” (“Əhzab” surəsi, ayə 60-61; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 2-ci məsəl, səh.22-25.) Tərcümə edən: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|